Məhkəmə qərarları › İş №3(005)-2103/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2103/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2103/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X2 AR DİN-nin Baş DYPİ-nin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 15499927 nömrəli, 05 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmiş, qərarın ləgv olunmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri Nərimanov rayonu, 7 saylı ASAN xidmət mərkəzinin qarşısında qanunla qadağan edilməyən yerdə **-OL-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı nəqliyyat vasitəmi saxlayıb xidmətdən istifadə üçün qısa müddətə mərkəzə daxil olmuşdur. Həmin gün saat 09:57-də EQ15499927 nömrəli protokol üzrə cərimə olunmağı ilə bağlı sms gəlmişdir. Düşünmüşdür ki, yəqin surət həddini aşmışdır ya necəsə başqa bir pozuntudur. Ancaq elektron kabinetinə daxil olub protokolla tanış olduqda öyrənmişdir ki, dayanma və durma qaydalarının pozulmasına görə cərimə yazılıb. Bildirir ki, nəqliyyat vasitəsini saxladığı yer 7 Saylı ASAN xidmət mərkəzinin qarşısında, Bakı ş., Nərimanov rayonu, X8 Məhəllə 1969 ünvanında idi və orada dayanma və durmanın qadağan edilməsinə dair heç bir qadağanedici yol nişanı quraşdırılmamışdır. Əksinə asfaltın üzərində maşınların saxlanması üçün nəzərdə tutulmuş yer təəssüratı yaradan, ağ rəngdə paralel uzun zolaqlar cızılmışdır. Qeyd edilən xüsusi halda avtomobili saxladığı yerdə dayanma və durmanı qadağan edən heç bir qadağanedici yol nişanı quraşdırılmamışdır. Yolun başlanğıcında 4.2.1 (maneəni sağdan keşmə) hərəkət nişanı və özlüyündə heç bir kateqoriya yol nişanına daxil edilməyən sarı zolaqları özündə əks etdirən nişan quraşdırılmışdır. Həmin ərazidə nəqliyyat vasitələrinin dayanmasını qadağan edən heç bir yol nişanı yoxdur. Ancaq orada saxlayan maşınların cərimə olunması bunu deməyə əsas verir ki, dövlət orqanının qənaətinə əsasən həmin ərazidə nəqliyyat vasitələri dayanma və durma edə bilməz. Hər bir halda mövcud münasibətin həlli şübhəlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. X1 və qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 15499927 nömrəli, 05 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən «Hunday Sonata” minik markalı, ** OL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 15499927 nömrəli, 05 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri; - inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; - inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; - inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; - işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X2 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X2 barəsində hər hansı sübut olmadan İXM-in 346.1-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X2 İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 15499927 nömrəli, 05 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 15499927 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar