Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2105/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 13000-1347/22 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Türkmənistan Respublikasından “Petroqas Fuel Services Georqia LLC” şirkətinin ünvanına göndərilən ******* kq-dan Aviakerosin TS-t yanacağı malı (xx.xx.2022-ci il tarixli 178/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “Qehraman Hacıyev” tankeri Bakı səhəri Pirallahı rayonunda yerləşən “Dübəndi" gömrük postuna daxil olmuşdur. Həmin yükün ******* kq-da ibarət hissəsi malın Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan “X2 Fze” (VÖEN: **********) şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli **********2480 saylı gömrük bəyannaməsi üzrə AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasasən 4 (dörd) av müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin anbarına saxlanca yerləşdirilmişdir. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış mal “X2 Fze” şirkəti tərəfindən heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. “X2 Fze” şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üoün nəzərdə tutulmuş son müddət 4 (dörd) av pozulmuş, buna görə də “X2 Fze” şirkəti tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmışdır. Bununla da “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ” barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 21 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 34/024/006308 nömrəli xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Türkmənistan Respublikasından xx.xx.2022-ci il tarixdə ilə “PETROGAS FUEL SERVİCES GEORGİA LLC” şirkətinin ünvanına göndərilən 4.316.934 kq. aviakerosin TS-1 yanacağı malı (xx.xx.2022-ci il tarixli 178/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “Q.HACİYEV“ tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yükün 1.736.309 kq aviakerosin TS-1 yanacağı malı Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan “X2 Fze“ şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir.(G.B **********2653). Müvəqqəti saxlancda qalan yükün 1.004.180 kq. **********9947 saylı gömrük bəyannaməsi ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 732.129 kq aviakerosin TS-1 yanacağı malı heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, “X2 FZE” şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd ay) pozulmuşdur.Yuxarıda qeyd olunanları nəzərə alaraq “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ”-nın əməlində Azərbaycan Respublikası İXM-nin 496.1 -ci maddəsinin tərkib əlamətləri olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ”-nin ünvanına gətirilmiş və müvəqqəti saxlanca götürülmüş ******* kg aviakerosin TS-1 yanacağı malı rəsmiləşdirilmiş və müvəqqəti saxlancda qalan ******* kg Aviakerosin yanacaq malı müəyyən olunmuşdur; xx.xx.2022-ci il tarixli “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokol”dan görünür ki, MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ”nin direktoru X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunaraq sorğu-sual edilmiş və bildirmişdir ki, şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlanca verilmiş malın nəzərdə tutulmuş günədək saxlancda qalması müxtəlif texniki səbəblərə görə baş vermişdir. Problemin aradan qaldırılması üçün bu istiqamətdə işlər aparılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ” tərəfindən **********2480 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərə dair gömrük bəyannaməsinin gömrük orqanı tərəfindən təsdiq edildiyi, yəni. Gömrük Məcəlləsinin 152.6-cı maddəsinə əsasən həmin tarixdən qeyd edilən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunduğu, qeyd edilən malların Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən 4 ay ərzində, yəni xx.xx.2022-ci il tarixədək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda müvəqqəti saxlanc müddəti basa çatdıqdan sonra “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ” tərəfindən **********9947 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə malların gömrük anbarı prosedurunda bəyan edildiyi, nəticədə, “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ” tərəfindən müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ”-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ” İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “MİDL İST PETROLİUM FZE ŞİRKƏKİTİNİN AZƏRBAYCANDAKİ FİLİALİ” İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2105/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2105/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver