Məhkəmə qərarları › İş №3(005)-2145/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2145/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2145/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X7 iştirakları ilə, “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldon görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X9 xx.xx.2024-cü il tarixdən, X4 xx.xx.2024-cü il tarixdən bu günkü tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Nəticədə hüquqi şəxs “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən DİN tərəfindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, bir sıra şirkətlər tərəfiindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Şirkətlər müəyyən edildikdən sonra onlara bu barədə məlumat verilmişdir. “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına 21 may 2024-cü il tarixdə məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfi protokola dəvət etsə də, qarşı tərəf iştirak etməmişdir. O, protokolun təmin edilməsini və “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının vəkili Vəkil etiraz edərək bildirmişdir ki, X11 Xidməti tərəfindən verilmiş 08 iyul 2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında protokola əsasən “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı inzibati qaydada cərimə edilmişdir. Belə ki, X11 Xidmətinin sözü gedən protokolu onunla əsaslandırılmışdır ki, şirkət rəhbəri iki vətəndaş X9 və X1 işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçməsi məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə almış lakin həmin şəxslərlə şirkət arasında əmək müqaviləsi bağlanılmamışdır. X11 Xidməti tərəfindən İnzibati tənbeh vermə haqqında protokola əsasən cərimələnəcəyi haqqında “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının məlumatı heç vaxt bilməmiş məlumatı olmadan qeyri qanuni protokol tərtib ediblər. Şirkətin hüquqi ünvanı ünvan 1 ünvanı isə ünvan 2rgədir. Protokolda müəyyən edilib ki, şirkət İXM 192.1-ci maddəsinin tələblərini pozaraq vətəndaşlar X9 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb edilmişlər. Halbuki, yuxarıda adları qeyd olunan vətəndaşlar üçün filial üzərindən icazələr alınmış lakin həmin şəxslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş etməmişdirlər. Belə ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sərbəst formada özlərinə iş yeri seçmək hüququndan istifadə etməklə “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə əmək münasibətləri yaratmaqdan imtina etmişlər. Qeyd etmək lazımdır ki, həmin şəxslərlə zorla əmək münasibətləri yaratmaq qanuna ziddir və qanunvericilikdə bu əməlin məsuliyyəti ilə bağlı cəza tədbiri nəzərdə tutulmuşdur. “ERT X3 Turizm Sanayi ve Ticarət Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun tikintisi və yenidən qurulmasında həyata keçirilən böyük layihələr çərçivəsində keyfiyyətli və yüksək standartlara cavab verən işlər görmüşdür. X11 Xidməti qanunsuz olaraq, heç bir araşdırma aparmadan həmçinin direktor Tanrıverdi Üzeyiri vəzifəli şəxs kimi inzibati qaydada İXM-nin 192.1 maddəsilə 3000 azn qanunsuz olaraq cərimə etmişdir. “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının vəkili Vəkil bildirmişdir ki, protokolda adı çəkilən şəxslər dəvət olunub, izahatları alınmalı və həmin şəxslərin Qarabağ bölgəsinə gedib-getməmələri araşdırılmalı idi. O, “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X12 bildirmişdir ki, X9 və X4 “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının işçiləri olmamışdır. Onlar üçün icazə alınsa da, həmin şəxslər orada işləməmişlər. Filial şəxsləri aparıb orada iş şəraiti ilə tanış edir, əmək münasibəti yaratmaq istəməyənlər ilə əmək müqaviləsi bağlamır. O, DƏMX-nin 08 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 192.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldon görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X9 xx.xx.2024-cü il tarixdən, X4 xx.xx.2024-cü il tarixdən bu günkü tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Nəticədə hüquqi şəxs “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına olan “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı rəhbərliyinə ünvanlanan 25 iyun tarixli məktubdab görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-30930/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alıran işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-cü maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarından görünür ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülkihüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Azərbaycan Respiblikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İV hissəsinə əsasən-əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X4 və X6 adına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X4 və X9 müvafiq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, qanunazidd şəkildə əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün işçi və işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində qeydiyyata alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X4 və X9 mülki hüquqi müqavilə olmadan, əmək müqaviləsi bağlanmadan və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İnzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman məhkəmə tərəflər arasında yaranan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verərək əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranması qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və həmin inzibati xətaya yol vermiş orqan “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın orqan “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında orqan “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, orqan “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “ERT X2 Turizm Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20.000 (iyirmi min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar