Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2093/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-102/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 01 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-102/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə Şəxs öhdəliyi təmin etməmişdir. Şəxs icra məmurunun qanuni tələlərini yerinə yetirməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə, tələbkarlara və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* №-li inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs MMC-dən 07 yanvar 2014-cü il tarixli 538 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borc qismində ƏDV daxil 186.035,26 manat (yüz səksən altı min otuz beş manat iyirmi altı qəpik) məbləğdə pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, tələbkar “X4” MMC-yə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-102/2018-010 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxsndən 760282,69 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxsnə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron İcra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman bank hesablarının olması müəyyən edilmiş, inkasso sərəncamları qoyulmuş, lakin borcluya məxsus bank hesablarında nağd pul vəsaiti olmadığı üçün inkasso sərəncamları icra olunmadan geri qaytarılmış, həmçinin borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamarmşdır. Məlum icra sənədi üzrə borclu Şəxs yaranmış borcu 946347,9 manat təşkil edir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-371/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs MMC-dən 07 yanvar 2014-cü il tarixli 538 nömrəli alqı- satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borc qismində ƏDV daxil 186.035,26 manat (yüz səksən altı min otuz beş manat iyirmi altı qəpik) məbləğdə pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı “X4” MMC-yə ödənilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-102/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iddia tələbi təmin olunmuş, Şəxs MMC (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında bağlanmış 01 may 2014-cü il tarixdə PM/07 nömrəli tikinti üçün podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlər üçün tərəflərin qarşılıqlı təsdiqlədiyi İcra aktlarına və üzləşmə aktına əsasən ödənilməmiş ƏDV xaric 644,307.36 (altı yüz qırx dörd min üç yüz yeddi manat, otuz altı qəpik) manat (ƏDV daxil 760,282.69 manat (yeddi yüz altmış min iki yüz səksən iki manat altmış doqquz qəpik) məbləğində qalıq muzd cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 07 sentyabr 2021-ci il tarixli, 05 noyabr 2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarların və müvafiq bildirişlərin surətindən görünür ki, borclu Şəxs MMC-yə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2093/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2093/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver