Məhkəmə qərarları › İş №3(005)-2100/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2100/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2100/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 6 sentyabr 1961-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx ) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 19 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materialından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, 9 fevral 2012-ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra sənədinin tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, 9 fevral 2012-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcra vərəqəsinə əsasən buraxılış ili 1984 olan, mühərriki nömrəsiz, ban nömrəsi Kaab. 630488, “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınıb həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı X2 qaytarılmalıdır. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumata əsasən məlum olmuşdur ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İcra ilə əlaqədar 16 sentyabr 2020-ci il tarixdə “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanıldığı əraziyə baxış keçirilmiş və nəqliyyat vasitəsinin istifadəyə yararsız olduğu müəyyən edilmişdir. İcraata başlamaq haqqında qərarlar borclu tərəfin ünvanına rəsmi qaydada göndərilmiş, borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız vəziyyətdə olduğuna görə məhkəmənin qətanməsini icra etmək mümkün deyildir. Qaytarılması tələb olunan nəqliyyat vasitəsini tələbkara dəfələrlə təklif etsə də, tələbkar özü götürməyə gəlməmişdir. Daha sonra tələbkar X4həmin şəxs vəfat etmiş, hüquqi varisi X5 ilə razılığa gələyə çalışmışdır. Orta bazar qiymətinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin dəyərini ödəməyə hazırdır. İcra sənədinin icrasından boyun qaçırmır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X5 çıxış edərək bildirmişdir ki, borclu ilə nəqliyyat vasitəsinin dəyəri ilə bağlı razılıq əldə olunmasına cəhd edirlər. Ona qaytarılması təklif olunan nəqliyyat vasitəsi yararsız olduğuna görə qəbul etmək istəmir. Hazırda ona qarşı şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, 9 fevral 2012-ci il tarixli icra sənədindən görünür ki, buraxılış ili 1984 olan, mühərriki nömrəsiz, ban nömrəsi Kaab. 630488, “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh Şəxs alınıb həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı X2 qaytarılmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, 9 fevral 2012-ci il tarixli icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş 16 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-110/2012 nömrəli, 9 fevral 2012-ci il tarixli icra sənədinin icrası ilə bağlı “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanıldığı əraziyə baxış keçirilmiş və nəqliyyat vasitəsinin istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə müəyyən olunur ki, hazırda halda Şəxs “KAMAZ 53212” yük markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qaytarmaq istəsə də, bu nəqliyyat vasitəsi istifadəyə yararsız olduğuna görə məhkəmə qətnaməsinin icra edilməsi mümkünsüzdür. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə imkanı, yəni qətnamə ilə qaytarılması nəzərdə tutulan əmlakın mövcudluğu və ya yararlı vəziyyətdə olması halında şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə icranı yerinə yetirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə məhkəmə qətnaməsini icra etmək istəməsinə baxmayaraq qaytarılmalı olan nəqliyyat vasitəsinin istifadəyə yararsız olması səbəbindən qətnaməni icra etmək mümkün deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yuxraıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar