Məhkəmə qərarları › İş №3(005)-2096/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2096/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2096/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 21 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 nömrəli, 30.05.2017-ci il tarixli və 2(005)-3639/2020 nömrəli, 30.10.2020-ci il tarixli icra sənədləri üzrə yaranmış 7360 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 21 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3639/2020 nömrəli, 30.10.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs İldirim oğlundan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 nömrəli, 30.05.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs İldirim oğlundan Banu Əliyevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat sabit pul məbləğində aliment, həmçinin uşaq üç yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 nömrəli, 30.05.2017-ci il tarixli icra sənədi 07.06.2017-ci ildə daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3639/2020 nömrəli, 30.10.2020-ci il tarixli icra sənədi 08.12.2020-ci ildə daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 nömrəli, 30.05.2017-ci il tarixli qətnaməsində olan yanlışlıq aradan qaldırılmış və alimentin tutulma vaxtı 27.01.2017-ci il tarixdən hesablanmışdır. Borclu Şəxs 31.05.2021-ci il tarixdə şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlərlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak və nağd pul vəsaiti aşkar edilməmişdir. Məlum icra vərəqələri üzrə borclu Şəxs yaranmış aliment öhdəliyi 7360 (yeddi min üç yüz altmış) manat təşkil etmiş, həmin vəsaitdən borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Daha sonrakı mərhələdə borclu şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, üzərinə düşən öhdəliyin məsuliyyətini və uşağı saxlamağın onun vəzifəsi olduğunu başa düşür. Lakin, tələbkarla 4 il əvvəl aralarında olan şifahi razılığa görə bəzi səbəblərdən alimenti ödəməmək barədə anlaşmışlar. Borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında Şəxs birgə nikahlarından olan uşaqlarının saxlanılması barədə icra sənədlərini qərəzli olaraq icra etmədiyini göstərərək buna görə də qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 nömrəli, 30.05.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 22 iyul 2015-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment və 22 iyul 2015-cı il təvəllüdlü X5 doğulduğu vaxtdan 3 il ərzində, yəni 22 iyul 2018-ci il tarixə kimi hər ay 50 (əlli) manat tutulub X6 verilməlidir. Alimentin və əlavə xərcin tutulma vaxtı 27.01.2015-ci il tarixdən hesablanmalıdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 nömrəli, 05.05.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(005)-1565/2017 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış və alimentin tutulma vaxtının “27 yanvar 2017-ci il tarixdən hesablanması” kimi oxunması qərara alınmışdır; “İcraata başlamaq haqqında” 173272/17 nömrəli, 07 iyun 2017-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 17/69 № 173272-7 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 nömrəli, 30.05.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3639/2020 nömrəli, 30.10.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1565/2017 saylı, 30.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 22.07.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində aliment X4 ödənilməlidir; “İcraata başlamaq haqqında” 08 dekabr 2020-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında e217682/2020-15-2-004 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3639/2020 nömrəli, 30.10.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Şəxs icra şöbəsində yazdığı 03 iyun 2021-ci il tarixli izahatdan görünür ki, o, boşandığı gündən, yəni yanvar ayının 17-də Kübra xanımın ağsaqqalları ilə öz aralarında razılıq bağlamışlar. Yəni, qadın etdiyi xəyanətə görə aliment tələb etməməliydi. 4 il müddətində də bu razılığa riayət olunub; 06 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs aliment borcunun 7360 manat təşkil etdiyini, icra sənədlərinin icrasını təmin etmədiyi halda Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi xətanı etiraf etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini, icra edilməyən öhdəliyin azyaşlı uşağın mənafeyi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar