Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2131/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş hüquqi şəxs- "xxxx" MMC-nin nümayəndəsi X2, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 23 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4728/2018 nömrəli, 10.09.2018-ci il tarixli və 2(005)-656/2021 nömrəli, 10.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, icra sənədləri müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu E.Əliyev 04.05.2021-ci il tarixdə şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlərlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və E.Dadaşovun adına qeydiyyatdan keçmiş “VAZ 21074” markalı, **-MU-*** nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş məhkəmənin müvafiq qərardadı ilə təqdimat təmin edilərək həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra tədbiri olaraq qərardad avtomobilin saxlanılması üçün AR DİN BDYPİ-nə göndərilmiş, lakin avtomobilin saxlanılması təmin edilməmişdir. Həmçinin həmin avtomobil borcludan tələb olunan zaman müxtəlif bəhanələrə avtomobilləri təqdim etməkdən imtina etmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi digər əmlak və nağd pul vəsaiti aşkar edilməlmişdir. Daha sonrakı mərhələdə borclu şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Bir sözlə icra sənədinin icra olunması üçün yalnız hərəkətsizlik göstərilmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, 2017-ci ildə Rusiya Federasiyasına əməliyyat olunması üçün getmişdir. Daha sonra işsiz qalmışdır. Yaxın vaxtlarda işə qəbul olunacaq və əmək fəaliyyəti ilə məşğul olaraq aylıq qazancını icra sənədlərinin icra olunmasına yönəldəcək. Qərəzli olaraq icra sənədinin icra olunmasından yayınmır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş hüquqi şəxs- "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs şikayətçidirlər. Şəxs dəfələrlə xəbərdar olunmuşdur ki, icra sənədini icra etsin. Bütün tədbirlərə baxmayaraq o, icra sənədini icra etmir. Şirkətdən iki telefon götürmüşdür.İcra sənədinin icra olunmasını xahiş edir. Son olaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nərimanov Məhkəməsinin 2(005)-4278/2018 nömrəli, 10.09.2018-ci il tarixli icra sənədinə əsasən borclu llxaszadə Zaur Tahir oğlundan 2498 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-in xeyrinə tutulmalıdır. Bakı Nərimanov Məhkəməsinin 2(005)-656/2021 nömrəli, 24.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu llxaszadə Zaur Tahir oğlundan 1999,28 manat məbləğində pul vəsaiti və 30,4 manat əsas, 20,68 manat faiz, cəmi 2019,96 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar Bank "xxxx" ASC-in xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında 19.11.2018-ci il tarixli qərardan görünür ki, Bakı Nərimanov Məhkəməsinin 2(005)-4278/2018 nömrəli, 10.09.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında 12.04.2021-ci il tarixli qərardan görünür ki, Bakı Nərimanov Məhkəməsinin 2(005)-656/2021 nömrəli, 24.11.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün və zərərçəkmiş şəxsin verdiyi izahatı və iş materiallarında olan səbəblərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4728/2018 nömrəli, 10.09.2018-ci il tarixli və 2(005)-656/2021 nömrəli, 10.02.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 23 sentyabr 2021-ci il tarixdən, saat 17:55-dən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 4 iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 sentyabr 2021-ci il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 4 iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2131/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2131/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver