Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2085/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-1-ci maddəsi ilə 4 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-96711/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmişdir, ona görə də şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan vəzifəli şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2- 96711/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış tarixsiz, imzasız və nömrəsiz məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şəxs əmək haqqından hər ay 50% olmaqla 1700 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-52770/2025 nömrəli məktubundan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-96711/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsinə görə vəzifəli şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. (Qeyd: xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə qədər İXM-in 38.1-ci maddəsində həmin müddət üç ay, dəyişiklikdən sonra dörd ay müəyyən olunmuşdur.) Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli olduğuna görə İXM-in 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində həmin Məcəllənin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya İXM-in 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəmədikdə onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilməlidir. İş materiallarında belə məzmunlu məktub olsa da, onun tarixi, nömrəsi olmamaqla yanaşı məktubda imza da yoxdur. Həmçinin bu məktubun rəsmi qaydada ünvana çatmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə yalnız inzibati xəta haqqında protokol və DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-52770/2025 nömrəli məktubuna əsasən ehtimal edir ki, sözügedən məktub xx.xx.2024-cü il tarixli 3-17-5/2-96711/2024 nömrəlidir. Belə qənaəti nəzərdən keçirsək əvvəla qeyd edilməlidir ki, bu məktub qanunla müəyyən olunmuş müddətdə vəzifəli şəxsə göndərilməmişdir. xx.xx.2024-cü il tarixli olmasına və müvafiq tədbirlərin görülməsi barədə 7 gün müddətində məlumat verilməsi tələbinə əsasən isə demək olar ki, ən uzaq müddətdə, 2025-ci ilin yanvarının sonunadək inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqana məlumat verilməli idi. Məlumatın verilməməsi halında belə güman edək ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ehtimal olunur. Halbuki DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən inzibati xətanın nə vaxt törədilməsi belə müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 529.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin qanunla dörd ay müəyyən olunmasını nəzərə aldıqda inzibati xəta haqqında protokolun tərtib edildiyi xx.xx.2025-ci il tarixədək beş aydan artıq müddətin keçdiyi müəyyən olunur. Buna görə də Şəxs Əbülfəz oğlu müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu üçün o, Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə bir daha qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta bu Məcəllənin 38.1-ci maddəsində sadalan, törədildiyi gündən ən geci 1 il keçənədək inzibati tənbehin verilməsi mümkün olan inzibati xətalara aid deyildir. Məhz bu səbəbdən müddət keçməsinə baxmayaraq şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Kifayət qədər əsaslandırılan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Şəxs Əbülfəz oğlu barəsində İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2085/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2085/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver