Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-215/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadı Gülzadə Çingiz qızının katibliyi ilə, X1 nümayəndəsi və vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş 16 sentyabr 2022ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib olunmuş 16 sentyabr 2022-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01 sentyabr 2022-ci il tarixdə təxminən saat 11-12 radələrində X7 dostu X10 birlikdə Çəngi kəndində yaşayan dostları ilə görüşüb istirahətə gedən zaman yolu bir avtomobil kəsib və avtomobildən iki nəfər şəxs özlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri kimi təqdim edib, qanunsuz ov etdiklərini bildirmişlər. Onlar isə ümumiyyətlə ov etməyə gəlmədiklərini bildirib, ov tüfənginin üzərlərində olmasına səbəb isə çöldə piknik kimi istirahət eləcəklərindən vəhşi heyvanlardan qorunmaq zərurəti ola biləcəyini bildirmişlər. Uzun mübahisədən sonra X6 məxsus ov tüfəngini alıb növbəti gün gəlib götürməyi bildirmişlər. Növbəti gün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmişlər və izahat vermişlər. Oradakı əməkdaşlara ov etmədiklərini, onlar tərəfindən hər hansı bir heyvanın və ya canlının ovlanmadığını, nəinki ovlanmadığını hətta havaya belə atəş açılmadığını bunu sübut edən halların olmadığını bildirmişlər. Bundan sonra onlara məxsus ov tüfəngləri geri qaytarılsa da bir müddət sonra protokol və qərar çıxarılaraq X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Göstərdiyi hallara və qanun normalarına istinad edərək hesab edir ki, barəsində çıxarılmış inzibati sanksiyanın tətbiq edilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 vəkili Nümayəndə şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsini müdafiəçisini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 X7 barəsində İnzibati tənbeh vermə haqqında 16 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv olunmalı və iş üzrə yenidən araşdırma aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə həvalə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 sentyabr 2022-ci il tarixli, MN nömrəli ******* nömrəli qərarından görünür ki, X3 rayonu, Ağdərə kəndi yaxınlığı, “Çəkil” çayının sol sahilində qanunsuz ov fəaliyyəti ilə məşğul olmasına görə 1000(min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, idarənin 23 avqust 2022-ci il tarixli 72 saylı sərəncamına əsasən xidməti ərazidə 01 sentyabr 2022-ci il tarixdə brokonyerliyə və qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə keçirilən reyd zamanı saxlanılan qanunsuz ov edən X4 inzibati xətanın törədilməsində maddi sübut kimi götürülmüş 12 kalibrli “Kinci” markalı, BG markalı 048150Z nömrəli 1 ədəd ov silahı, 12 nömrəli fabrik istehsalı olan plastik dolu patronlar, 1 ədəd patrondaş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş ictimai Təhlükəsizlik idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2427 nömrəli Şəhadətnamə (əsli) X6 (AZE ********) təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3048/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş 16 sentyabr 2022-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-3011/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya İdarəsinin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3048/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya şikayəti qismən təmin edilmiş, edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş 16 sentyabr 2022-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 xüsusi ov geymində olmaqla silahı açıq və atışa hazır vəziyyətdə olması yəni ov üçün müəyyən edilmiş qaydaların pozulub-pozulmaması araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X7 inzibati xətanın mövcudluğu ilə razı olmadığından inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmalı, şəxsin ov üçün qadağan olunmuş ərazidə ov silahının açıq şəkildə gəzdirilməsi, ovun güdülməsi, izlənilməsi və sair ov qaydalarının pozulub-pozulmaması üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci tarixli, MN ******* nömrəli X7 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci tarixli, MN ******* nömrəli X7 barəsində qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-215/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-215/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver