Məhkəmə qərarları › İş №3(005)-2174/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2174/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2174/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2017 nömrəli, 02 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski prospekti, 83 saylı yaşayış evinin 13 saylı mənzilinin qarşısında sahəsi 24 kv. metr olan qeyri-qanuni tikilmiş eyvanın cavabdeh Şəxs vəsaiti hesabına sökülməsi qət edilmişdir. İcra sənədi Nərimanov Rayon İcra Şöbəsinin icraatına 17.08.2018-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, icra sənədi şöbənin icraatına 17.08.2018ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. Hazırki tarixədək icra sənədi cavabdeh tərəfindən icra olunmamış qalmaqdadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, əvvəllər mülkiyyətində olmuş ünvan 2 ünvanı sonradan başqa şəxsə qanuni qaydada satılaraq onun adına çıxarış alınmışdır. Buna görə də məhkəmənin icra sənədinin icrası hazırda mümkün deyildir. Evin mülkiyyətçisi olmadığından tərəfindən həmin eyvanın sökülməsi də qeyri mümkündür. Bununla əlaqədar olaraq dəfələrlə icra şöbəsinə də məlumat verilməsinə baxmayaraq qanunsuz surətdə ondan tələb edilir ki, həmin eyvanın sökülməsini təmin etsin. Həmin eyvanın hazırda sökülməsi onun faktiki imkanı xaricindədir. Odur ki, göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2017 nömrəli, 02 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri Nərimanov rayonu, F.X. Xoyski prospekti, 83 saylı yaşayış evinin 13 saylı mənzilinin qarşısında sahəsi 24 kv. Metr olan qeyri-qanuni tikilmiş eyvanın cavabdeh Şəxs vəsaiti hesabına sökülməsi qət edilmişdir. “İcraata başlama haqqında” 17.08.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2017 nömrəli, 02 oktyabr 2017-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şəxs AR Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanladığı 15.10.2020-ci il tarixli ərizədən görünür ki, cavabdeh X5 Bakı şəhəri Nərimanov rayonu, F.X. Xoyski prospekti, 83 saylı yaşayış evinin 13 saylı mənzili satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, F.X. Xoyski prospekti, 83 saylı yaşayış evinin 13 saylı mənzil X4 xüsusi mülkiyyətindədir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğu qeyd olunur. Şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2017 nömrəli, 02 oktyabr 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədardır. Hazırda məhkəməyə təqdim edilmiş protokoldan və ona əlavə edilmiş iş materiallarında Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində qeyd olunan hərəkətlərin törədilmə əsası kimi məhkəmə qətnaməsini icra sənədi şöbəyə daxil olduğu gündən bu günədək icra etməməsi kimi qeyd olunmuş, bununla da sonuncunun hərəkətləri icranı təmin etməkdən üzürsüz səbəbdən boyun qaçırma kimi qiymətləndirilmişdir. İş materiallarından isə görünür ki, əvvəllər Şəxs mülkiyyətində olmuş Bakı şəhəri Nərimanov rayonu, F.X. Xoyski prospekti, 83 saylı yaşayış evinin 13 saylı mənzili 20.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X4 mülkiyyətinə keçmişdir. Digər tərəfdən Şəxs icra şöbəsində vermiş olduğu 15.01.2021-ci il tarixli və 16.08.2021-ci il tarixli izahatından da görünür ki, yuxarıda qeyd olunan mənzili satdığından məhkəmə qətnaməsini icra edə bilmir. İcra məmurunun suallarına cavab olaraq bildirmişdir ki, həmin mənzili səhhətində yaranmış problemlərlə əlaqədar olaraq özgəninkiləşdirmiş, hazırda isə evi satdığı şəxslə razılıq əldə edərək icra sənədinin icrasını təmin etməsi qeyri mümkündür. Məhkəmə bu xüsusatla ilk öncə qeyd edir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İcra sənədindən, iş materiallarına əlavə edilmiş sənədlərdən, habelə məhkəmə iclasında tərəflərin izahatlarından da müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayonu, F.X. Xoyski prospekti, 83 saylı yaşayış evinin 13 saylı mənzili 20.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla hazırda X4 mülkiyyətində olmaqla həmin əmlaka sahiblik, ondan istifadə və sərəncam vermək üzrə hüququ daşıyan subyektdir. Məhkəmə qətnaməsindən isə görünür ki, Şəxs mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, F.X. Xoyski prospekti, 83 saylı yaşayış evinin 13 saylı mənzilinin qarşısında sahəsi 24 kv. metr olan qeyri-qanuni tikilmiş eyvanın sökülməsi qət edilmişdir. Belə olan təqdirdə hazırda həmin mənzilə mülkiyyət hüququ X2 məxsus olmadığından sonuncunun hərəkətlərində üzrsüz səbəbdən məhkəmə qətnaməsinin icra etməməsi istisna olunur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla da borclu Şəxs tərəfindən məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra etməməsi hərəkətlərinə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar