Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2060/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1996 -ci il tarixdə Qusar rayonu, Atluxan Kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qusar Rayonu, Kuzunqışlaq Ərazi Dairəsi, Atlıxan Kəndi yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Mirsaleh Cavadov 26 may 2025-ci il tarixli qərarından və 11 iyun 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində tanışına məxsus Toyota Prius markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nərimanov rayonu, A.Neymətulla küçəsi ilə üzü FX.Xoyski küçəsi istiqamətində hərkətdə olarkən X3 vurması və sonuncunun xəsarət alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilərək zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı, həmçinin həkim xərclərini ödədiyini bildirərək barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 ifadə verərək hal-hazırda Şəxs şikayətçi olduğunu və barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Zaur Axundov tərəfindən tərtib edilmiş xx.xx.2025-i il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:35-də, KTM-dən həkim Abbasov məlumat verərək bildirdi ki, Nərimanov rayonu F.X.Xoyski küçəsi və Ağa Nemətulla küçəsinin kəsişməsində baş vermiş YNH-si zamanı, xx.xx.1997-ci il təvəllüdlü X5 başın açıq yarası xəsarəti almasını bildirmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/24955 saylı xx.xx.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuş, spritli içki qəbul etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 22 may 2025-ci il tarixli, 128-M nömrəli rəyindən görünür ki, X2 başın açıq yarası, əl barmağının dırnaq lövhəciyinin zədələnməsi-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2025-ci il tarixdə yol nəqiliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 may 2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2060/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2060/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver