Məhkəmə qərarları › İş №3(005)-2089/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2089/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2089/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X5 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK 1 N-517 / 102-0888/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:45-da, vət: X3 “DİN”-nin 102 XZM-nə məlumat verərək Nərimanov rayonu Montin qəsəbəsi, Landau School -un yaxınlığında piyada olarkən, “Toyota” markalı **-FB-*** dövlət nömrə nişanlı avtomaşının onu vurması nəticəsində xəsarət almasını bildirmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 2/12050 nömrəli, xx.xx.2023-cü il tarixli aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti- yoxdur. Araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, ünvanı dəqiq xatırlamadığı küçədə yerləşən “Araz” supermarketin qarşısında əks tərəfə piyada zolağını keçən zaman dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı avtomobilin sol yan güzgüsü tərəfindən vurulmuş və xəsarət almışdır. Qəzadan sonra sürücü avtomobildən yerə enmiş və ona yaxınlaşaraq kömək edib evinə aparmışdır. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2008ci il buraxılışlı Toyota Prius minik markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ilə A.Çernyaxovski küçəsi istiqamətindən üzü T.Bədəlov küçəsi istiqamətində hərəkət edirdi. Qeyd olunan küçədə yerləşən X2rşısında hərəkət etdiyi yolun sağ kənarında markasını və nömrəsini xatırlamadığı nəqliyyat vasitəsinin dayandığını görüb, həmin avtomobilin yanından rahat şəkildə keçmək üçün sükanı sola tərəf istiqamətləndirib əks hərəkət yoluna daxil olaraq hərəkətini düzünə davam etdirmək istədiyi zaman bir qədər irəlidə bir nəfər qadın piyadanın avtomobil yolunu hərəkət hissəsinin ortası ilə adi piyada addımları ilə arxası ona tərəf hərəkət edərək yolu sağdan sola tərəf keçdiyini görmüş, lakin həmin qadının yanından rahat şəkildə keçəcəyini ehtimal etdiyi üçün hərəkətinə davam etdiyi zaman idarə etdiyi nəqliyyat vasitəsinin sağ yan güzgüsü ilə ehtiyyatsızlıqdan həmin qadını vurmuşdur. Bundan sonra avtomobili saxlayıb yerə enmiş və həmin xanıma yaxınlaşaraq hər hansı bir xəsarət alıb-almadığı barədə soruşaraq xəstəxanaya aparmağını təklif etmişdir. Həmin qadın onu yaşadığı ünvana aparmağını xahiş etdiyindən o, onu yaşadığı ünvana aparmışdır. Ünvanlarında olduqları zaman xanımın oğlu anasını həkimə aparıb müayinə etdirməyini xahiş etdiyindən həmin xanımı, oğlunun iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsi ilə KTM-yə aparmış və həkim müayinələrindən keçirtmişdir. Müayinələr zamanı xanımın ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli, 563 nömrəli rəyindən görünür ki, vət. X1 aşkar edilmiş xəsarətlər- sol dirsək oynağının arxa səthinin qançırı, ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol ayağın İ barmağın yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar