Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2175/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 02:30-da Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən “Green” restoranında karantin qaydalarını pozaraq qəlyan çəkmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, 29 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində ünvan 2 ünvanında yerləşən “Green” restoranının fəaliyyət göstərməsi barədə daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupunun üzvləri qeyd olunan ünvana yaxınlaşmış və həmin restoranda 5 nəfər şəxsin olması müəyyən edilmişdir. Onlardan 4 nəfəri həmin restoranın işçiləri, bir nəfəri isə onun yanındakı çəkiliş studiyasının texniki olduqlarını bildirmiş və qış rejiminə keçidlə əlaqədar çöldə olan stolları və divanları içəri daşıyaraq hazırlıq işləri gördüklərini qeyd etmişlər. Buna baxmayaraq tərəflərindən baxış keçirilərkən həmin şəxslər tərəfindən bir ədəd qəlyanın istifadə üçün hazırlandığı və qazın üzərində kömürlərin qızdırıldığı müəyyən edilmişdir. Orada olan şəxslərin 06.01.1981-ci il təvəllüdlü X2, 10.08.1996-cı il təvəllüdlü X1, 18.04.1962-ci il təvəllüdlü X7, xx.xx.2000-ci il təvəllüdlü Şəxs və 18.02.1984-cü il təvəllüdlü X6 olması müəyyən edilmişdir. Araşdırmanın nəticəsində şəxsiyyəti müəyyən edilən Şəxs hərəkətlərində İXM-in 211.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin restoranın müdiri olan “Süleyman” adlı şəxs barədə hələki hər hansı tədbir görülməmiş, həmçinin restoranda olan digər 4 nəfər şəxs isə polis tərəfindən inzibati qaydada cərimələnmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən “Green” adlı restoranda həqiqətən də, 29.09.2021-ci il tarixdə, saat 02:30-da qəlyan hazırlanmışdır. Onla ümumi beş nəfər olmuşlar. Polis əməkdaşları gəldiyindən qəlyandan istifadə edə bilməmişlər. Başa düşür ki, restoranların saat 00:00-dan sonra fəaliyyət göstərməsi qadağan oldunduğu üçün belə hərəkətlər yolverilməzdir. Anası xərçəng xəstəsidir. Əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Namiq Qədirov tərəfindən Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəhbərliyinə ünvanlanmış 29 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, 29 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində ünvan 2 ünvanında yerləşən “Green” restoranının fəaliyyət göstərməsi barədə daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana yaxınlaşmış və həmin restoranda 5 nəfər şəxsin olması müəyyən edilmişdir. Onlardan 4 nəfəri həmin restoranın işçiləri, bir nəfəri isə onun yanındakı çəkiliş studiyasının texniki olduqlarını bildirmiş və qış rejiminə keçidlə əlaqədar çöldə olan stolları və divanları içəri daşıyaraq hazırlıq işləri gördüklərini qeyd etmişlər. Buna baxmayaraq tərəflərindən baxış keçirilərkən həmin şəxslər tərəfindən bir ədəd qəlyanın istifadə üçün hazırlandığı və qazın üzərində kömürlərin qızdırıldığı müəyyən edilmişdir. Orada olan şəxslərin 06.01.1981-ci il təvəllüdlü X2, 10.08.1996-cı il təvəllüdlü X1, 18.04.1962-ci il təvəllüdlü X7, xx.xx.2000-ci il təvəllüdlü Şəxs və 18.02.1984-cü il təvəllüdlü X6 olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq onların barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 29.09.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, iş üzrə araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xüsusi karantin rejimi qaydalarını pozması məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında 15 avqust 2020-ci il tarixli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda qəlyan avadanlıqlarından istifadə qadağan olunmuşdur. İş üzrə müəyyən olunmuşdur ki, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən məhdudiyyətlər Şəxs tərəfindən pozulmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə halların, yəni İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2175/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2175/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver