Məhkəmə qərarları › İş №3(005)-2147/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2147/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2147/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Zərərçəkmiş şəxslər – X1, X5 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Cəlilabad rayonu Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Yeni Klinika” PHŞ-nin daxili təhlükəsizlik şöbəsinin rəisi işləyən, Cəlilabad rayonu Adnalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İcraatın başlanması haqqında həmin qərardan görünür ki, vəzifəli şəxs - “Yeni Klinika” PHŞ-nin daxili təhlükəsizlik şöbəsinin rəisi Şəxs razılığı əsasında həmin şöbədə mühafizəçi kimi işləyən X7 ilə X8 birlikdə müxtəlif şirkətlərin əməkdaşlarının “Yeni Klinika” PHŞ-nin inzibati binasına buraxılmasına və həkimlərə dərman vasitələrinin reklamı və satışının həyata keçirilməsinə rəsmi icazə verilməsi üçün 2024-cü ilin yanvar-aprel ayları ərzində rüsum adı altında ayrı-ayrılıqda 500 manatdan artıq olmayan məbləğdə pul vəsaitlərini alaraq hər hansı buraxılış vərəqəsi və ya ödənişə dair qəbz təqdim etmədən dələduzluq yolu ilə özgəsinin əmlakını talamış, bununla da Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 qərarda göstərilənlərə uyğun izahat verərək, Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, əməlindən peşmandır və bir daha bu cür hallara yol verməyəcəkdir. Sonda Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahat verərək, barəsində icraat aparılan şəxs onlara rəsmi icazə olduğunu və onlar da buna görə həmin şəxsə 100 manat verdiklərini bildirmişdir. Sonda zərərçəkmiş şəxs X12 şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək, barəsində icraat aparılan şəxsə 100 manat verdiyini və pulunun geri qaytarıldığını qeyd edərək şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək, barəsində icraat aparılan şəxsə 200 manat verdiyini və pulunun geri qaytarılmadığını bildirərək şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edildi: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 02/4-488-24-01 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə təqdim edilməsi qərara alınmışdır. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halı, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar