Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2158/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2, 239 və 266.2-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 233.1, 237.2, 239 və 266.2-ci maddələri ilə MN seriyalı ******* nömrəli, 05 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 2096, küçə 507 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt zavodunun ərazisində keçirilən reyd zamanı qaz-toz tutucu qurğuların istismar qaydalarının pozulduğu, müəssisədaxili monitorinqlər aparılaraq hesabatların təqdim edilmədiyi və tullantıların emalı yerlərinin müəyyənləşdirilmədiyi müəyyən edilmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2, 239 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Ekologiya və Təbii Sənətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi protokolu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin və hər hansı səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədən tərtib etmişdir. Eyni zamanda İdarə monitorinq apararkən “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin 6.1.1-ci yarımbəndinin tələblərini kobudcasına pozmuşlar. Fərmanda qeyd edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı şikayət olduqda yoxlama keçirilə bilər. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yoxlama aparmamış, sadəcə cihazı havaya tutmuşlar. Əgər MMC tərəfindən havaya zəhərli maddələr atılsa idi, bu zaman sahibkara pasport verilməzdi. Aşkar edilən pozuntu real olsa da bu zaman ən az 3-4 dəfə yoxlama aparılmalıdır. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 233.1, 237.2, 239 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 05 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 2096, küçə 507 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt zavodunun ərazisində keçirilən reyd zamanı qaz-toz tutucu qurğuların istismar qaydalarının pozulduğu, müəssisədaxili monitorinqlər aparılaraq hesabatların təqdim edilmədiyi və tullantıların emalı yerlərinin müəyyənləşdirilmədiyi müəyyən edilmişdir. 80416 nömrəli, 21.06.023-cü il tarixli aktdan görünür ki, İdarənin xx.xx.2023-cü il tarixli,158 nömrəli Sərəncamına əsasən Nərimanov rayonu xidməti ərazisində “X4 haqqında’’, “Atmosfer havasının mühafizəsi haqqında’’, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər qanunvericilik aktlarının icrasına nəzarət olunması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 2096, küçə 507 ünvanında fəaliyyət göstərən "xxxx" MM-nə (VÖEN:**********) məxsus asfalt zavoduna baxış keçirildi. Keçirilən baxış zamanı zavodun ərazisində istehsal sahəsinə yaxın ərazidə müxtəlif tərkibli istehsalat tullantılarının qalaqlandığı və zavodun fəaliyyəti nəticəsində tüstü borusundan atmosfer havasına qatı və pis qoxulu tüstünün atılması faktı aşkar olundu. Eyni zamanda istehsal prosesi zamanı ətraf mühitə buraxılan tullantıların təmizlənməməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulması və ya bunlardan istifadə edilməməsi nəticəsində baş verən hallar müşahidə edildi. Özünü zavodun mühəndisi kimi təqdim edən X2 (Telefon nömrəsi 050 221 77 36) (şəxsiyyət vəsiqəsi əlavə olunur) şifahi olaraq “rəhbərliyin orada olmamasını əsas gətirərək zavodun fəaliyyəti ilə əlaqədar ekoloji normativ sənədləri (X5, Ekoloji Pasport və digər sənədləri ) tullantıların daşınması üçün müqavilələri və zavodla bağlı digər sənədləri təqdim edə bilməyəcəyini bildirdi’’. Həmçinin aparılmış araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il ərzində ətraf mühitə atılan axıdılan və yerləşdirilən tullantılara görə 2TG statistik hesabatların idarəyə təqdim olunmadığı, müəssisədaxili monitorinqlərin aparılmadığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 308 nömrəli Qərarının tələblərinə əsasən zavodun fəaliyyəti nəticəsində formalaşan tullantılara dair aylıq hesabatların təqdim edilərək X4 üzrə Dövlət Fonduna ekoloji ödənişlərin ödənilmədiyi məlum oldu. Aşkar olunmuş faktlarla bağlı “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 18, 32, 47, 52 və 57-ci maddələrinin “İstehsalat və məişət tullantıları haqqında ’”Azərbaycan Respublikası Qanununun 8, 11 və 12-ci maddələrinin və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbləri pozulmuşdur. Akta özünü zavodun mühəndisi kimi təqdim edən X1 şəxsiyyət vəsiqəsinin surəti və ərazidən çəkilmiş fotoşəkillər əlavə edilir. Akt 2 (iki) nüsxədən ibarət tərtib edildi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 233.1, 237.2, 239 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(103)-1926/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati qərar qəbul edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 233.1, 237.2, 239 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 3(005)-2158/2023 saylı qərarı şikayətə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli Ekoloji Pasportdan görünür k, həmin pasport Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında məlumat, müəssisənin təhlükəlilik sinfinin təyini, zərərli maddələr və atmosferə zərərli tullantı atan mənbələrin, çirkab suyun xarakteristikası, bir sözlə, Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi fəaliyyəti araşdırılaraq verilmiş və onun qanuni fəaliyyətini təsdiq etmişdir. Məhkəmə, təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2023-cü il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin 6.1.1.-ci varımbəndinə əsasən atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatılığın müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir. “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarını tənzimləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 25 iyun 2023-cü il tarixli Ekoloji Pasport verilmişdir. Həmin Pasport Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında məlumat, müəssisənin təhlükəlilik sinfinin təyini, zərərli maddələr və atmosferə zərərli tullantı atan mənbələrin, çirkab suyun xarakteristikası, bir sözlə, Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi fəaliyyəti araşdırılaraq verilmiş və onun qanuni fəaliyyətini təsdiq etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən bu tələblər əsasında yoxlama aparılaraq MMC-nin fəaliyyətinin qanuniliyi, heç bir pozuntu olmamasını təsdiq edən ekoloji pasport verildiyi halda, həmin müddət ərzində Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əsasnaməyə uyğun tələblərə əməl edilmədən sadəcə cihazı havaya tutaraq ölçmə işləri aparmaqla yoxlamanı həyata keçirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İdarə tərəfindən “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə əməl etmədən idarənin əməkdaşları tərəfindən sadəcə cihazla zavodun ərazisinə daxil olmadan həmin cihazı havaya tutaraq ölçmə işlərnin aparılması, yəni yoxlamanın bu şəkildə həyata keçirilərək protokol tərtib edilməsi əsasızdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə isə zavodun çöl tərəfində tullantıların olduğu müşahidə edilir. Lakin məhkəmə araşdırması zamanı həmin tullantıların barəsində inzibati icraat aparılan hüquqi şəxsə məxsus olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.2, 239 və 266.2-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2023cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2158/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2158/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver