Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2141/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Qərardan şikayət vermiş X1 və onun vəkili “HGNS” Kaunsilor Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X3 barəsində qəbul olunmuş 26 fevral 2025-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş 26 fevral 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən (Bakı şəhər idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X9) 17 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur ki, “X11 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq işçiyə son haqq-hesab ödənilməmiş və bunun əsasında haqqında İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş başlanmışdır. 17 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla bağlı inzibati xəta üzrə iş onun iştirakı olmadan araşdırılmış və 26 fevral 2025-ci il tarixində ******* saylı qərar qəbul edilmişdir. Həmin qarar ona 14 iyun 2025-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Üzərində çatdırılması tarixi göstərilən zərf və qərar hazırkı şikayət ərizəsinə əlavə edilir. Məhkəmənin diqqətinə çatdırır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat qanunsuz və əsassız olaraq başlanmışdır. Belə ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərarın heç bir hüquqi əsası yoxdur və həmin qərarın onunla hər hansı bir hüquqi və ya faktiki bağlılığı mövcud ola bilməz. Belə ki, o, “X11 Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətində “Dəniz üzrə müfəttiş” vəzifəsində əmək müqaviləsi əsasında işləmişdir. Hal-hazırda ümumiyyətlə həmin şirkətdə işləmir. O “X11 Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi deyil və heç bir zaman həmin vəzifədə işləməmişdir. Eyni zamanda şirkətin rəhbər vəzifəli şəxsləri sırasına da heç bir zaman daxil olmamışdır. Sadəcə sıravi işçi olaraq şirkətlə əmək münasibətdə olduğu, həmin şirkətin rəhbər işçiləri tərəfindən qəbul edilən və ya edilməyən qərarlara görə onun hər hansı inzibati məsuliyyətə cəlb edilməyi üçün əsas yarada bilməz. Əgər işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilibsə, bu halda hüquqi məsuliyyət həmin hüquqi şəxsin qanuni təmsilçisinin və ya məsul rəhbər şəxslərinin üzərinə düşür. Bu baxımdan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması qanuna ziddir və həmin inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “X11 Ltd” şirkəti ilə bağlanmış əmək müqaviləsi əsasında dəniz üzrə müfəttiş vəzifəsində çalışmışdır. O, heç vaxt həmin şirkətdə rəhbər vəzifədə fəaliyyət göstərməmişdir. Hazırda da başqa şirkətdə işləyir. Barəsində inzibati icraat aparılarkən əmək müfəttişliyi tərəfindən hüquqları pozularaq bu barədə ona məlumat verilməmiş, inzibati icraatın aparılmasında iştirak etməmiş, izahatı alınmamışdır. Əgər inzibati icraatın aparılmasından məlumatı olsaydı özündə olan sübutları əmək müfəttişliyinə təqdim edə bilərdi. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili Vəkil çıxışında bildirmişdir ki, X3 “X11 Ltd” şirkəti ilə bağlanmış əmək müqaviləsi əsasında dəniz üzrə müfəttiş vəzifəsində çalışmış, lakin inzibati tənbeh vermə haqqında qərarla o, qeyd olunan şirkətin vəzifəli şəxsi kimi göstərilmişdir. İnzibati icraat aparılarkən bu şəxsə məlumat verilməməklə qanun pozuntusuna yol verilmiş, barəsində xx.xx.2025-ci il tarixli protokol tərtib edilməklə ondan 9 gün sonra, xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan qərar yalnız xx.xx.2025-ci il tarixdə hüquqlarını müdafiə etdiyi şəxsə göndərilmişdir. Bununla da şəxsin qanunda nəzərdə tutulan hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Əmək müfəttişliyi tərəfindən inzibati araşdırmanın natamam formada aparılmasının nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 şikayətin təmin edilməsi üçün əsasın olmadığını, bu şəxsin inzibati xəta hadisəsi aşkar olunan vaxt şirkətin vəzifəli şəxsi olmasını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 26 fevral 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X4 “X11 Ltd” şirkətinin Azərbaycan Respublikası filialında əmək müqavilələrinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin son haqq-hesab ödənilməmişdir. Nəticədə X3 barəsində 900 (doqquz yüz) manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. 26 fevral 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmunundan görünür ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuşdur. “X11 Ltd” və X3 arasında bağlanmış əmək müqaviləsinin 1-ci maddəsindən görünür ki, X3 həmin şirkətdə dəniz üzrə müfəttiş vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 xx.xx.2014-cü il tarixli əmək müqaviləsi əsasında “X11 Ltd” şirkətində dəniz üzrə müfəttiş vəzifəsində çalışır. Həmin sənədin çap tarixi xx.xx.2021-ci ildir. EMİS-dən əldə olunan məlumatlardan görünür ki, X3 ″AMS CASPİAN LTD″-nin Azərbaycan Respublikasındakı filialında hava nəqliyyatında nəzarətçi vəzifəsində çalışır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayət vermiş şəxsin və nümayəndəsinin, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin çıxışlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 26 fevral 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, X1 məhkəmədəki izahatı və şikayət ərizəsinə əlavə etdiyi əmək müqaviləsi bildirişi X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasına və məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas inzibati tənbeh vermə haqqında qərarda əksini tapmamışdır. Hazırkı halda X1 göstərdiyi dəlillər onun inzibati xətanın subyekti olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsində çətinlik yaradır və hesab edilir ki, şəxs inzibati xəta haqqında iş üzrə icraata cəlb olunmaqla işə yenidən baxılması məqsədəmüvafiq olar. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh qərarını qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə habelə qeyd edir ki, şəxsin barəsində inzibati icraatın aparılmasından və inzibati tənbeh vermə haqqında qərardan məlumatsız olması onun konstitusion hüquqlarının pozulması kimi qəbul edilir. Azərbaycan Respublikası İXM-in vəzifə və prinsiplərinə uyğun olaraq mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalı və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X1 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması və zəruri sübutlar inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilməməklə yanaşı, şəxsin iştirakı olmadan barəsində inzibati icraat aparılmaqla və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.2.7-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif bildirişdə göstərilməlidir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar barəsində inzibati icraat aparılan X2 uzun müddət sonra, xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Bu hal belə nəticəyə gəlməyə əsas verir ki, həqiqətən işə baxılmanın yeri və vaxtı barədə V.Qerasimova bildiriş göndərilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyinə görə işə yenidən baxılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin dəlilləri yoxlanılmaqla şəxsin iştirakı təmin edilərək əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X9 tərəfindən qəbul edilmiş 26 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 900 (doqquz yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 26 fevral 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2141/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2141/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver