Məhkəmə qərarları › İş №3(005)-2098/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2098/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2098/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 21 sentyabr 2021-ci il tarixdə DYP Xidmətinin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında göstərdi ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə 21 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol onun tərəfindən şöbə rəhbərliyinə ünvanlanan rapotlar əsasında tərtib edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, hadisə yerində olmamışdır, bu səbəbdən də hadisənin təfərrüatı barədə məlumatlı deyil. Həmçinin, hadisə yerində olmuş şahidlərin məhkəmə iclasında iştirakını təmin edə bilmir. Bundan başqa hadisənin video görüntüləri də mövcud deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 21.09.2021-ci il tarixdə işlədiyi şirkətin sürücüsü ona zəng edərək bildirmişdir ki, DYP əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini tərəziyə apararaq çəkisini ölçmüşdür və artıq yükə görə nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəyirlər. Həmçinin, sürücü ona bildirmişdir ki, polis əməkdaşları tərəzinin sertifikatını təqdim etməkdən imtina edirlər. Bu cür hallarla rastlaşmamaq üçün onlar şirkət olaraq özlərinə məxsus nəqliyyat vasitələrini hər gün yüklə birlikdə tərəzidə ölçərək istifadəsinə icazə verirlər. Sözügedən nəqliyyat vasitəsi də onun işlədiyi şirkət tərəfindən çəkilmiş və çəkisi standartlara uyğun olduğundan istifadəsinə icazə verilmişdir. O, məsələyə aydınlıq gətirmək üçün cərimə meydançasına getmiş və DYP əməkdaşlarına iradını bildirmişdir. O, DYP əməkdaşlarına hərəkətlərinin qeyri-qanuni olduğunu, tələblərinin İXM-in 96-cı maddəsinə uyğun olmadığını bildirmiş və ölçmə apardıqları tərəzinin sertifikatını tələb etmişdir. Daha sonra ona avtomobildə konstruktiv dəyişiklik olduğu bildirilmiş, lakin o, buna etiraz etmişdir. DYP əməkdaşı ona “mənə ağıl öyrətmə, ağıl öyrədə bilməzsən” demişdir. O, isə qanunu bilməyən hər bir şəxsə bunu edə biləcəyini demiş və onlardan qanuna riayət etməyi tələb etmişdir. Polis əməkdaşı ona qarşı söyüş söymüş, o da söyüşün cavabını vermişdir. Özünü təqsirli bilmir. Belə ki, onun tərəfindən polisin hər hansı qanuni tələbinə tabe olmamaq kimi hərəkətlərə yol verilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXA-nın inspektorları M.M.Ağayev və V.Y.Qiyasov tərəfindən 17-ci PŞ-nin rəhbərliyə ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, 21 sentyabr 2021-ci il tarixində ərazidə xidmətdə olarkən saat 11:00 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospektində “Hyundai” servisin qarşısında “İsuzu” markalı, 90JM353 dövlət qeydiyyat nişanlı yük avtomobilində konstruksiya dəyişikliyi edildiyi üçün tərəflərindən saxla əmri verilmiş və avtomobil saxlanılmışdır. Yaxınlaşıb sürücüyə özlərini təqdim edərək sənədlərini tələb etmişlər. Sürücü özünü avtomobil üzrə şirkətin səlahiyyətli şəxsi kimi təqdim edərək işlərinə müdaxilə etmişdir. Həmin şəxsi sakitləşdirmək istəsələr də, həmin şəxs əvvəlcə onların, sonra isə bütün polis əməkdaşlarının ünvanına söyüş söymüş, polisin cəmiyyətdə nüfuzunu, eləcə də onların şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra köməyə naryad çağırmışlar. Qeyd olunanları nəzərə alaraq qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; ƏÇPA-nın 1-ci PB-nin polis nəfərləri Rəşid Taibov, Elnur Nuriyev, İsgəndər İsgəndərov tərəfindən 17-ci PŞ-nin rəhbərliyə ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, 21.09.2021-ci il tarixli saat təxminən 11:20 radələrində AP-2414 çağırışlı avtopatrulla Z.Bünyadov prospektində xidmətdə olarkən **-YP-*** çağırışlı yol patrul xidmətinin inspektorunun onlara saxla işarəsi verərək bir nəfər şəxsin onun işinə müdaxilə edərək polisin ünvanına nalayiq söyüşlərdən istifadə edərək xidməti vəzifəsini yerinə yetirməyə mane olduğunu bildirmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi 17-ci PŞ-yə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs hadisənin təfərrüatı barədə məlumatı olmadığını, həmçinin hadisə barədə məhkəməyə izahat verə biləcək şəxslərin şahid qismində iştirakını təmin edə bilməyəcəyini, həmçinin hadisənin video görüntülərinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında həmin protokolu 17-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanan rapotlar əsasında tərtib etdiyini göstərsə də, Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXA-nın inspektorları M.M.Ağayev və V.Y.Qiyasov və ƏÇPA-nın 1-ci PB-nin polis nəfərləri Rəşid Taibov, Elnur Nuriyev, İsgəndər İsgəndərov tərəfindən 17-ci PŞ-nin rəhbərliyə ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli raportlardan da Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə DYP əməkdaşı tərəfindən söyüldüyünü və ona bunun müqabilində qarşılıq verdiyini bildirmişdir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; - inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; - inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; - inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; - işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Şəxsin inzibati xətanı törətməsini sübut etmə yükü inzibati orqanın üzərinə düşdüyünü nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta hadisəsi barədə məlumatı olmadığını, hadisə zamanı iştirak etmiş şəxslərin şahid qismində iştirakını təmin edə bilməyəcəyini, hadisənin video görüntülərinin olmadığı bildirmişdir. Yəni, məhkəməyə Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin olmasını təsdiq edə biləcək hər hansı bir sübut (şahid izahatı, hadisə yerinin video görüntüləri və s.) təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-in 8.1-ci maddəsi). Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs 21.09.2021-ci il tarixdə DYP əməkdaşının nalayiq ifadələrinə qarşılıq verməsi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Yəni, tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından Şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkilna məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 21 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar