Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2148/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikaı DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27428676 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27428676 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə EQ 27428676 nömrəli qərardan verdiyi şikayət əsasında xx.xx.2025-ci il tarixli məhkəmə qərarına əsasən inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq iş yenidən baxılması və araşdırılması üçün BDYPİ-nə göndərilmiş, lakin heç bir araşdırma aparılmadan xx.xx.2025-ci il tarixdə həmin qərarın (EQ ********) qüvvədə saxlanılması haqqında “Asanpay”-dən mesajla bildiriş daxil olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərara daha əvvəl də baxılmış və məhkəmə qərarı ilə ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən hər hansı araşdırma aparılmadan yenə də eyni qərar qəbul edilmişdir. Həmin yolda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına digər nəqliyyat vasitələrinin daxil olmasına dair vaxt məhdudiyyəti ilə bağlı quraşdırılmış lövhənin videogörüntüsünü təqdim etmişdir. Belə ki, o, idarə etdiyi **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospekti ilə “Santral Elektrik” adlanan hissədə 20 Yanvar metrostansiyası istiqamətində saat 07:00-10:00 və 17:00-20:00 vaxt aralığında hərəkətin qadağan edildiyi yerdə qadağanın olmadığı vaxtda, yəni xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq hərəkətini davam etdirmiş, bu yolun Dərnəgül 1 küçəsi ilə kəsişmə hissəsində isə saat 07:00-21:00 vaxt aralığında hərəkətin qadağan edildiyi yerə keçən kimi dərhal həmin zolaqdan çıxmışdır. Qeyd olunan nişanı qısa vaxt ərzində görmüş, ona görə də yol nişanını keçən kimi zolağı tərk etmişdir. Ona görə də əməlində inzibati xəta tərkibi olmadığından şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27428676 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 12:33-də Z.Bünyadov prospekti ilə Dərnəgül 1 küçəsinin kəsişməsində 20 Yanvar metrostansiyası istiqamətində “BYD Destroyer 05 Plug-in Hibrid minik” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta hadisəsini əks etdirən videogörüntünün olduğu “CD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:33-də Z.Bünyadov prospekti ilə Dərnəgül 1 küçəsinin kəsişməsində 20 Yanvar metrostansiyası istiqamətində “BYD Destroyer 05 Plug-in Hibrid minik” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmişdir. X1 təqdim etdiyi videogörüntüdən görünür ki, Z.Bünyadov prospektinin “Santral Elektrik” adlanan hissəsindən 20 Yanvar metrostansiyası istiqamətində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında saat 07:00-10:00 və 17:00-20:00, bu yolun davamı olaraq isə Dərnəgül 1 küçəsi ilə kəsişmə hissəsində saat 07:00-21:00 vaxt aralığında digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, təqdim olunan videogörüntülərə baxış keçirib belə qənaətə gəlir ki, S.C.Həmidov onun tərəfindən inzibati xətanın törədilmədiyini bildirsə də bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini qeyd etsə də inzibati xəta hadisəsinin görüntülərini özündə əks etdirən videogörüntüdən göründüyü kimi o, xx.xx.2025-ci il tarixdə saat 12:33 radələrində Ziya Bünyadov prospekti ilə Dərnəgül küçəsinin kəsişməsində idarə etdiyi “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı, **-KK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə qoyulmuş məhdudiyyətə baxmayaraq hərəkət etdirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə şərh olunan qanunun normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27428676 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27428676 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2148/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2148/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver