Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2090/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Şikayət vermiş şəxs- X6 iştirakı ilə, X6 Nərimanov rayon DYPŞ-i tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 22.08.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 rayon DYPŞ-i tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 22.08.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 22.08.2021-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində, Əliyar Əliyev küçəsində, yolun sağ hissəsində dayanmış halda olarkən DYP əməkdaşı onun avtomobilinin qarşısında saxlayaraq, özü ona yaxınlaşdı. Özünü təqdim edib, onun içkili olub-olmadığını soruşdu. O da cəmi iki bakal pivə içdiyini, az miqdarda içki qəbul etdiyini bildirmişdir. O, heç bir alkotesterdən istifadə etmədən, onun həqiqətən də içkili olub-olmadığını dəqiqləşdirmədən, ondan DYP avtomobilinə əyləşməsini tələb etmişdir. Sonradan adının Ağaşirin olduğunu bildiyi, DYP əməkdaşına avtomobil ilə hərəkətdə olmadığını, sadəcə yolun qırağında dayandığını bildirsə də, o, buna məhəl qoymamışdır. Təkidlə öz avtomobilinin açarlarını ona verərək, DYP avtomobilinə əyləşməsini tələb etmişdir. O, tabesizlik olmasın deyə, onun dediyinə əməl edib, DYP avtomobilinə əyləşmişdir. Lakin, öz avtomobilinin açarlarını Ağaşirin adlı DYP əməkdaşına yox, onun yanında olan dostuna vermişdir. O, DYP avtomobilinə əyləşdikdə, orada sonradan adının Orxan olduğunu bildiyi DYP əməkdaşı oturmuşdu. O, avtomobilə əyləşdikdən sonra, Orxan adlı DYP əməkdaşı sürməyə başladı, digər DYP əməkdaşı olan Ağaşirin isə dostları ilə birlikdə onun avtomobilinin yanında qaldılar. Yolda hərəkət etməyə başladıqdan sonra Orxan adlı DYP əməkdaşı ona bu məsələnin 2 cür həll oluna biləcəyini dedi. Bildirdi ki, ya gedib həkim müayinəsindən keçməlidir, ya da məsələni yerindəcə həll etmək olar. O, ona, dəfələrlə cəmi 2 bakal pivə içdiyini, yoxlasalar heç 0,3 promil çıxmayacağını, həmçinin ona hərəkətdə olarkən yox, avtomobil ilə yolun kənarında duran zaman yaxınlaşdıqlarını bildirsə də, Orxan adlı DYP əməkdaşı bunların heç bir əhəmiyyətinin olmadığını dedi. O, əlacsız qalıb, ondan məsələnin yerində həll edilməyini istədiyini demişdir. O, isə əvvəlcə 400 manat pul istədi. O, o qədər pulunun olmadığını, yalnız 200 manata gücünün çatdığını bildirdi. Bir qədər getdikdən sonra, o, razılaşdı, amma akt yazacağını, onun da həmin aktı imza edərək, guya alkotesterin nəticəsi ilə razı olduğunu, həkimə getmək istəmədiyini qeyd etməli olduğunu bildirdi. Həmin aktı ehtiyat üçün özündə saxlayacağını, heç bir yerə təqdim etməyəcəyini, 200 manatı aldıqdan sonra onun sənədlərini verərək, onu buraxacağını bildirdi. O da onunla razılaşmışdır. Daha sonra o, ona bir akt təqdim edərək, aşağı hissəsində öz xətti ilə “alkotesterin nəticəsi ilə razıyam, həkimə getməyə ehtiyacım yoxdur” sözlərini yazmağı tələb etdi. O da onun dediyi kimi yazıb, imza etmiş və aktı özünə vermişdir. O, aktı alıb avtomobilin günlük hissəsinə qoydu, bundan sonra geriyə dönərək onun avtomobilinin yanına doğru getməyə başladılar. Yolda o, digər DYP əməkdaşı Ağaşirin ilə telefonda danışdı. Onlar onun avtomobilinin olduğu yerə çatdıqda, Orxan ona məsələdən inzibatçının artıq xəbər tutduğunu, bu məsələnin mütləq sənədləşdirilməli olduğunu bildirərək, bir az öncə danışdıqları məsələnin artıq baş tutmayacağını bildirdi. O ona narazılığını bildirmiş, bir daha içkili olmadığını, həmçinin hərəkətdə olmadığını desə də, onlar onun akta imza etdiyini və artıq məsələnin bitdiyini dedilər. Sonra da, onlar ona köməklik üçün avtomobili duracağa yerləşdirməyəcəyini, yaşadığı evin həyətində qoyacaqlarını bildirdi. Bundan sonra, Ağaşirin adlı DYP əməkdaşı onun avtomobilini sürərək, yaşadığı evin həyətinə gətirdi. Onlar, sənədlərin onların özündə qalacağını bildirərək, sabah Nərimanov RPİ-ni 6-cı otağa, Sənan adlı əməkdaşa yaxınlaşıb həll etməli olduğunu dedilər. O, onların onu aldatdığını, faktiki olaraq çox az içki içdiyi halda, ona aktda imza etdirdiklərini anlamışdır. Bunda sonra, özü dərhal Respublika Narkoloji Mərkəzinə gedərək, sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmişdir. Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş akta əsasən onun həmin vaxt 0,109% təşkil etmişdir. 23.08.2021-ci il tarixdə X14 Şöbəsinə yaxınlaşıb, Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş müayinə aktını təqdim edib, dünən az içkili olduğunu bildirsə də, buna əhəmiyyət verməmişlər və ona TP4557723 nömrəli inzibati tənbeh vermə haqqında qərar və digər sənədlərini təqdim etmişlər. Qeyd edilən qərardan “902” qaynar xəttinə zəng vuraraq şikayətini bildirmişdir. Şikayəti nəticəsində ona Azərbaycan Respublikası DİN Başı şəhər Baş Polis İdarəsi X15 İdarəsi tərəfindən cavab məktubu verilərək, guya araşdırma aparıldığı, araşdırma nəticəsində, DYP əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi halının təsdiqlənməməsi, barəsində qərar qəbul olunması, onun nəqliyyat vasitəsinin idarə edilməsindən qanuni əsaslarla kənarlaşdırılıb, avtomobilinin mühafizə olunana duracağa yerləşdirilməsi və saxlanılması zərurəti aradan qalxdıqdan sonra buraxılması müəyyən edildiyi qeyd edilmişdir. Qeyd edilən DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən verilən cavab məktubunu mən, 16.09.2021-ci ildə Badamdar qəsəbəsində yerləşən DYPİ-nin inzibati binasında imza edərək rəsmi qəbul etmişəm. Alkoqol sərxoşluğu dedikdə, qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması başa düşülür. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Hazırki şikayətə əlavə edilən, Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 2/24071 saylı, 22.08.2021-ci il tarixli akta əsasən onun həmin vaxt 0,109% təşkil etmişdir. Əlavə olaraq bildirir ki, DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən araşdırma düzgün aparılmamışdır. Verilmiş cavab məktubundan da görünür ki, həmin məktubda guya “mənim nəqliyyat vasitəsinin idarə edilməsindən qanuni əsaslarla kənarlaşdırılıb, avtomobilimin mühafizə olunana duracağa yerləşdirilməsi və saxlanılması zərurəti aradan qalxdıqdan sonra buraxılması” qeyd edilir. Lakin, onun avtomobili ümumiyyətlə duracağa yerləşdirilməyib, Ağaşirin adlı DYP əməkdaşı avtomobilini sürərək yaşadığı mənzilin qarşısında gətirib, orada saxlamışdır. Bundan başqa, araşdırma zamanı DYPİ tərəfindən onun iştirakı ilə sənədlərə baxış keçirildi. Həmin sənədlərdə guya onun alkotesterdən keçirildiyi və alkotesterin nəticəsinin 0,430 olduğunu qeyd edən aktı göstərdi. O, orada da bildirmişdir ki, o, DYP əməkdaşları tərəfindən heç bir testdən keçirilməyib. Həmin sənədin imza yerinə nəzər saldıqda, soyadın başqa bir soyad yazıldığını və orada çəkilən imzanın isə ümumiyyətlə ona aid olmadığını görmüşdür. O, DYPİ əməkdaşına bu barədə məlumat vermiş və imzanın saxtalaşdırıldığını bildirmişdir. Həmin əməkdaş isə bu barədə tədbir görəcəklərini saxtalaşdıran şəxslərin cəzalanacağını qeyd etdi. Həmçinin, o, araşdırma zamanı söylədiklərinin həqiqət olduğunun yoxlanılması məqsədi ilə DYP avtomobilində, eləcə də DYP əməkdaşlarının özlərində olan audio və video yazılarının təqdim edilməsini, həmin audio və video yazılara baxış keçirilməsini xahiş etmişdir. Lakin, həmin əməkdaş ona audio və video yazıların hal-hazırda onlarda olmadığını, Ağaşirin və Orxan adlı DYP əməkdaşlarını çağırıb onlardan həmin audio və video yazını tələb edəcəklərini bildirdi. Lakin, sonradan ona araşdırmanın nəticəsi barədə yuxarıda qeyd edilən məktubu verdilər. Məlum olur ki, DYPİ tərəfindən natamam araşdırma aparılmışdır. O, hal-hazırda məhkəmədən xahiş edir ki, Nərimanov DYPŞ-dən inzibati icraat materialları tələb edilsin. Həmin materiallarda olan alkotesterin nəticəsi və onun imza yerində kimin imza etməsi müəyyənləşdirilsin. Onun adından imzanı çəkərək, saxtalaşdıran şəxs müəyyən edilərək barəsində tədbir görülsün. Bundan əlavə, işin faktiki hallan ilə bağlı qeyd etdiyim məsələlərin həqiqətə uyğun olub-olmadığını yoxlamaq məqsədi ilə məhkəmə DYP əməkdaşlarından həmin audio və video yazıları tələb etsin. Azərbaycan Respublikası İXMnin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Qanunun sözügedən konkret tələbinə baxmayaraq, DYP əməkdaşı mən razılaşmadığı halda, onu aldadaraq akta imza etdirmişdir. Daha sonra Nərimanov RPİ-nin yol polisi şöbəsində o, həmin inzibati tənbeh ilə razılaşmadığı halda TP4557723 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət vermiş şəxs X11 məhkəmə iclasında vermiş olduğu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Nərimanov rayon DYPŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 22 avqust 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 22 avqust 2021-ci il tarixdə saat 21:30da “Hyundai” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, o avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 22 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X11 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətində olmuş, həmçinin X5 içki qəbul etdiyini etiraf etmiş, həkimə ehtiyacı yoxdur və alkotesterin göstəricisi ilə razıdır. X7 alkoqolun miqdarı 4,177 faiz olmuşdur. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Nərimanov rayon DYPŞ-i tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 22.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 22.08.2021-ci il tarixdə Hyundai Sonata minik markalı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22.08.2021-ci il tarixli aktdan görünür ki, X7 zəif dərəcədə ağzından alkoqol iyi gəlir, sərxoşluğun qalıq əlaməti var. Alkoqolun miqdarı 0,109 faizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir Məhkəmə iclasında müəyyən edildi ki, X11 22 avqust 2021-ci il tarixdə saat 21:30-da “Hyundai” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından düzgün istifadə etmədiyinə və nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və bu barədə 22 avqust 2021-ci il tarixli protokol tərtib olunmuşdur. X2 spirtli içki qəbul etdiyini etiraf etmiş, həkimə ehtiyacı olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu bildirmişdir. X7 alkoqolun miqdarı 4,177 faiz, yəni qanunvericiliyin müəyyən etdiyi sərxoş vəziyyətdə olması hesab edilməsinə əsas verən ölçüdən artıq olmuşdur. Məhkəmə, X6 təqdim etdiyi 2/24071 nömrəli, 22 avqust 2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunun surətinə münasibətdə qeyd edir ki, həmin sənəd onun 22 avqust 2021-ci il tarixdə saat 23:50-də sərxoşluq vəziyyətində olmamasını (alkoqolun miqdarı 0,109 %) təsdiq etsə də, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, X11 onun sərxoşluq vəziyyətinin xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etməmiş və protokola spirtli içki qəbul etməsi ilə bağlı müvafiq qeyd etmişdir. Bütün qeyd edilənlərdən sonra onun 02 saat 20 dəqiqə sonra tibbi müayinə olunaraq sərxoş vəziyyətdə olmaması barədə sənəd əldə etməsi onun 22 avqust 2021- ci il tarixdə saat 21:30-da sərxoş olması faktını təkzib edə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Nərimanov rayon DYPŞ-i tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 22.08.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2090/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2090/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver