Məhkəmə qərarları › İş №3(005)-2100/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2100/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2100/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində İXM-in 233.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 14 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən son hədlərinin normativlərinin ünvan 1 ünvanda 09.10.2020-ci il tarixdə Şəxs MMC tərəfindən pozulması faktı aşkar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2400/2020 nömrəli, 13.11.2020-ci il tarixli qərarı ilə Şəxs İXM-in 233.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10.000 (on min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.09.2021-ci il tarixli 3(103)-31/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli 3(005)-2400/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 Şəxs MMC barəsində tərtib edilmiş protokola etiraz edərək izahatında göstərdi ki, işdə adı çəkilən ATT2592 cihazının istifadə üzrə rəhbərliyində həmin cihazın izotrop (istiqamətlənməmiş) ölçmə üçün yararlı olduğu qeyd edilmişdir. Yəni, bu cihaz konkret sahədə elektromaqnit fonunu və ölçmə aparılan tezliyi ayırmaq və məhz bu tezlik üzrə ölçmə aparmaq üzrə texniki imkanlara malik deyil. ATT2592 cihazının istehsalı və satışı ilə məşğul olan şirkətin mühəndisi ilə cihazın xüsusiyyətləri ilə bağlı email yazışması aparılmışdır. Həmin yazışmadan göründüyü kimi, cihazın istehsalı və satışı ilə məşğul olan şirkətin mühəndisi bu cihazın spektr analizatoru olmadığını və ofisdə sadə ölçmələrin aparılması üçün nəzərdə tutulduğunu qeyd etmişdir. Adı çəkilən rəhbərlik və yazışmalar məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, AMEA Fizika institutunun 07 mart 2021-ci il tarixli 029-08/69 saylı məktubunda da ATT2592 cihazının istifadə üzrə rəhbərliyi təhlil olunaraq izotrop metodun anlayışı verilir. İzotrop metod məhdud fəzanın müxtəlif nöqtələrində cihaz tərəfindən müxtəlif mənbələrdən olan şüalanmanın intensivliyini cəm şəkildə qeydə alınmasıdır. ATT2592 cihazının müxtəlif mənbələrdə olan şüalanmanın intensivliyini cəm şəkildə qeydə alması 10 avqust 2021-ci il tarixli 10/1967 saylı ekspert rəyinin 6-cı səhifəsində də qeyd edildiyi kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 direktor müavini X3 da bildirdi ki, onlar tərəfindən aparılmış monitorinq zamanı mübahisəli ötürücü-qəbuledici qurğuları bir neçə təşkilata məxsus olduğundan onların ayrı-ayrılıqda ölçməsi mümkün olmamış və buna görə həmin ünvanda çöldə ötürücü - qəbuledici qurğuların elektromaqnit dalğalarının səviyyələri (enerji selinin sıxlığı) ümumi fonu kimi ölçülmüş və həmin fonun normadan artıq olduğu qeydə alınmışdır. Göründüyü kimi, monitorinqi həyata keçirən orqan da etiraf edir ki, cihaz ancaq ümumi fonu ölçür. Yəni, cihazın apardığı ölçmə ilə təqsiri fərdiləşdirmək və məsuliyyəti müəyyən etmək mümkün deyildir. Bundan başqa ekspertiza zamanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin binanın 2-ci mərtəbəsinin giriş blokunda apardığı ölçmə (14 iyul 2021-ci il tarixli 04-22/3/4886 saylı məktub) 900, 1800 və 2100 MHz tezlik diapazonlarında elektromaqnit dalğaların səviyyələri (enerji selinin sıxlığı) 0,0052-0,076 mkW/sm2 arasında olaraq yol verilən həddən (10 mkW/sm2 ) qat-qat az olmuşdur. İşə əlavə edilmiş digər rəy, 04-22/3-3149 saylı 04 noyabr 2020-ci il tarixli sanitar-epidemioloji rəydə “Kosmos” Yaşayış Binalarında quraşdırılmış 01156_BKU_BESKO stansiyasının buraxdığı enerji selinin sıxlığı 0,84 mk VT/sm2 təşkil etmişdir ki, bu da yol verilən normadan (10 mk VT/sm2) on dəfə azdır. Ekspert rəyinin 7-ci səhifəsində ekspertin gəldiyi qənaət də budur ki, ATT2592 markalı elektromaqnit sahələrinin gərginliyini ölçən cihazının (skanerin) texniki göstəricilərinə görə, ATT2592 markalı ölçü cihazı izotrop (istiqamətlənməmiş) metod əsasında işləməklə, otaqda (yaxud çöldə) elektromaqnit sahələrinin (dalğalarının) ümumi fonun gərginliyini (enerji selinin sıxlığının səviyyəsini) ölçə bilir. Həmin məkanda yerləşən elektromaqnit şüalanmanı yarada bilən cihaz və qurğuların (həmçinin Şəxs MMC-yə məxsus 900, 1800 və 2100 MHz tezliyində işləyən rabitə qurğularının) ayrı-ayrılıqda elektromaqnit sahələrinin gərginliyinin səviyyəsini (enerji selinin sıxlığını) bu cihazla ölçmək mümkün deyildir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14.10.2020-ci il tarixli 65355 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanda 20.08.2020 və 09.10.2020-ci il tarixlərdə keçirilmiş yoxlama monitorinqi zamanı Şəxs MMC-yə məxsus qəbuledici-ötürücü avadanlığın yaratdığı elektromaqnit dalğaların səviyyəsinin ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olması “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. Belə ki, 20.08.2020-ci il və 09.10.2020-ci il tarixlərdə monitorinqlər keçirilmişdir. 20.08.2020-ci il tarixdə keçirilən monitorinq zamanı elektromaqnit sahəsinin səviyyəsi (enerji selinin sıxlığı) əsas girişdə skanerin göstəricisi 24.46-mk VT-sm2, binanın həyətində isə 112.3 mk VTsm2 -norma 10.0 mk VT-sm2 ) yol verilən hədd normasından artıq olmuşdur. MMC-nin müraciəti əsasında 09.10.2020-ci il tarixdə keçirilmiş monitorinq zamanı isə müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus qəbuledici-ötürücü avadanlığın yaratdığı elektromaqnit dalğaların səviyyəsi ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olmuşdur. Nəticədə elektromaqnit sahəsinin enerji selinin sıxlığı binanın girişində minimal 17.93 mk VT-sm2, maksimal 22.26 mk VT-sm2 (1.7-2.2dəfə artıq), binanın həyətində isə minimal 15.52 mk VT-sm2, maksimal 25.45 mk VT-sm2 (1.5-2.5 dəfə artıq) təşkil etmişdir; AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometerologiya Xidməti tərəfindən tərtib edilmiş 09.10.2020-ci il tarixli 0235 nömrəli monitorinq aktından görünür ki, monitorinq zamanı elektromaqnit sahəsinin enerji selinin sıxlığı binanın girişində minimal 17,93 mkVt/sm2 , maksimal 22,26 mkVt/sm2 (1,7-2,2 dəfə artıq), binanın həyətində isə minimal 15,52 mkVt/sm2 , maksimal 25,45 mkVt/sm2 (1,5-2,5 dəfə artıq) təşkil edərək, elektromaqnit sahəsinin səviyyəsi ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu qəbul edilmişdir (norma: 10,00 mkVt/sm2); 29.05.2019-cu il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1937 saylı məhəllənin 904 mənzilli “Kosmos” yaşayış kompleksinin sakinləri AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək qeyd olunan yaşayış sahəsində quraşdırılan təhlükəli elektromaqnit radiasiyasından tezliklə xilas olmaları və həmin qurğuların quraşdırılması səbəbindən binada radiasiyanın normadan bir neçə dəfə artıq olmasını qeyd edərək həmin qurğuların binaların eyvanlarının altından götürülməsi ilə bağlı müvafiq işlərin görülməsini xahiş etmişlər; Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanda inşa edilmiş 904 mənzilli “Kosmos” yaşayış kompleksinin girişində, eyvanın altında 6 ədəd mobil rabitə ötürücüləri quraşdırılmışdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 10/1967 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında “Kosmos” yaşayış kompleksinin binanın fasad divarının üzərində rabitə qəbuledici-ötürücü qurğularının quraşdırılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 63-cü maddəsinin tələblərinə ziddir. “Aktakom, ATT-2592” markalı elektromaqnit sahələrinin gərginliyini ölçən cihazının (skanerin) texniki göstəricilərinə görə “ATT-2592” markalı ölçü cihazı izotrop (istiqamətlənməmiş) metod əsasında işləməklə, otaqda (yaxud çöldə) elektromaqnit sahələrinin (dalğalarının) ümumi fonun gərginliyini (enerji selinin sıxlığının səviyyəsini) ölçə bilər. Həmin məkanda yerləşən elektromaqnit şüalanmanı yarada bilən cihaz və qurğuların (həmçinin Şəxs MMC-yə məxsus 900, 1800 və 2100 MHz tezliyində işləyən rabitə qurğularının ayrı-ayrılıqda elektromaqnit sahələrinin gərginliyinin səviyyəsini (enerji selinin sıxlığını) bu cihazla ölçmək mümkün deyildir. 05 iyul 2021-ci il tarixdə keçirilmiş baxış zamanı ünvan 1-də yerləşən “Kosmos” yaşayış kompleksində quraşdırılmış Şəxs MMC-yə məxsus 900, 1800 və 2100 MHZ tezliyində işləyən rabitə qurğularının yaratdığı elektromaqnit sahələrinin gərginliyinin səviyyələrinin (enerji selinin sıxlığının) ölçülməsi baxışda iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin PHŞ-nin mütəxəssislərinə təklif edilsə də, sonuncular bu ölçmələrin yalnız mənzillərin içərisində aparılmasına icazə olduğunu bildirmiş, binanın sakinləri isə öz mənzillərin daxilində bu ölçmələrin aparılmasına imtina etdiyindən, ölçmələr binanın girişində (blokda) 2-ci mərtəbədə (həmin mərtəbə səviyyəsində rabitə qurğuları quraşdırıldığına görə) “Spektran HF-6060” markalı ölçü cihazı ilə aparılmışdır. Ekspertizaya əlavə olaraq təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin baş direktoru Sara Həsənovanın 14 iyul 2021-ci il tarixli, 04-22/3/4886 nömrəli məktubunda göstərildiyi kimi, 05 yul 2021-ci il tarixdə baxış zamanı “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin PHŞ-nin mütəxəssisləri tərəfindən Nərimanov rayonu, Ə.Əliyev küçəsi, məhəllə 1937-də yerləşən “Kosmos” yaşayış kompleksində quraşdırılmış radiobaza stansiyalarının (Şəxs MMC-yə məxsus 900, 1800 və 2100 MHz tezliyində işləyən rabitə qurğularının) yaratdığı elektromaqnit sahələrinin səviyyələri ölçülmüşdür. Yaşayış sakinləri tərəfindən mənzillərdə ölçmələrin aparılmasına etiraz etdiklərinə görə ekspertin və Şəxs MMC-nin nümayəndələrinin xahişini nəzərə alaraq ölçmələr yaşayıştikinti ərazisində, yəni binanın 2-ci mərtəbəsinin giriş (blok) hissəsində aparılmışdır. Aparılmış ölçmələrin nəticələrinə görə 900, 1800 və 2100 ÇHz tezlik diapazonlarında elektromaqnit dalğaların səviyyələri (enerji selinin sıxlığı) 0,0052-0,076 mkW/sm2 arasında olaraq, yol verilən hədd (10 mkW/sm2) daxilində olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 10/1967 saylı ekspert rəyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14.10.2020-ci il tarixli 65355 nömrəli akt arasında müəyyən ziddiyyətlər mövcuddur. Belə ki, göstərilən rəydə Şəxs MMC-yə məxsus qəbulediciötürücü avadanlığın yaratdığı elektromaqnit dalğaların səviyyəsinin ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olmadığı qeyd edilmişdir. Məhkəmə, ekspert rəyi ilə akt arasında yaranmış ziddiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xeyrinə həll edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 10/1967 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Belə ki, aparılmış icraat zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 direktor müavini X3 da bildirmişdir ki, onlar tərəfindən aparılmış monitorinq zamanı mübahisəli ötürücü-qəbuledici qurğuları bir neçə təşkilata məxsus olduğundan onların ayrı-ayrılıqda ölçülməsi mümkün olmamış və buna görə həmin ünvanda çöldə ötürücüqəbuledici qurğuların elektromaqnit dalğalarının səviyyələri (enerji selinin sıxlığı) ümumi fon kimi ölçülmüş və həmin fonun normadan artıq olduğu qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 233.2-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından MN seriyalı ******* nömrəli, 14 oktyabr 2020-ci il tarixli inzibati xəta haqında protokol üzrə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar