Məhkəmə qərarları › İş №3(005)-216/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-216/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-216/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, həmçinin onun vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili və nümayəndəsi Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 09 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə, saat 12:00-da Şəxs sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi ünvan 1 (Nərimaov ray, M.Fətəlizadə küçəsi, ev 45a, mənzil) ünvanında yerləşən “Nurlu Kargo” obyektində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu halda belə lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 3940,28 (üç min doqquz yüz qırx manat 28 qəpik) manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Bununla da Şəxs barəsində İXM-in 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında yalnız kuryer xidmətləri göstərdiyini bildirdi. Belə ki, onun maşını və hansısa nəqliyyat vasitəsi yoxdur. Onun gördüyü işlər ayrı-ayrı şəxslərdən aldığı sifarişə əsasən müxtəlif malları hava limanında qəbul edib müxtəlif ünvanlara sahiblərinə çatdırmaqdan ibarət olmuş və məhz onun hesabına bu xidmətin yerinə yetirilməsi ilə bağlı xidmət haqqı köçürülmüşdür. O poçt daşımasısürətli poçt fəaliyyəti ilə məşğul olmamışdır. Bu səbəbdən barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin izahatına əlavə olaraq bildirdi ki, Şəxs sürətli poçt fəaliyyəti ilə məşğul olmamışdır. Kuryer xismətləri göstərmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunununda isə bu fəaliyyətlə mıəşğul olmaq üçün lisenziya tələb olunduğu göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, Şəxs fəaliyyəti poçt xidməti olmuşdur. Lakin, Şəxs qanunvericiliklə bu fəaliyyətlə məşğul olmaq üçün müəyyən edilmiş şərtlərə, yəni lisenziya alınması tələbinə riayət etməmişdir. Göstərilənlərə əsasən İXM-in 398-ci maddəsinin sanksiyasına uyğun olaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İş materiallarında olan fiziki şəxs haqqında olan məlumatdan görünür ki, Şəxs (VÖEN: **********) sair poçt və kuryer fəaliyyəti ilə məşğuldur. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4202 №-li qərardan görünür ki, Şəxs məxsus ünvan 1 ünvanında yerləşən obyektdə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi hallarına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY221878517 nömrəli çıxarışın surətindən görünür ki, fərdi sahibkar Şəxs barəsində plandankənar (növbədənkənar) operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə başlanır, xx.xx.2023cü il tarixdə bitir; xx.xx.2022-ci il tarixli “Lisenziya tələb olunan fəaliyyət növləri belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında Akt”dan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları operativ vergi nəzarətini həyata keçirərkən, fərdi sahibkar Şəxs VÖEN: ********* sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi faktı müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 398-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir; 3.1-ci maddəsinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün rəsmi sənəd hesab olunan lisenziyanın alınması tələb olunan fəaliyyət növlərinin siyahısı yalnız “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmalıdır. Sözügedən Qanunda isə kuryer fəaliyyətinin həyata keçirilməsinə dair lisenziya nəzərdə tutulmamışdır. Məhkəmə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin maddənin məzmunundan göründüyü kimi maliyyə bazarları sahəsində lisenziya və icazə sistemi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. Bu isə sadalanan qanunvericilik aktlarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda lisenziya və icazə sistemi ilə bağlı fərqli müddəaların nəzərdə tutulması mənasını ifadə etmir. Belə ki, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks olunması, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilməməsi tələbi Qanunun imperativ normasıdır (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsi). “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən Poçt rabitəsi - poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemidir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti; Məhkəmə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad olunan inzibati xətaya dair qeyd edir ki, şəxsin İXM-in 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün onun tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi kimi hərəkətlərdən biri törədilməlidir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi izahatında Şəxs sürətli poçt xidməti ilə məşğul olduğunu göstərmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda sürətli poçt rabitəsi xidmətini- fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti, kuryer xidmətini isə - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd olunan xidmətlər müxtəlif olmaqla fəaliyyət istiqamətləri də fərqli işlərin görülməsindən ibarətdir. Şəxs izahatından aydın olduğu kimi onun gördüyü işlər ayrı-ayrı şəxslərdən aldığı sifarişə əsasən müxtəlif malları hava limanında qəbul edib müxtəlif ünvanlara sahiblərinə çatdırmaqdan ibarət olmuş və məhz onun hesabına bu xidmətin yerinə yetirilməsi ilə bağlı xidmət haqqı köçürülmüşdür. Yəni göstərilən şəxs tərəfindən sürətli poçt rabitəsi xidməti deyil, kuryer xidməti həyata keçirilmişdir. Kuryer xidmətinin yerinə yetirilməsi üçün hər hansı lisenziyanın alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlər məhkəməyə Şəxs əməlində İXM-in 398-ci maddəsinin tərkib hissəsinin olmaması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə, Şəxs əməlinə münasibətdə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni də rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, fərdi sahibkar Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı sübuta yetmədiyindən, yəni onun tərəfindən sürətli poçt xidmətinin həyata keçirilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur, buna görə də qeyd edilən şəxs İXM-in 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar