Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2069/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis sahə inspektoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-dən daxil olmuş 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitə qəbul etmiş, həmçinin X3 işlədiyi marketdən 343 manat dəyərində yağ məhsulları oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis sahə inspektoru X7 məhkəmə iclasında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X8 16 aprel 2025-ci il tarixdə polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il saat 19:52 radələrində ünvan 2 ünvanında yerləşən “Bravo” mağazasına müştəri kimi daxil olmuş naməlum şəxs tərəfindən vitrindən 343 manat 20 qəpik dəyərində kərə yağlarının oğurlanması barədə məlumat vermiş və hadisənin baş verməsini əks etdirən videomüşahidə kameraları ilə qeydə alınmış görüntüləri də təqdim etmişdir. Faktla bağlı şöbənin baş təhqiqatçısı Emin Səfərov tərəfindən araşdırma aparılaraq naməlum şəxsinin əməlində Azərbaycan Respublikası CM-in 177-ci maddəsində nəzərdə tutulan oğurluq cinayətinin tərkib əlaməti müəyyən olunmadığına görə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilməklə, barəsində İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İctimai-təhlükəsizlik bölməsinə göndərilmişdir. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan inzibati xətanı əvvəllər də oxşar inzibati xətaları törətdiyinə görə bir neçə dəfə inzibati tənbeh tətbiq edilmiş və narkomaniyadan əziyyət çəkən Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Şəxs tüfeyli həyat tərzi keçirdiyinə və narkotik vasitə aludəçisi olduğuna görə onun yerini qısa müddətdə müəyyən etmək mümkün olmamış, yalnız xx.xx.2025-ci il tarixdə saat 20:15 radələrində saxlanılaraq PŞ-nə gətirilmiş və azadlığının məhdudlaşdırıldığı həmin vaxtdan inzibati qaydada tutulmasına dair protokol tərtib edilmişdir. Şəxs şöbəyə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində “Bravo” marketdən kərə yağını oğurladığını etiraf etmişdir. Bundan əlavə Şəxs narkotik vasitə istifadə etməkdə şübhəli olduğuna görə məhkəmə-narkoloji ekspertiza təyin edilmiş və müvafiq rəyə əsasən onun narkotik vasitə və psixotrop maddə istifadə etdiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən narkotik aludəçisi olduğunu, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qeyd olunan inzibati xətaların törədilməsində təqsirli hesab edərək əməllərindən səmimi peşman olduğunu bildirməklə izahatında göstərmişdir ki, bədbəxt insandır, öz həyatını məhv etmişdir. Universitetə 500 baldan yuxarı imtahan nəticəsi ilə daxil olmuşdur, ali təhsillidir. Hazırda isə narkomaniya xəstəsidir, tez-tez ağrıları olur. Heç bir yerdə işləmir, anası Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Razin talkuçkası” adlanan bazarda geyim satmaqla pul qazanır və ailəni zorla dolandırır. Narkotik vasitə əldə etmək üçün pula ehtiyacı olduğuna görə əvvəllər də bir neçə dəfə market və ya mağazalardan oğurluq edib, taladığı əmlakı tanımadığı şəxslərə sataraq əldə etdiyi pulla istifadə etmək üçün narkotik vasitə almışdır. xx.xx.2025-ci il saat 19:50 radələrində ünvan 2 ünvanında yerləşən “Bravo” mağazasına müştəri kimi daxil olmuş, oradan müxtəlif markalı kərə yağlarını götürüb torbaya yığmış və heç kəsin xəbəri olmadan mağazanı tərk etməklə talamışdır. Bu yağların ümumi qiymətinin 343 manat 20 qəpik miqdarında olub-olmamasını deyə bilməz, ancaq 10 paketdən çox kərə yağını torbasına yerləşdirə bilmişdi. Ona görə düşünür ki, mağazaya vurduğu ziyan həmin miqdarda ola bilər. Bunları xatırlamadığı qiymətə tanımadığı şəxsə satıb əldə etdiyi pulla yenə də “kakos” adlan heroin və “patı” adlanan metamfetamin alaraq çəkmə üsulu ilə istifadə etmişdir. Ümumiyyətlə demək olar ki, hər gün, ya da bir neçə gündən bir, yəni tez-tez narkotik vasitə istifadə edir. Narkotik olmayanda ağrılarına dözə bilmir. Şalvarını diz nahiyəsinə qədər qaldırıb, məhkəməyə ayaqlarındakı yaraları göstərərək qeyd etmişdir ki, sutkalıq həbsə gedəcəyi halda öləcəkdir, ona orada heç kəs baxmayacaqdır. Həm də əgər bilsə ki, məhkəmə hər iki maddə üzrə onun işinə xitam verəcək, bu halda zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə X1 RPİ-nin 16-cı PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il saat 19:52 radələrində ünvan 2 ünvanında yerləşən “Bravo” mağazasına müştəri kimi daxil olmuş naməlum şəxs tərəfindən vitrindən 343 manat 20 qəpik dəyərində kərə yağlarının oğurlanması barədə məlumat vermişdir. Məlumat əsasında hadisə yerinə baxış keçirilmiş və hadisənin baş verməsini əks etdirən videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntü araşdırma materialına əlavə olunmuşdur. Talanmış əmlakın dəyəri Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmadığına görə naməlum şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilərək, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 20:15-də inzibati qaydada tutulmuş, 18 iyun 2025-ci il saat 15:50-də azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 18 iyun 2025-ci il tarixli, 3620 nömrəli ekspert rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin, məhkəmə-narkoloji ekspertizasının rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini (əsas EMİS-dən əldə olunan məlumatlar: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1732/2024 nömrəli,xx.xx.2024-cü il tarixli (İXM 227), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4035/2024 nömrəli, xx.xx.2024cü il tarixli (İXM 206, 227), Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7895/2024 saylı, xx.xx.2024-cü il tarixli (İXM 206, 227) və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1557/2025 nömrəli,xx.xx.2025-ci il tarixli (İXM 206, 227) qərarları) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalı, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 iyun 2025-ci il tarixdən saat 20:15-dən hesablanmalı, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 37.1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta üzrə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 iyun 2025-ci il saat 20:15-dən hesablansın. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2069/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2069/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver