Məhkəmə qərarları › İş №3(005)-2138/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2138/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2138/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs “X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan “X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi “X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, bildirir ki, tibb müəssisəsinin direktoru olaraq vəzifəli şəxs qismində X5 Bakı Şəhər idarəsi tərəfindən inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən barəsində əsassız olaraq inzibati xəta haqqında qərar tərtib edilərək, 3000 manat məbləğində cərimə edilmişdir. Qərar X5 Bakı şəhər İdarəsi tərəfindən əsaslandırılmadan və araşdırma aparılmadan formal tərtib edilmişdir. İş materiallarına əsasən bildirir ki, şikayətçi X3 bildirdiyi Elturan Süleyman oğlu onların klinikasında çalışmamış, habelə, müəssisənin hər-hansı bir tapşırıqlarını yerinə yetirməmişdir. Eləcə də müəssisə əmək müqaviləsi bağlamadan heç kimi işə götürməmişdir. Elturan Süleyman oğlu isə həkim köməkçisi kimi həkim Azər Kərimovla “Kəpəz” klinikasında birgə işləmişlər və buraya da tanışı Azər Kərimovun yanına gəlmişdir. Həmçinin bildirir ki, bu məsələyə artıq Nərimanov Rayon Məhkəməsinin 3 (005)- 1606/2025 nömrəli 05 iyun 2025-ci il tarixli qərarı (əlavə olunur) ilə hüquqi qiymət verilmişdir. Belə ki, hüquqi şəxs olaraq, "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında işə xitam verilmişdir. Həmin məhkəmə qərarının bu məsələ ilə bağlı olmasını nəzərə alaraq, qərar üzrə predusiallığın (bir məsələ üzrə ikili qərarın olmamasını) təmin edilməsini xahiş edirəm. Məhkəmənin əvvəlki iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati Tənbeh vermə haqqında” qərarının ləğv edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, Elturan Süleyman oğlu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2024-cü ilin noyabr ayından 12 aprel 2025-ci il tarixədək "xxxx" MMC –də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3-(005)-1606/2025 nömrəli 05 iyun 2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığında "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında işə xitam verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayətin dəlillərini, tərəfin izahatını dinlədikdən və iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq etdikdən sonra belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin mübahisələndirilən qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu qənaətini aşağıdakı hüquqi və faktiki əsaslarla izah edir: Preyudisiya prinsipinin tətbiqi və işin faktiki hallarının qiymətləndirilməsi: Məhkəmə, şikayətçi tərəfindən təqdim edilmiş və işin hallarının araşdırılması üçün fundamental əhəmiyyət kəsb edən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 3(005)-1606/2025 nömrəli qanuni qüvvəyə minmiş qərarını nəzərə alır. Həmin qərarla, eyni faktiki hallara – Elturan Süleyman oğlunun "xxxx" MMC-də əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi iddiasına əsaslanan və hüquqi şəxsin özü barəsində başlanmış inzibati xəta haqqında işin icraatına, əməldə inzibati xəta tərkibinin olmaması səbəbindən xitam verilmişdir. İnzibati-prosessual qanunvericilikdə birbaşa təsbit edilməsə də, hüququn ümumi prinsiplərindən olan res judicata (həll edilmiş iş) və onunla sıx bağlı olan preyudisiallıq institutu, eyni faktlar üzrə təkrar mübahisələrin qarşısını almaqla hüquqi müəyyənliyi təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərar). Bu baxımdan, məhkəmə hesab edir ki, bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hallar digər işə baxılarkən təkrarən sübuta yetirilmədən qəbul edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin olmadığı sübuta yetirilmişdir. İXM-nin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə məhz onun vəzifəli şəxsi tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətaya görə cəlb edilir. Əgər hüquqi şəxsin özünün əməlində xəta tərkibi olmadığı məhkəmə qaydasında təsdiqini tapmışdırsa, həmin əməlin törədilməsində ittiham olunan vəzifəli şəxsin (hüquqi şəxsin rəhbərinin) məsuliyyətə cəlb edilməsi hüquqi məntiqə və ədalət mühakiməsinin prinsiplərinə ziddir. Çünki, vəzifəli şəxsin məsuliyyəti törəmə xarakter daşıyaraq, hüquqi şəxsin məsuliyyətindən ayrı təsəvvür edilə bilməz. Hüquqi şəxs barəsində icraata xitam verilməsi, faktiki olaraq, inzibati xəta hadisəsinin və ya tərkibinin mövcud olmadığını təsdiqləyir. Təqsirsizlik prezumpsiyası və sübutetmə yükü: İXM-nin 8-ci maddəsi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi, inzibati məsuliyyətə cəlb edilən şəxsin təqsirinin səlahiyyətli orqan tərəfindən mübahisəsiz sübutlarla təsdiqlənməsini tələb edir. Bütün aradan qaldırıla bilinməyən şübhələr şəxsin xeyrinə həll edilməlidir. Hazırkı işdə, səlahiyyətli orqan X4, Elturan Süleyman oğlunu əmək müqaviləsi olmadan işə cəlb etməsi faktını təsdiq edən hər hansı mötəbər, etibarlı və qanuni yolla əldə edilmiş sübut təqdim etməmişdir. Şikayətçinin ifadəsi, şahid ifadələri (əgər varsa), yazılı sənədlər və ya digər sübutlarla Elturan Süleyman oğlunun məhz "xxxx" MMC-də əmək funksiyasını yerinə yetirməsi faktı sübuta yetirilməmişdir. X1 şikayəti, təqsirin sübuta yetirilməsi üçün kifayət deyildir. Əksinə, şikayətçi ardıcıl olaraq Elturan Süleyman oğlunun müəssisə ilə heç bir əmək münasibətində olmadığını, onun başqa həkimlə əməkdaşlıq etdiyini və klinikaya sadəcə həmin həkimlə birlikdə gəldiyini bildirmişdir. Bu dəlil, səlahiyyətli orqan tərəfindən təkzib edilməmişdir. Bu halda, İXM-nin 76.1-ci maddəsinin tələblərinə uyğun olaraq, şəxsin təqsirini təsdiq edən faktiki məlumatlar mövcud deyil. Buna görə də, İXM-nin 53.2-ci maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 18.3-cü maddəsinin təfsiri: Məhkəmə, İXM-nin 18.3-cü maddəsinin ("hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş ... vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir") təfsirini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarı kontekstində həyata keçirir. Həmin Qərara əsasən, bir xətaya görə hər iki subyektin (hüquqi və vəzifəli şəxsin) məsuliyyətə cəlb edilməsi, yalnız o halda mümkündür ki, vəzifəli şəxsin hüquqazidd əməli hüquqi şəxsin nəzarətsizliyi və ya yol verməsi nəticəsində baş versin. Bu, o deməkdir ki, hər iki subyektin məsuliyyəti üçün ümumi bir hüquq pozuntusu faktının mövcudluğu şərtdir. Əgər məhkəmə qərarı ilə hüquqi şəxsin əməlində xəta tərkibinin olmadığı müəyyən edilibsə, deməli, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi üçün də hüquqi əsas aradan qalxır. Nəticə olaraq, məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar, preyudisial əhəmiyyətə malik məhkəmə qərarına zidd olmaqla, təqsirsizlik prezumpsiyası prinsipini pozmaqla və təqsiri sübuta yetirən mötəbər sübutlar olmadan qəbul edilmişdir. Bu səbəbdən, İXM-nin 134.1.3 və 135.1.5-1-ci maddələrinə uyğun olaraq, mübahisələndirilən qərar ləğv edilməli və İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar