Məhkəmə qərarları › İş №3(005)-2065/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2065/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2065/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X1 və Bakı şəhər X16 İdarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2, 511.1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİnin 18-ci Polis Şöbəsindən və Bakı şəhər X16 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 10 iyul 2024-cü il tarixdə İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X5 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 10 iyul 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, vətəndaş X7 polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda İXP seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2 və 511.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan X2 müxtəlif tarixdə törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 10 iyul 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər X16 İdarəsinin nümayəndəsi X8 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 özünü Azərbaycan Respublikası İXM-in 333-1.2, 511.1.1 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərmişdir ki, törətdiyi əməlindən peşmandır. Bir daha bu kimi hallara yol verməyəcəkdir. Bu səbəbdən də barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X9 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman “HYUNDAİ SONATA” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “LADA PRİORA” markalı, **-XO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin bir-biri ilə yürüş edərək mütəmadi qayda pozmasını və digər nəqliyyat vasitələrinə təhlükə yaradaraq hərəkət etdiklərini görmüşlər. Dərhal həmin nəqliyyat vasitələri tərəflərindən saxlanılmış, özlərini təqdim edərək qayda pozuntusu törətdikləri izah edilmişdir. Həmin sürücülərin X7 və X12 olduqları, hər ikisinin anlaqsız və narkotik vasitənin təsiri altında olduqları şübhə doğurmuşdur. Onları Respublika Narkoloji Mərkəzinə dəvət etdikdə tabesizlik göstərmişlər. Bu səbəbdən də digər polis əməkdaşlarının köməyi ilə onları Respublika Narkoloji Mərkəzinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru Tural Həmidov digər şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. xx.xx.2024-cü il tarixli, 1/717 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, X3 narkotik sərxoşluq aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli, AZA seriyalı 004357 nömrəli protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 23:00-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 01 ədəd DVD-R formatlı diskə baxış zamanı aşkar surətdə “HYUNDAİ SONATA” minik markalı və “LADA PRİORA” minik markalı iki mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi müəyyən olundu. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 Azərbaycan Respublikası İXM-nin 333-1.2, 511.1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahid izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-in 333-1.2, 511.1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X2 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X7 polis əməkdaşının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Bütün bunlar məhkəməyə X2 hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 333-1.2 və 511.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-nin 333-1.2, 511.1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin 09 iyul 2024-cü il tarixdən saat 23:00-dan hesablanması məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2, 511.1.1 və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 09 iyul 2024-cü il tarixdən saat 23:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar