Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2084/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib olunmuş 03 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC-nin vəzifəli şəxsi X1 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-29756/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin vəzifəli şəxsi X1 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin xx.xx.2025ci il tarixli, 3-17-5/2-29756/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi üçün Şəxs MMC-yə göndərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar.haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilat və ya pensiya təyin edən orqana göndərilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarında olan sənədləri, o cümlədən 03 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 08 aprel 2025-ci il tarixli məktubunu hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin fundamental tələbinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün zəruri əlamətlərinin mövcudluğu müəyyən edilməlidir. Məcəllənin 12.1-ci maddəsi inzibati xətanı hüquqazidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edir. Bu o deməkdir ki, inzibati xəta tərkibinin hər hansı bir elementinin – obyekt, obyektiv cəhət, subyekt və ya subyektiv cəhət – olmaması inzibati məsuliyyəti istisna edir. Məhkəmə, İXM-in 75-ci maddəsinin tələblərinə müvafiq olaraq, işə baxarkən inzibati xəta hadisəsinin, onu törətmiş şəxsin və onun təqsirinin olub-olmamasını, habelə icraatı rədd edən halların mövcudluğunu yoxlamağı özünə borc bilir. Hazırkı iş üzrə Şəxs MMC-yə İXM-nin 529.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Həmin normanın dispozisiyasına görə, İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. İXM-in 150.5.1-ci maddəsi, öz növbəsində, vəzifəli şəxsin işlədiyi, oxuduğu və ya əmək haqqı aldığı müəssisə, idarə və ya təşkilatın inzibati cərimə tətbiq etmə haqqında qərarın surətini aldıqdan sonra həmin cəriməni vəzifəli şəxsin əmək haqqından və ya digər gəlirlərindən tutmaq öhdəliyini müəyyən edir. Göründüyü kimi, İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni hüquqazidd əməl, qərarın icrası ilə bağlı tədbirlərin görülməməsində ifadə olunan hərəkətsizlikdir. Bu hərəkətsizliyin hüquqazidd xarakter daşıması üçün isə müvafiq hüquqi faktın, yəni Xidmətin inzibati cərimə tətbiq etmə haqqında qərarın icrasını təmin etmək məqsədilə Şəxs MMC-yə ünvanlanmış məktubunun sonuncuya İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada verilməsi sübuta yetirilməlidir. Məhz bu təqdimetmə faktı hüquqi şəxs üçün qanunla müəyyən edilmiş vəzifəni yaradır və bu vəzifənin icra edilməməsi inzibati xəta tərkibinin yaranmasına səbəb olur. İXM-in 57.1-ci maddəsi imperativ qaydada müəyyən edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlər, o cümlədən icra ilə bağlı məktublar, ünvan sahibinə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən təqdim edilir. Həmin Məcəllənin 57.2-ci və 57.5-ci maddələri isə sənədin məhz ünvan sahibinə və ya müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab olunmasını təsbit edir. Məhkəmə, təqdim edilmiş iş materiallarını tədqiq edərkən müəyyən etdi ki, Xidmət tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsas sübut kimi əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubun Şəxs MMC-yə rəsmi qaydada verilməsini təsdiq edən heç bir sübut – sifarişli poçt göndərişinin qəbzi, çatdırılma haqqında bildiriş və ya sənədin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qəbzi və ya kötüyü – iş materiallarında mövcud deyildir. Protokolu tərtib etmiş orqan belə bir sübutun mövcudluğu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını və şəxsin təqsirini təsdiq edən hər cür faktiki məlumatlar sübutlar hesab olunur. Lakin iş materiallarında "xxxx" MMC-nin üzərinə qanunla müəyyən edilmiş vəzifəni qoyan hüquqi faktın baş verməsini, yəni Xidmətin müvafiq məktubunun rəsmi qaydada təqdim edilməsini təsdiqləyən hər hansı bir sübut yoxdur. Bu isə, İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə istənilən şübhənin onun xeyrinə həll edilməsini tələb edir. Hüquqi vəzifənin yaranmasını təsdiq edən sübutun olmaması, öz növbəsində, bu vəzifənin icra edilməməsindən irəli gələn məsuliyyəti də istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni qanunla müəyyən edilmiş vəzifənin icra edilməməsi (hərəkətsizlik) sübuta yetirilməmişdir. Çünki, hüquqi şəxsə müvafiq sənəd İXM-nin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada rəsmi təqdim edilməyənədək, onun üçün həmin sənəddən irəli gələn hər hansı vəzifə və müvafiq olaraq bu vəzifənin pozulmasına görə məsuliyyət yarana bilməz. Bütün bunlar onu deməyə əsas verir ki, Şəxs MMC-nin əməlində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmçinin, İXM-nin 105.1-ci maddəsinə görə, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da vurğulanmışdır ki, qanunçuluq prinsipi inzibati icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir (məsələn, 28 mart 2023-cü il tarixli Qərar). Səlahiyyətli orqanların prosessual normalara, o cümlədən sənədlərin rəsmi qaydada verilməsi qaydalarına ciddi riayət etməsi, sonradan qəbul ediləcək qərarların qanuniliyinin və əsaslılığının fundamental şərtidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 18, 53.1.2, 105.1, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2084/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2084/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver