Məhkəmə qərarları › İş №3(005)-2171/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2171/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2171/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, rəsmi olaraq heç bir yerdə işləməyən, (Bloger fəaliyyəti ilə məşğul olan), ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 27 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 2019-cu ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə “Mostbet” qanunsuz mərc oyununu reklam etməklə həmin oyunlarda insanları mərclərə pul qoyuluşlarına, habelə həmin saytlarda iştiraka təhrik etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı X3 çıxış edərək bildirmişdir ki, "xxxx" QSC Baş İdarəyə məktubla müraciət edərək Cəmiyyət tərəfindən mütəmadi olaraq idman mərc oyunları bazarında qanunsuzluqların müəyyən edilməsi istiqamətində araşdırmalar aparıldığını, tərəflərindən aparılan araşdırmalar nəticəsində ölkə ərazisində internet informasiya ehtiyatları, o cümlədən sosial şəbəkələr vasitəsilə davamlı olaraq bu cür qanunsuz mərc saytlarını reklam edən və onlara pul qoyuluşlarını təşviq edən şəxslər müəyyən etdiklərini bildirmiş, qeyd etmişdir ki, bu şəxslər sosial şəbəkələrdə davamlı olaraq “İXBET”, “Mostbet” və s. qanunsuz fəaliyyət göstərən mərc saytlarını reklam etmişlər və bu saytlarda mərclərə pul qoyuluşları etməyə təşviq edirlər. Qanunsuz mərc saytlarını təşviq etməklə yanaşı, bəzi hallarda həmin saytlar vasitəsilə mərc oyunlarında pul qoyuluşlarının da hansı şəkildə edilməsini izah edirlər. Bu cür halların qabaqcadan razılaşdırılaraq bir qrup şəxs tərəfindən törədilməsinə dair şübhələrimiz vardır. Göstərilənləri nəzərə alaraq, bu cür şəxslər tərəfindən hüquqazidd əməllərin törədilməsinin qarşısının alınmasında və onlar barəsində müvafiq hüquqi tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlə bağlı araşdırmalar aparılmış və aşkar edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli, 153 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması qaydasına uyğun olaraq “bet365", "MELBET", “BETWİNNER", “1xBit.com”, “MostBet", "İxbet", “Vulkanbet", “22bet", “betmaster", "parimatch", “1bet” və “1Win” internet səhifələri ölkə ərazisində idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmamışlar. Araşdırma gedişində eyni zamanda müəyyən edilmişdir ki, Şəxs 2019-cu ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə “Mostbet” qanunsuz mərc oyununa insanları təhrik etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir daha belə əmələ yol verməyəcək. 2019-cu ilin oktyabr ayında internet üzərindən gördüyü “mostbet.ws” səhifəsini işlədən şəxs ona müraciət etmiş və həmin mərc saytını reklam etməsini istəmişdir. O da bu təkliflə razılaşmış və “Şəxs_samiroglu" instaqram profilində həmin mostbet mərc saytını reklam etmiş və ona verilən yazıları orada səsləndirmişdir Bu videonu isə paylaşmışdır. Daha sonra mostbet öz səhifəsində də onun videosunu paylaşdı. Ona bunun əvəzində 1000 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alıb barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: "xxxx" QSC –nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı 20.09.2021-ci il tarixli 62/21 nömrəli məktubdan görünür ki, ölkə ərazisində internet informasiya ehtiyatları, o cümlədən sosial şəbəkələr vasitəsilə davamlı olaraq bu cür qanunsuz mərc saytlarını reklam edən və onlara pul qoyuluşlarını təşviq edən şəxslər müəyyən edildiyini, bununla da bu cür şəxslər tərəfindən hüquqazidd əməllərin törədilməsinin qarşısının alınmasında və onlar barəsində müvafiq hüquqi tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı 21.09.2021ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli, 153 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması qaydasına uyğun olaraq “bet365", "MELBET", “BETWİNNER", “1xBit.com”, “MostBet", "İxbet", “Vulkanbet", “22bet", “betmaster", "parimatch", “1bet” və “1Win” internet səhifələri ölkə ərazisində idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmamışlar. 01 ədəd CD diskdən görünür ki, Şəxs özünə məxsus olan “Şəxs_samiroglu" instaqram profilində həmin “Mostbet” mərc saytını reklam etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Həmin qanunun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib edilmiş 27 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 2019-cu ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə “Mostbet” qanunsuz mərc oyununu reklam etməklə həmin oyunlarda insanları mərclərə pul qoyuluşlarına, habelə həmin saytlarda iştiraka təhrik etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Şəxs tərəfindən qeyd olunan inzibati xəta 2019-cu ilin oktyabr ayında törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın 2019-cu ilin oktyabr ayında törədildiyini və həmin vaxtdan 3 ay müddətin keçdiyini nəzərə alaraq Şəxs 27 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi 2019-cu ilin oktyabr ayından artıq 2 ilə yaxın müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə 27 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar