Məhkəmə qərarları › İş №3(005)-2140/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2140/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2140/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından İbadov Azər Vəkil oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbadov Azər Vəkil oğlu Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək şikayət vermə müddətinin ötürülməmiş sayılmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində təxminən saat 12:00 radələrində mülkiyyətində olan “Hyundai Sonata” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının bütün tələblərinə əməl edərək təhlükəsizlik kəməri taxılı vəziyyətdə, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 135 ünvanında hərəkət edərkən həmin ərazidə xidmət aparan DYP əməkdaşı ona saxla əmri vermiş və onun tələbinə əsasən avtomobili saxlamışdır. O, DYP əməkdaşından hansı səbəbdən ona saxla əmri verdiyini soruşduqda o, yolayrıcında yolayrıcını keçmə qaydalarını pozaraq hərəkətin digər iştirakçılarına maneə yaratdığını bildirmişdir. Bundan sonra Azər İbadov polis əməkdaşına heç bir qayda pozmadığını, yol hərəkəti qaydalarına tam şəkildə əməl etdiyini, yol boşaldıqdan sonra yola daxil olduğunu və digər sürücülərin hərəkətinə maneə yaratmadığını bildirmişdir. Əgər həqiqətən belə bir maneə yaratmış olsa idi, digər sürücülər siqnal verməklə ona öz iradlarını bildirərdilər. Lakin polis əməkdaşı digər sürücülərin irad bildirməsinə ehtiyac olmadığını, onun yol hərəkəti qaydalarını pozduğunun kameraya düşdüyünü qeyd edərək cərimə yazmalı olduğunu bildirdi. Bundan sonra Azər İbadov ondan həmin görüntüləri təqdim etməsini tələb etdikdə o, görüntüləri təqdim etməkdən imtina edərək görüntülərin elektron kabinetinə yerləşdiriləcəyini demişdir. Daha sonra isə törətmədiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib etmişdir. Qeyd edir ki, sözügedən protokol elektron kabinetinə yerləşdirilsə də, həmin inzibati xətanı törətdiyini təsdiq edən heç bir foto və video görüntü elektron kabinetinə yerləşdirilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP-7171167 nömrəli protokolu etibarsız hesab edilməli və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş protokol internet informasiya resursunda yaradılmış elektron kabinetinə yerləşdirildikdən sonra internet vasitəsilə elektron kabinetindən sözügedən protokoldan şikayət etsə də şikayəti ilə bağlı heç bir araşdırma aparılmamışdır. Nəticədə isə barəsində tərtib edilmiş qanunsuz protokol əsasında hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İbadov Azər Vəkil oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək yol hərəkəti qaydasını pozmadığını bildirməklə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 məhkəməyə inzibati xəta hadisəsini əks etdirən görüntüləri CD diskdə təqdim edərək verilmiş şikayətin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İbadov Azər Vəkil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (yol ayrıcını keçmə qaydalarının pozulmasına görə) 100 manat məbləğində cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, İbadov Azər Vəkil oğlu xx.xx.2025-ci il tarixdə saat 12:00-da ünvan 2 ünvanında “Hyundai Sonata” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarının tələblərini pozmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər olan əsaslardan biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.2-ci bəndinə əsasən inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin İİ hissəsinin 15-ci bəndinə əsasən polisin əsas vəzifələrindən biri də yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etməkdir. Habelə bu Qanunun 16-cı maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulması və yol nəqliyyat hadisələri üzrə təhqiqat aparmaq, səlahiyyətləri çərçivəsində inzibati tənbeh tədbirləri tətbiq etmək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri sırasında müəyyən olunmuşdur. Göründüyü kimi qanunvericiliklə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol-patrul xidməti əməkdaşının bilavasitə aşkar etdiyi yol hərəkəti qaydalarının pozuntusu üzrə qanunla nəzərdə tutulan qaydada tədbir görmək, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol tərtib etmək, razılaşdıqda isə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxartmaq səlahiyyəti vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində səlahiyyətli vəzifəli şəxsin bilavasitə aşkar etdiyi inzibati xəta üzrə protokol tərtib etmək hüququnun olması dövlət məmuruna olan etimadın və inamın təzahürü olmaqla, bu qaydada tərtib edilmiş inzibati xəta haqqında protokol sübut əhəmiyyətinə malikdir və yalnız əsaslı dəlillərlə təkzib olunduqda öz əhəmiyyətini itirə bilər. Əgər səlahiyyətli vəzifəli şəxsin bilavasitə aşkar etdiyi inzibati xəta hadisənin mövcudluğunun şikayətçinin sözlə inkar etməsi əsası ilə təkzib edilməsi halında qanunvericiliklə nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın məqsədinə nail olmaq, şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olan vəzifələrini yerinə yetirmək mümkünsüz olar. Məhkəmə iclasındakı izahatından və məhkəməyə daxil olan şikayət və ona əlavə olunan sənədlərdən aydın olur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş İbadov Azər Vəkil oğlu yol-patrul xidmətinin inspektorunun bilavasitə aşkar etdiyi, nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarının pozulması barədə inzibati xəta hadisə ilə razı deyildir. Lakin A.İbadov bu narazılığı yalnız sözlə ifadə edərək məhkəməyə təkzibedici heç bir sübut təqdim edə bilməmiş, əksinə məhkəmə iclasında tədqiq edilmiş videogörüntü əsasında məhkəmə A.İbadov tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi qənaətinə gəlmişdir. Belə ki, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 75 və 76-cı maddələrinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Qeyd olunanlarla yanaşı “ASANPAY” ödəniş portalından çıxarışdan müəyyən olunur ki, P.Məmmədov İXP ******* nömrəli protokol üzrə 90 manat cəriməni ödəməklə barəsində şikayət etdiyi inzibati tənbeh vermə haqqında qərarı icra etmişdir. Məhkəmə şərh olunan qanunun normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, İbadov Azər Vəkil oğlunun şikayəti təmin edilməməli, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar