Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2147/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbaslı Pərvanə Ehtibar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi(vəkili) Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı seriyalı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan və 11 iyun 2025-ci il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, bildirir ki, Bakı şəhər DYPİ-nin 01-iyun 2025-ci il tarixli, İXP ******* saylı protokolu və 11 iyun 2025-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və ona 100 manat cərimə tətbiq edilmişdir. Cavabdeh orqanın vəzifəli şəxsi heç bir inzibati xəta törətmədiyi halda inzibati məsuliyyətə cəlb edilməyi barədə protokol tərtib etmişdir. Belə ki, gün ərzində dəfələrlə DYPİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılaraq qeyriprosessual davranışlara yol verməyə təkid edilir. Qarşı tərəfi qane etmədiyindən 01 iyun 2025-ci il tarixdə barəsində inzibati məsuliyyətə cəlb edilməyim barədə protokol tərtib edilmişdir. Eyni zamanda icraat ona məlumat verilmədən, bildiriş göndərilmədən, hüquq və vəzifələrim haqqında onu məlumatlandırmadan, inzibati xəta haqqında icraatın aparılmasını gizli şəkildə apararaq bu cür əsassız və qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən də o həmin qərarın nəyə əsaslandığından məlumatsızdır. Onlar onu qərar qəbul edərkən çağırmadıqları üçün öz mövqeyini müdafiə edə bilməmişdir. Qərarla razı deyil. İnzibati xəta haqqında işə baxılarkən və qərar qəbul edilərkən onun iştirakı təmin edilməli idi. Hətta qəbul edilmiş qərar da ona təqdim edilməmişdir. Bildirir ki, cavabdeh orqanın vəzifəli şəxsindən inzibati xətanı törətməyini təsdiq edən görüntü göstərilməsini tələb etsə də xəta törətmədiyi üçün belə görüntünün göstərilməsindən yayınmışlar. Xahiş edir ki, cavabdeh orqan videogörüntüləri məhkəməyə təqdim etsin və məsələ araşdırılsın. Bakı şəhər DYPİ-nin əməkdaşı nəinki qanunsuz protokol və qərar tərtib etmiş, eyni zamanda onu təhqir edərək çox kobud davranışlara yol vermişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi (vəkili) Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokolun və 11 iyun 2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X2 “Porsche Cayenne E-Hybrid” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, TP seriyalı 73505165 saylı qərardan elektron çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edərək X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Belə ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhəri X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X1 iştirakı ilə videogörüntülərə və digər sübutlara baxış keçirilməklə işə yenidən baxılması üçün Bakı şəhər X5 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2147/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2147/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver