Məhkəmə qərarları › İş №3(005)-2070/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2070/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2070/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində aparıcı mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Suraxanı 4-cü məhəllə, fərdi tikili ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadənin 17 iyun 2024-cü il tarixli qərarından və 23 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:55 radələrində özünə məxsus, idarə etdiyi “Toyota Prius” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə hərəkətdə olan zaman piyada qismində yolu keçən piyada X2 vuraraq ona yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, 20 may 2024-cü il tarixdə saat təxminən 17:55 radələrində o özünə məxsus, idarə etdiyi “Toyota Prius” markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobil ilə Gənclik Moll ticarət mərkəzi istiqamətindən F.X.Xoyski küçəsi ilə üzü K.Rəhimov küçəsi ilə olan kəsişməyə doğru sağ tərəfə dönüb saatda 20 km sürətlə hərəkətdə olan zaman qəflətən yolun hərəkət hissəsində sağ tərəfdən sol tərəfə doğru qadın piyadanı görüb əyləci sıxsa da, avtomobilin qabaq hissəsi ilə onu vurmuş və zərbədən həmin qadın piyada yerə yıxılmışdır. Hadisə yerinə YPX əməkdaşı gələrək qadına köməklik edib onu xəstəxanaya aparmışlar. Avtomobilini YPX əməkdaşı sükan arxasına keçib yolun digər tərəfinə sürmüş və o onların yanında olmuşdur. Sonra təhqiqatçı gəlib onu sərxoşluq müayinədən keçirtmiş və sonra polis idarəsində izahatı alınmışdır. Bundan sonra o, Medera hospitalına getmişdir. Orada atası təxminən 600 manat pul ödəmişdir. Hadisə zamanı o avtomobildə tək olmuşdur. Hadisə zamanı xəsarət almamışdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı vətəndaş X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində o, Nərimanov rayonu, K.Rəhimov küçəsi ilə səkidən düşüb əks tərəfə doğru adi yeriqlə hərəkət edərkən avtomobili onu ön orta hissəsi ilə vurmuş və zərbədən yerə yıxılıb xəsarət almışdır. Sonra onu yaxınlıqda olan 6 saylı poliklinikaya aparmışlar. Onun tələbi hadisə nəticəsində ona dəymiş 1500-2000 manat maddi zərəri ödəməsidir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis kapitanı Vüsal Həsənov tərəfindən tərtib edilmiş HK 1№ 592/102-048871/ nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:10-da BDYPİ-nin NH-dən məlumat daxil oldu ki, K.Rəhimov küçəsi, Odlar Yurdunun qraşısında avtomobil piyadanı vurmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 227287 nömrəli, xx.xx.2020cİ il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/27158 saylı xx.xx.2004-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 589 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü X1 bədən səthində aşkar edilmiş xəsarətlər-sol təpə nahiyəsinin şişiknlik halında əzilmiş-cırılmış yarası, sağ diz oynağının, sol baldırını, sağ və sol bazu oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxsnun törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, dəymiş zərəri ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və neteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar