Məhkəmə qərarları › İş №3(005)-2148/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2148/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2148/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Yeni Klinika PHŞ-nin mühafizəçisi vəzifəsində çalışan, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına dair qərarı toplanmış materiallarla birgə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidə göndərmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilir ki, “Yeni Klinika” PHŞ-nin daxili təhlükəsizlik şöbəsinin mühafizəçisi Şəxs həmin şöbədə mühafizəçi kimi işləyən X6 ilə birgə daxili təhlükəsizlik şöbəsinin rəisi X1 razılığı əsasında müxtəlif şirkətlərin əməkdaşlarının “Yeni Klinika” PHŞ-nin inzibati binasına buraxılmasına və həkimlərə dərman vasitələrinin reklamı və satışının həyata keçirilməsinə rəsmi icazə verilməsi üçün 2024-cü ilin yanvar-aprel ayları ərzində rüsum adı altında ayrı-ayrılıqda 500 manatdan artıq olmayan məbləğdə pul vəsaitlərini alaraq hər hansı buraxılış vərəqəsi və ya ödənişə dair qəbz təqdim etmədən dələduzluq yolu ilə özgəsinin əmlakını talamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4 inzibati xəta haqqında iş üzrə materialın məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs həmin şöbədə mühafizəçi kimi işləyən X6 ilə birgə daxili təhlükəsizlik şöbəsinin rəisi X1 razılığı əsasında müxtəlif şirkətlərin əməkdaşlarının “Yeni Klinika” PHŞ-nin inzibati binasına buraxılmasına və həkimlərə dərman vasitələrinin reklamı və satışının həyata keçirilməsinə rəsmi icazə verilməsi üçün 2024-cü ilin yanvar-aprel ayları ərzində rüsum adı altında ayrı-ayrılıqda 500 manatdan artıq olmayan məbləğdə pul vəsaitlərini alaraq hər hansı buraxılış vərəqəsi və ya ödənişə dair qəbz təqdim etmədən dələduzluq yolu ilə özgəsinin əmlakını talamışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin yanvar ayından “Yeni Klinika” xəstəxanasının daxili təhlükəsizlik şöbəsində mühafizəçi vəzifəsində işləmiş, 2023-cü ilin avqust ayında çalışdığı şöbəyə Bəxtiyar Novruzov rəis təyin olunduqdan sonra sonuncu həmin ilin dekabr ayında aylıq 150 manat müqabilində dərman şirkətlərinin nümayəndələrini xəstəxana ərazisinə buraxmağa icazə verilməsini tapşırmış və firma nümayəndələri ilə danışaraq pul vəsaitinin alınmasına icazə vermişdir. Bundan sonra Orxan Cəfərzadə və şöbənin mühafizəçisi Şəxs tanıdıqları müxtəlif şirkət nümayəndələrinə ilkin olaraq aylıq 150 manat müqabilində klinikaya daxil olub dərman preparatlarını reklam etmələri üçün icazə vermişlər. Şəxs “Yeni Klinika” PHŞ-nin inzibati binasına daxil olaraq dərman vasitələrinin reklamı ilə məşğul olmalarına icazə verilməsi müqabilində bir neçə dəfə firma nümayəndələrindən müxtəlif məbləğlərdə pul almışdır. Əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Aparılan araşdırma zamanı 10 nəfər şirkət əməkdaşı və X3 eyni məzmunlu izahatlar verərək bildirmişlər ki, “Yeni Klinika” PHŞ-nin mühafizəçisi vəzifəsində işləyən Orxan Cəfərzadə qeyd edilən səhiyyə müəssisəsinə buraxılmalarının rəsmiləşdirilməsi və buraxılış vərəqəsinin verilməsi müqabilində 2024-cü ilin yanvar-aprel ayları ərzində müvafiq olaraq A.Doqbayevadan 350 manat, A.Bədirovadan 100 manat, E.Əsgərovdan 100 manat, G.Ağasalıyevadan 200 manat, H.Babayevadan 100 manat, İ.Rəfiyevdən 200 manat, A.Yadigarovdan 400 manat, Z.Paşayevadan 150 manat, E.Gajiyevadan 100 manat, L.Novruzavadan 150 manat və C.Kazımovdan 200 manat məbləğində pul vəsaitlərini almış, lakin heç bir buraxılış vərəqəsi və ya ödənişə dair qəbz təqdim etməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 may 2024-cü il tarixli qərardan görünür ki, Orxan Cəfərzadə, Şəxs və Bəxtiyar Novruzov 1.100 manat məbləğində dəymiş ziyanı, həmin məbləğin 25% hissəsi olan 276 manat pul vəsaitini 02 may 2024-cü il tarixdə Baş Prokurorluğun depozit hesabına ödədiklərindən, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, , məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. İXM-in 33-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar