Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2136/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 10 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2707/2023 saylı icra sənədi üzrə borclu Şəxs üç uşağın saxlanılması üçün hər ay 660 (altı yüz altmış) manat tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmiş, lakin borclu üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da borclu icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X12 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2707/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. Lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərarın surəti borclu tərəfindən qəbul etmişdir. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs hazırkı vaxtadək bir dəfə də edilmiş ödənişi və ya qismən ödənişi yoxdur, tələbkara 10000 manatdan çox borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, səhhəti ilə bağlı əvvəllər işləyə bilməmişdir, hazırda yeni işə başlamışdır, bu səbəbdən işləyib ödəniş edəcəkdir. Alimenti ödəməyə maddi imkanı yoxdur. Keçmiş arvadı Ülviyyə Hacızadə ilə boşandıqdan sonra üç övladı anasının himayəsində qalmışdır. Ü.Hacızadə ona uşaqları göstərmir və buna görə də uşaqlarını görməkdən məhrumdur. Qeyd edilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs xəstə olmasına dair hər hansı sənədinin olmadığını, sadəcə ağırlar hiss etdiyindən işləyə bilmədiyini göstərmişdir Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs ilə boşandıqdan sonra 2023-cü ilin oktyabr ayından etibarən bir manat belə uşaqları üçün ödəniş etməmişdir. Onun əvvəllər də yaxşı imkanı olmuşdur, narkotik vasitə istifadə etdiyinə görə özünü bədbəxt hala salmışdır. Hətta bir dəfə icra məmurunun yanında ödəniş edəcəyinə söz verdiyinə görə razılığa gəlmişlər, lakin Şəxs onları aldadaraq ödəniş etməmişdir. Bu şəxs ümumiyyətlə öz uşaqlarını görmək istəmir, onlara baş çəkmir, telefonla belə danışmır. Əgər mən ona şərait yaratmıramsa gedib məktəbdən çıxanda da uşaqları görə bilər. Heç olmasa hər ay 100 manat belə uşaqların saxlanması üçün ödəniş etsəydi, onun barəsində şikayətçi olmazdı. Şəxs qərəzli şəkildə alimenti ödəmədiyi üçün barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2707/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment Hacızadə (Hüseynova) Ülviyyə İlqar qızının xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2707/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, axtarışda olan Şəxs saxlanılaraq icra hərəkətlərinin davam etdirilməsi üçün Nərimanov rayon İcra şöbəsinə təqdim edilmişdir. Hacızadə X8 rayon İcra şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, icra sənədi barədə xəbərdardır, borcun müəyyən hissəsini yaxın günlərdə ödəyəcəyinə söz verir. Hüseynova (Hacızadə) Ülviyyə İlqar qızının Nərimanov rayon İcra şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs ölkədən girişçıxışına stop qoyulmasını və iki ay müddətində borcunu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığına görə barəsində axtarış elan olunmuşdur. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialları, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, borclu Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2707/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında verdiyi izahatında işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə sağlam və işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan (şəxs onun işləməsinə mane olan xəstəliyinin olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir) şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzrlü səbəbi kimi qiymətləndirilmədiyini və hər bir halda uşaqlarının saxlanılmasının valideynin ən mühüm vəzifələrindən biri olmasını nəzərə alır. Barəsində inzibati qaydada icraat aparılan şəxsin icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğini ödəməməsinə haqq qazandırarkən irəli sürdüyü digər dəlil zərərçəkmiş şəxsin uşaqlarını onunla görüşməyə icazə verməməsi olmuşdur ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin borcluya uşaqları ilə görüşə imkan verməməsi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi üçün deyil, əksinə onun uşaqları ilə görüş günlərini və saatlarını müəyyən edən məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün müvafiq icra məmuruna müraciət etməsi üçün əsasdır. Hazırki halda Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsin ona uşaqları ilə ünsiyyət saxlaması üçün şərait yaratmaması və işləməməsi səbəbindən alimenti qəsdən ödəməməsini göstərməsi özü-özlüyündə icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə, zərərçəkmiş şəxslə aralarında olan şəxsi prinsiplər üzündən uşaqların saxlanması üçün qanunla müəyyən edilmiş alimenti ödəməməsinə dəlalət edir. Həmçinin bu halı təsdiq edən digər xüsusat da ondan ibarətdir ki, Şəxs axtarışla saxlanıldıqdan sonra Nərimanov rayon İcra şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında borcun müəyyən hissəsini yaxın günlərdə ödəyəcəyinə söz versə də, vədinə əməl etməmiş, yenidən barəsində xx.xx.2025-ci il tarixli qərarla axtarış elan olunmuşdur. Göründüyü kimi, Şəxs aliment məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, X7 dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Hazırda onun inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 20 iyun 2025-ci il saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X10 Saxlanılma Mərkəzinə tapşırılsın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X10 Saxlanılma Mərkəzinə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2136/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2136/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver