Məhkəmə qərarları › İş №3(005)-2171/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2171/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2171/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, BDYPİ tərəfindən EQ 27668808 nömrəli protokola görə öz şikayətini bildirmək istəyir. “Gənclik Mall” Ticarət mərkəzinin qarşısında çəkilən protokol yanlış informasiya verir. O, orada avtomobili saxlamamışdır. Onun qabağında avtomobil dayanmışdır. Həmin avtomobilin üstündən və ya altından keçə bilməzdi. Eyni zamanda kimisə mindirib-düşütsəydə həmin anı çəkə bilərdilər. Sərnişin özü düşmək istəmiş və qapını açmış, ona da başa salmışdır ki, burada düşmək qadağandır. O da avtomobilin qapısını bağlamışdır. Həmin qərar üzrə ona tətbiq olunmuş cərimə və qərarın icrasına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək və məhkəməyə barəsində qəbul edilmiş digər inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş müvafiq fotogörüntüləri təqdim edərək bildirmişdir ki, həqiqətən də avtomobili saxlamamış, tıxac olduğuna görə avtomobil dayanmış vəziyyətdə olmuş, sərnişin avtomobildən düşmək istəsə də o, buna icazə verməmişdir. Əgər sərnişin avtomobildən düşmüşdü protokola həmin fotoşəkli də əlavə edə bilərdilər. Ona görə şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilən səlahiyyətli orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27668808 nömrəli inzibati tənbeh vermə haqqında qərardan çıxarışdan görünür ki, X2 yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durmasına görə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Qeyd olunan çıxarışa əlavə edilmiş fotocədvəldən görünür ki, nəqliyyat vasitəsi tıxacda dayanmış vəziyyətdədir, arxa sağ qapı qismən açılmışdır, lakin oradan hər hansı şəxsin enməsi müəyyən edilmir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2025-ci il tarixdə İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X1 xx.xx.2025-ci il tarixdə dayanma qaydalarını pozmasını müəyyən etmək mümkün deyildir. Belə ki, şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülərdən də görünür ki, onun idarə etdiyi avtomobilin qapısı açılmış, lakin avtomobildən kiminsə düşdüyü görüntülərdə əks olunmamışdır. Halbuki şəxs daha əvvəl də (xx.xx.2025-ci il tarixli qərara əsasən) İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu zaman onun avtomobildən düşdüyünü aydın əks etdirən fotogörüntülər qərara əlavə edilmişdir. Hazırki işdə isə onun dayanma qaydalarını pozması ilə bağlı inzibati xəta törətməsinə dair iş materiallarında mötəbər sübut mövcud deyil. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri baxımından X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27668808 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ27668808 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar