Məhkəmə qərarları › İş №3(005)-2101/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2101/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2101/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X4, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş 25 iyun 2023-cü il tarixli 10000- 00038/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən 27 mart 2023-cü il tarixli 1400- 013/0xx-xx/002959 nömrəli məktubla daxil olmuş xx/xx/012706 nömrəli materialın araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs MMC-nin ünvanına İtaliya Respublikasında qeydiyyatda olan ixracatçı “Signorini Coco and C.SRL” şirkətindən 91 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında idxal olunmuş “ağac mebellər”, “çərçivəli şüşə güzgülər” və “yazı masası” yükləri Bakı Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli **********2351 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilməsinə və bu barədə tərtib olunan gömrük bəyannaməsində yükün ümumi invoys dəyəri 12487,82 avro qeyd olunmasına baxmayaraq müəyyən olunmuş dəyər şübhəli olduğu üçün İtaliya Respublikasının Aksiz, Gömrük və İnhisarçılıq Agentliyinə sorğu verilmiş və nəticədə ixrac gömrük rəsmiləşdirilməsi zamanı sözügedən dəyərinin 18114,30 avro olaraq qeyd olunduğu müəyyən edilmişdir. Bununla da, Şəxs MMC-nin sözügedən yüklərlə bağlı 1732,59 manat məbləğində idxal gömrük rüsumu, 2390,97 manat məbləğində əlavə dəyər vergisi və 1505,10 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 5628,66 manat məbləğində əlavə ödənişlər ödəməsi öhdəliyi yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X5 21 iyul 1998-ci il tarixdə Masallı rayonunda doğulduğunu, hüquqi şəxs - Şəxs MMC-nin rəhbəri və qanuni təmsilçisi olduğunu, rəhbəri olduğu şirkətin 2019-cu ilin yanvar ayında ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında vergi orqanlarında qeydiyyatdan keçdiyini, öncədən həmin şirkətin rəhbərinin X6 olduğunu, sonralar isə həmin şirkətin rəhbəri vəzifəsinə özünün təyin olunduğunu, şirkətin əsasən ev təmirində, həmçinin yaşayış evlərində istifadə olunan mebel məhsullarının və digər malların idxalı və ölkə ərazisində satışı ilə məşğul olduğunu, bu məqsədlə əsasən İspaniya və İtaliya Respublikalarından, həmçinin Almaniya Federativ Respublikasından mallar idxal etdiyini, bəyan olunan dəyərlər arasındakı fərqlə bağlı ixracatçı “Signorini Coco and C.SRL” şirkəti ilə əlaqə saxlanıldığını, lakin qarşı tərəfdən bununla bağlı heç bir açıqlama verilmədiyini, lakin bununla belə Şəxs MMC olaraq sözügedən bəyannamə üzrə əlavə olaraq ödənilməli olan ödənişləri ödəməyə hazır olduqlarını bildirmiş, xx.xx.2023-cü il tarixdə isə ərizə ilə Əməliyyat-İstintaq Baş İdarəsinə müraciət edərək xx.xx.2021-ci il tarixli **********2351 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallarla bağlı əlavə olaraq ödənilməli olan ödənişlərin edildiyini bildirmiş və 1732,59 manat məbləğində idxal gömrük rüsumunun, 2390,97 manat məbləğində əlavə dəyər vergisinin və 1505,10 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 5628,66 manat məbləğində ödənişlərin edilməsinə dair bank sənədlərini ərizəsinə əlavə olunması üçün təqdim etmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 1400-011/0xx-xx/005064 nömrəli məktubundan görünür ki, **********2351 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə olaraq ödənilməli olan ödənişlərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş və gömrük dəyərində düzəlişlər edilməsi məqsədilə sifariş tərtib edilərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********629000 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, hazırki vəziyyəti aktivdir, ünvanları ünvan 2 Neftçilər prospekti, ev 117, 119, mənzil 1,2,3-dür, rəhbəri X3r. Materiala əlavə edilmiş inzibati xəta və ya cinayət xarakterli faktlar haqqında arayışdan görünür ki, "xxxx" MMC tərəfindən xeyli və ya külli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına dair Dövlət Gömrük Komitəsinin X1 Sisteminin “Hüquqpozmalar” bölməsinin “Hüquqpozma faktlarının qeydiyyatı” alt bölməsində hüquqpozma faktı qeydə alınmamış, yalnız bir halda 99,25 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayındığı üçün barəsində xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük idarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2161/22 nömrəli iş üzrə icraat başlanmış və vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə və həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Materiala əlavə olunmuş elektron çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixdə **********2351 sorğu nömrəli gömrük bəyannaməsinin buraxılışına icazə verilməklə sözügedən gömrük bəyannaməsi üzrə bəyan olunan yüklər sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu, həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən, gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Göründüyü kimi, qüvvədə olan gömrük qanunvericiliyində dəbbə pulu gömrük ödənişi qismində nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən bu qənaətə gəlinir ki, hüquqi şəxs - Şəxs MMC **********2351 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal etdiyi mallarla bağlı 4123,56 manat (5628,66-1505,10 (dəbbə pulu)) məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən az miqdarda, yəni iyirmi min manatdan yuxarı olmayan məbləğdə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaradır. Nəticədə hüquqi şəxs - Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM- 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X5 izahatında bildirmişdir ki, onlar tərəfindən bütün gömrük ödənişləri və dəbbə pulu məbləğləri tam şəkildə ödənilmişdir, həmçinin həmin ödəniş qəbzləri onlar tərəfindən səlahiyyətli orqana təqdim edilərək iş materiallarına da əlavə olunmuşdur. Bütün bunları nəzərə alaraq o, inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən xx.xx.2023-cü il tarixli 1400-013/0xx-xx/002959 nömrəli məktubla daxil olmuş xx/xx/012706 nömrəli materialın araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs MMCnin ünvanına İtaliya Respublikasında qeydiyyatda olan ixracatçı “Signorini Coco and C.SRL” şirkətindən 91 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında idxal olunmuş “ağac mebellər”, “çərçivəli şüşə güzgülər” və “yazı masası” yükləri Bakı Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixli **********2351 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilməsinə və bu barədə tərtib olunan gömrük bəyannaməsində yükün ümumi invoys dəyəri 12487,82 avro qeyd olunmasına baxmayaraq müəyyən olunmuş dəyər şübhəli olduğu üçün İtaliya Respublikasının Aksiz, Gömrük və İnhisarçılıq Agentliyinə sorğu verilmiş və nəticədə ixrac gömrük rəsmiləşdirilməsi zamanı sözügedən dəyərinin 18114,30 avro olaraq qeyd olunduğu müəyyən edilmişdir. Bununla da, Şəxs MMC-nin sözügedən yüklərlə bağlı 1732,59 manat məbləğində idxal gömrük rüsumu, 2390,97 manat məbləğində əlavə dəyər vergisi və 1505,10 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 5628,66 manat məbləğində əlavə ödənişlər ödəməsi öhdəliyi yaranmışdır. Qüvvədə olan gömrük qanunvericiliyində dəbbə pulu gömrük ödənişi qismində nəzərdə tutulmamışdır. Beləliklə, hüquqi şəxs - Şəxs MMC **********2351 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə idxal etdiyi mallarla bağlı 4123,56 manat (5628,66-1505,10 (dəbbə pulu)) məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4123,56 manat vəsaiti məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 2886,492 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar