Məhkəmə qərarları › İş №3(005)-2151/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2151/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2151/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 21 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ilə Ə.Dəmirçizadə küçələrinin kəsişməsində 01.09.2021-ci il tarixdə, saat 11:03-də X5 əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MTK tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 izahatında göstərdi ki, 01.09.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması məqsədi ilə monitorinq keçirilmişdir. Monitorinq nəticəsində Şəxs MTK tərəfindən əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə görə bir nəfər şəxsin işə cəlb edilməsi aşkar olunmuşdur. Tərəflərindən aparılan araşdırma zamanı dəlillər öz təsdiqini tapmışdır. Nəticədə Şəxs MTK tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MTK barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 01.09.2021-ci il tarixli, 00215 nömrəli yoxlama aktından görünür ki, yoxlamanın obyekti Şəxs MTK və həmin şirkətdə əmək müqaviləsi və ya mülki-hüquqi müqaviləsi olmayan şəxslərin əmək münasibətlərinə cəlb edilib-edilməməsinin müəyyən etmək olmuşdur; Şəxs MTK tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2021-ci il 30 avqust tarixli, MİHO/4 1-3 2-2021-21 nömrəli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ilə Ə.Dəmirçizadə küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı Şəxs MTK-da qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2021-ci il 01 sentyabr tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektində Şəxs MTK (VÖEN **********) tərəfindən işə cəlb edilmiş 1 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı, 1 nəfər şəxslə əmək və ya xidməti (mülki) müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Əmək müqaviləsi bağlanmayan işçi "xxxx" MTK-nın (VÖEN **********) işçisidir. "xxxx" MTK ilə Şəxs MTK arasında podrat müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 30.08.2021-ci il tarixli qərarı ilə “Tikinti sahəsində qeyri-formal əmək məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.04.2017-ci il tarixli, 1349 nömrəli Fərmanına uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ilə Ə.Dəmirçizadə küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı Şəxs MTK-da 2021-ci ilin 1-3 sentyabr tarixlərində monitorinq qrupu tərəfindən plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 01.09.2021-ci il tarixli, KY211608587 nömrəli çıxarışın surətindən görünür ki, Şəxs MTKda yoxlama 01.09.2021-ci il tarixdə başlanır, 03.09.2021-ci il tarixdə bitir; “Tikinti obyektində yoxlanılan şəxlərin Siyahısı”nda Şəxs MTK işləyən 1 nəfər şəxsin (X5) əmək müqaviləsi və ya mülki (xidməti) müqavilə olmadan işə cəlb edildiyi göstərilmişdir; Şəxs MTK-nın sədri X6 tərəfindən verilmiş izahatdan görünür ki, “Asan Xidmət” tərəfindən 01.09.2021-ci il tarixdə həyata keçirilmiş yoxlama zamanı X3 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuşdur. Belə ki, onların işçiyə ehtiyacı olduğundan 01.09.2021-ci il tarixində X5 qaynaq işlərinin görülməsi üçün işə çağırılmışdır. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs MTK tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MTK tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MTK-nın rəhbərliyi tərəfindən verilmiş izahatda vətəndaş X3 Şəxs MTK-da işə götürülmədiyi, onunla heç bir müqavilə bağlanmadığı və barəsində işə götürməklə bağlı əmr verilmədiyi göstərilmişdir. Yəni, Şəxs MTK tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəxs MTK tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MTK barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MTK tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MTK-nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MTK İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar