Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2102/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsinin Şəxs MMC-nin barəsində İXM-in 505-cü maddəsi ilə 10000-00037/23 nömrəli, 25 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ünvanına İtaliya Respublikasından idxal olunan **********0735 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş “seksiyalı mətbəx mebeli”, “mebelin ağacdan hissələri”, “led işıqlar” və “mal kataloqları” yükləri ilə bağlı xarici sorğu nəticəsində əlavə olaraq ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına dair toplanmış material araşdırmanın davam etməsi üçün 1400-013/0xx-xx/002959 nömrəli 27 mart 2023-cü il tarixli məktubla aidiyyəti üzrə Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 505-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, törədilmiş inzibati xətadan 1 ildən artıq vaxt keçmişdir və onlar tərəfindən gömrük ödənişləri, həmçinin dəbbə pulu məbləğləri tam şəkildə ödənilmişdir. Məhkəmə iclası vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Əməliyyat-İstintaq Baş İdarəsində sözügedən materialın araşdırılması zamanı isə müəyyən edilmişdir ki, hüquqi şəxs - Şəxs MMC-nin ünvanına İtaliyadan 25/31RZ013 nömrəli yük avtomobilində EX00024 və EX00025 nömrəli xx.xx.2021-ci il tarixli hesab invoys sənədləri əsasında idxal olunmuş “seksiyalı mətbəx mebeli”, “mebelin ağacdan hissələri”, “led işıqlar” və “mal kataloqları” yükləri Bakı Baş Gömrük İdarəsində xx.xx.2021 -ci il tarixli **********0735 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Tərtib olunan gömrük bəyannaməsində yükün ümumi invoys dəyəri 19944,90 avro qeyd olunsa da, müəyyən olunmuş dəyər şübhəli olduğundan İtaliya Respublikasının Aksiz, Gömrük və İnhisarçılıq Agentliyinə sorğu verilmiş və nəticədə gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən EX00025 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində sözügedən yükün dəyərinin 31049,34 avro olaraq qeyd olunduğu müəyyən edilmişdir. Bununla da Şəxs sözügedən yüklərlə bağlı 3088,23 manat məbləğində idxal gömrük rüsumu, 4290,56 məbləğində əlavə dəyər vergisi və 2693,26 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdəkdə 10072,05 manat məbləğində ödənişləri ödəmək öhdəliyini yaratmışdır. İXM-ın 3 maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-ın 12.1 maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-ın 76.1 maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-ın 84.1 maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Gömrük Məcəlləsinin 224-cü maddəsinə əsasən gömrük ödənişlərinə gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər,yol vergisi,gömrük yığımları, haqq,dövlət rüsumu aiddirlər. İXM-ın 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür İXM-in: 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəməyə göndərilmiş materiallardan görünür ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi faktı 15 iyun 2021-ci il tarixdə aşkar olunmuşdur. İnzibati xətanın aşkara çıxarıldığı tarixdən hazırkı tarixədək 1 ildən çox müddətin keçməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-in 505-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-in 505-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2102/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2102/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver