Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2095/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı 08640477 nömrəli, 03.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 03.02.2021-ci il tarixdə saat 12:00 radələrində “VTB” Bankın Gənclik filialında bank əməliyyatı yerinə yetirib bankı tərk etmişdir. Öz avtomobilinə doğru hərəkət edərkən üzündə olan maskanı aşağı endirib qida qəbul etmiş və yenidən maskasını burnunun üzərinə qaldırmışdır. Bu anda polis əməkdaşı onunla üzbəüz dayanaraq ona maskadan istifadə etməməsi barədə irad bildirmişdir. O, polis əməkdaşına maskanın üzündə olduğunu və qida qəbulu üçün aşağı endirdiyini bildirmiş, lakin iradlarına məhəl qoymayaraq ona İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 (yüz) manat miqdarında cərimə protokolu tətbiq etmişdir. Polis əməkdaşı ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş və o, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Protokol tərtib olandan sonra polis əməkdaşına protokoldan narazı olduğunu və iradlarını yaza biləcəyi yeri ona göstərməsini xahiş etmişdir, lakin polis əməkdaşı ona kobudcasına “İmzalıyırsan imzala, yoxsa səni polis bölməsinə aparacam” deyə səsini yüksəltmişdir. Şikayət edəcəyini bildirərək polis əməkdaşlarından protokolun bir nüsxəsini götürüb hadisə yerindən aralanmışdır. 03.02.2021-ci il tarixdə “Asanpay.az” elektron portalında şəxsi kabinetinə yerləşdirilən məlumatdan ona məlum olmuşdur ki, həmin tarixdə barəsində AR İXM-nin 211-ci maddəsi ilə 100 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. Elə həmin sayt üzərindən 12.02.2021-ci il tarixdə qərarla razılaşmayaraq, ona həmin qərarın surətinin verilməsi barədə müraciət etsə də, heç bir geri dönüş almamışdır. Yenidən 28.02.2021-ci il tarixində şikayətini bildirmiş, lakin yenə də şikayətinə baxılmamış, yalnız 16.08.2021-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra şöbəsindən qərar və bildirişi əldə etmişdir. Hesab edir ki, AR İXM-nin 211-ci maddəsi ilə barəsində çıxarılmış 03.02.2021-ci il tarixli MN № ******* nömrəli qərar əsassız olduğundan və tərəfindən həmin maddənin, tələbləri pozulmadığından, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar ləğv edilməklə, inzibati xəta törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-nin 211-ci maddəsinin dıspozisiyasına görə, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan İki min manatadək məbləğdə cərimə edilir, yaxud İşin hallarına görə, xətam törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Koronavirus (Covİd-19) infeksiyasinin Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" 19.11.2020-cı il tarixli Qərarda 2020-cİ il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. Yuxanda qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi açıq və qapalı məkanlarda maskadan istifadə etmiş və qayda pozuntusuna yol verməmişdir . Yəni, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, xüsusi karantin rejimi müddətində fəaliyyətinə və hərəkətinə yol verilən şəxs olmuş və tərəfindən AR İXM-nin 211-ci maddəsinin dıspozisiyasında nəzərdə tutulan tələblər pozulmamışdır. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək Bakı Şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı 08640477 nömrəli, 03.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin MN seriyalı 08640477 nömrəli, 03.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Belə ki, X6 03.02.2021-ci il tarixdə karantin rejimi qaydalarını pozmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında AR Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı 08640477 nömrəli, 03.02.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2095/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2095/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver