Məhkəmə qərarları › İş №3(005)-2099/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2099/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2099/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayətçi- X3 iştirakı ilə, X3 Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02 mart 2024-cii il tarixdə saat 22 radələrində “Volkswagen Passat” markalı, **-MP-*** d.q.n. avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə yolun ən kənar sağ zolaqla hərəkət edərkən sol zolaqla yüksək surətlə hərəkət etmiş digər nəqliyyat vasitəsi qəfil zolağına daxil olub qarşısından sağa sərt dönmə etdikdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə Nərimanov rayon DYPŞ-nin əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar, daha sonra təhqiqatçı inzibati xəta işi açmış, təhqiqat aparmışdır. Avtomobilinə külli miqdarda ziyan vurulmuş və onun təmiri mümkün olmadığından onu “ikinci əl hissələr”in satışı ilə məşğul olan şəxslərə cüzi məbləğ qarşılığında təhvil vermişdir. Sonradan məlum olmuşdur ki, Nərimanov DYPŞ hər ikisi təqsirli olması barədə inzibati protokol tərtib etmiş və inzibati qərarlar çıxarmışdır. Daha sonra Nərimanov DYPŞ-nin sığorta şirkətinə göndərdiyi sənədlər əsasında icbari sığorta 5000 (beş min) manat sığorta məbləğini avtomobillərin sürücüləri arasında bərabər bölünməsi qeyd edilmişdir. Lakin, Nərimaniov rayon DYPŞ tərəfindən 05 iyun 2024-cü il tarixli inzibati xəta protokolun surəti, eləcə də 05 iyun 2024-cü il tarixli inzibati qərar bir il keçsə də ona rəsmi verilməmiş, eyni zamanda qeydiyyatda olduğu ünvana poçtla göndərilmədiyindən ondan şikayət vermə hüququm pozulmuşdur. Nərimanov RPİ-nə 2025-ci ilin may ayında ərizə ilə rəsmi müraciət etdikdən sonra həmin inzibati qərarı il iyun 2025-ci il tarixdə əldə edib hazırda məhkəməyə şikayət verməli olmuşdur. Hadisənin videogörüntüsündən məlum olur ki, İXM-nin 327.1 maddəsi ilə yol nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilmiş, tərəfindən heç bir xəta törədilməmişdir. Belə olan halda barəsində tərtib edilmiş inzibati protokol və çıxarılmış inzibati qərar əsassız və qanunsuzdur. Hər hansı inzibati xəta törətmədiyindən və digər sürücünün təqsirindən avtomobili yararsız vəziyyətə düşdüyündən sığorta məbləği bütövlükdə ona ödənilməlidir. Tərəfindən hər hansı inzibati xəta törədilmədiyindən hazırkı şikayət təmin edilməli, Nərimanov rayon DYPŞ-nin barəsində İXM-nin 327.1 -ci maddəsi ilə tərtib etdiyi İXP6308010 saylı, 05 iyun 2024-cü il tarixli inzibati xəta protokolu əsasında çıxarılmış TP6530657 saylı, 05 iyun 2024-cü il tarixli inzibati qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Nərimanov Rayon DYPŞ -nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 manat miqdarında cərimə edilmişdir. Qərarların məzmunudan görünür ki, sürücü X4 xx.xx.2025-ci il tarixdə saat 22:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Volkswagen Passat” minik markalı **-MP-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Nərimanov Rayon DYPŞ -yə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.1 maddəsinə əsasən -Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X3 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Nərimanov Rayon DYPŞ -yə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Nərimanov Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Nərimanov Rayon DYPŞ -yə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar