Məhkəmə qərarları › İş №3(005)-2113/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2113/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2113/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X4, Müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X6, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X7 tərəfindən Şəxs barəsində 07 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 07 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X7 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 06 iyul 2023-cü il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və qanunsuz olaraq satma cinayət əməllərini törətməkdə şübhəli bilinən Şəxs olduğu yer müəyyən edilərək həmin tarixdə saat 20:30-da ünvan 3 ünvanın qarşısında idarə etdiyi “Mercedes” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobili ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Şəxsin üzərindən hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Lakin narkoloji rəyin nəticəsi olaraq məlum olmuşdur ki, Şəxs narkotik vasitə olan marixuandan istifadə etmişdir və onun sidiyindən həmin maddə aşkar olunmuşdur. Bu səbəbdən şəxsin barəsində İXMnin 206-cı maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, müntəzəm olaraq narkotikdən istifadə etmir. Ən son bir həftə qabaq marixuana çəkmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X10 hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxs azadlığının faktiki məhdudlaşdırılması 06 iyul 2023-cü il tarixdən, saat 20:30-dan hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 4210 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halı, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiqdir və inzibati tənbehin məqsədini təmin edir. Eyni zamanda, Şəxs inzibati qaydada həbs edilməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 06 iyul 2023-cü il tarixdən, saat 20:30-dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 iyul 2023-cü il tarixdən, saat 20:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar