Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2098/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 oglunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ayıq sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN№1425416 saylı 15 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 iyul 2022-ci il tarixdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində saat 21:30-da Nərimanov RPİ-nin YPX polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 izahatında göstərdi ki, 14 iyul 2022-ci il tarixdə Şəxs Y.V.Çəmənzəminli küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün 17-ci PB-yə gətirilmişdir. Şəxsiyyəti müəyyən edilən Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ayıq sürücü işləyir. Ona cərimə yazımasından qorxub sənədini təqdim etməmişdir, etdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin YPX-nin inspektoru tərəfindən Nərimanov RPİ-ni 17-ci Polis Şöbəsinin rəisi polis polkovnik cənab Azər Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Çəmənzəminli küçəsində xidmət apararkən ** GP *** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozduğu üçün tərəfindən işarə verilərək saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və qayda pozuntusunu izah etmişdir. Sürücü qayda pozuntusunu inkar edib və özünü təqdim etməyib nalayiq ifadələr işlədərək həmin yerdən qaçmağa cəhd göstərmişdir. Efir vasitəsilə PPX köməyə çağırmış, həmin şəxs onlara əl-qol ataraq yayınmağa çalışmışdır. PPX-nin köməyilə şəxsi 17-ci Polis Şöbəsinə təqdim etmişlər. Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Nərimanov RPİ-ni 17-ci Polis Şöbəsinin rəisi polis polkovnik cənab Azər Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21:30 radələrində xidmətdə olarkən efir vasitəsilə Samur 266 çağırılışlı YPX-a köməyə ehtiyacı olduğunu demişdir. Onlar Y.V.Çəmənzəminli ünvanına yaxınlaşaraq YPX əməkdaşlarına köməklik edərək 1 nəfər şəxsi Samur 2-ə gətirib təhvil vermişlər. Həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:40-da inzibati qaydada tutulmuşdur; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs sərxoş halda əsassız olaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Yəni, Şəxs müqavimət göstərməklə polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, onun bir gün həbsdə saxlanılması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2098/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2098/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver