Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2182/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim olunan protokoldan və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Fərid Rəhimovun 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu N.Nərimanov küçəsi, “Hollyvvood” restoranı yaxınlığında hərəkətdə olarkən piyada qismində yolu keçən Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirimşdir ki, hadisə baş verən vaxt Kooperasiya universitetinin qarşısında yol tıxac olmuş, həm sağdan, həm də soldan maşınlar hərəkət etmişdir. Hərəkət zamanı orta surəti 30-35 km olmuş, bu zaman iki avtomobil arasından qarşısına bir qız çıxmışdır. Həmin vaxt dayanmış vəziyətdə olmuş, həmin qız gəlib özünü avtomobilə çırpmışdır. Lakin, heç bir xəsarət almamışdır, çünki maşın dayanmış vəziyyətdə olmuşdur. Həmin qızın yanındakı başqa bir qız heç nə olmadığını bildirdikdən sonra avtomobili sürüb getmişdir. Heç bir təqsiri olmaması səbəbindən icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmişdir ki. Zərərçəkmiş şəxs hadisə yerində qoyub yayınmamış, onun heç bir xəsarəti olmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, məlum hadisə universitetdən çıxaraq yolu keçən zaman baş vermişdi. Həmin vaxt iki avtomobil arasından yola çıxmış, nə sürücü onu görmüş, nə də o sürücünü görmüşdür. Həmin vaxt avtomobilin sağ küncünə dəymiş, sürücü avtomobildən çıxaraq ona irad bildirib sürüb getmişdir. Hazırda ona kömək etmədiyi üçün sürücüdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 523- nömrəli rəyindən görünür ki, tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarət – sol diz oynağının hərəkət məhdudluğu və ağrı sindromu ilə müşaiyət olunan hematoması küt əşyanın təsirindən törəmişdir və xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-nin 327.6 və 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov Rayon Polis İdarəsinin DYPŞ vasitəsilə Nərimanov rayon məkəməsinə göndərilməsi qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit edilmiş daxili inam və sübutların məcmusu əsasında qiymətləndirərək Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. İlk növbədə məhkmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs törətdiyi əməldə təqsirinin olmadığını, hadisə anında idarə etdiyi nəqliyyat vasitəsinin tam dayanmış vəziyyətdə olduğunu və Zərərçəkmiş şəxs özünün avtomobilə çırpıldığını iddia etmişdir. Bu iddia iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə təkzib olunur və məhkəmə tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə irəli sürülmüş əsassız müdafiə mövqeyi kimi qiymətləndirilir. Belə ki, Şəxs subyektiv mülahizələri işdə mövcud olan obyektiv dəlillərlə, xüsusilə də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyun 2025-ci il tarixli qərarda istinad olunan yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və digər sübutlarla ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, bir şəxsin, xüsusən də gənc bir qızın, hərəkətdə olan və ya olmayan bir avtomobilə qəsdən özünü çırpması iddiası ümumi məntiqə uyğun gəlmir və bu, “prima facie” olaraq, sürücünün öz məsuliyyətini etiraf etməmək cəhdindən başqa bir şey deyildir. Bunun əksinə olaraq, Zərərçəkmiş şəxs izahatı işin digər materialları ilə, xüsusən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2025-ci il tarixli 523 nömrəli rəyi ilə tam uzlaşır. Belə ki, ekspert rəyində sonuncunun bədənində aşkar edilmiş – sol diz oynağının hərəkət məhdudluğu və ağrı sindromu ilə müşayiət olunan hematomasının küt əşyanın təsirindən törədiyi və yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsinin mümkünlüyü təsdiqini tapmışdır. Bu xəsarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Bu isə İXM-nin 327.8-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş zəruri nəticənin – zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi faktının obyektiv sübutudur. Məhkəmə, inzibati xətanın subyektiv cəhətini təhlil edərkən Şəxs əməlində ən azı ehtiyatsızlıq formasında təqsirin mövcud olduğunu müəyyən edir. Belə ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun sürücülərə dair ümumi vəzifələri təsbit edən 75-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməmişdir. Hadisənin sıx nəqliyyat axını olan, ali təhsil müəssisəsinin yaxınlığında baş verməsi, piyadaların qəfil yola çıxma ehtimalının yüksək olması sürücünün üzərinə daha artıq diqqət və ehtiyatlılıq vəzifəsi qoyurdu. Şəxs hərəkət üstünlüyünün onda olması barədə iddiası və digər nəqliyyat vasitələrinin hərəkəti dayandıraraq digər istiqamətdən gələn nəqliyyat vasitəsinə yol verməsi fonunda onun hərəkəti davam etdirməsi, onun yol hərəkəti qaydalarına etinasız yanaşmasını və baş verə biləcək zərərli nəticələri qabaqcadan görməli olduğu halda, buna yüngül hesablıqla yanaşdığını göstərir. İXM-nin 327.8-ci maddəsinin tətbiqi üçün törədilmiş əməlin həmin Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş hər hansı bir xətanın nəticəsində baş verməsi zəruridir. Məhkəmə müəyyən edir ki, Şəxs yol hərəkəti qaydalarını pozmaqla, yəni yol şəraitini, nəqliyyat vasitəsinin vəziyyətini nəzərə almadan təhlükəsiz sürət həddini seçməməklə və yaranmış maneəni (piyadanı) gördükdə vaxtında zəruri tədbirlər görməməklə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xətanın obyektiv cəhətini təşkil edən əmələ yol vermişdir. Məhz bu hüquqazidd hərəkət ilə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi arasında birbaşa səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında, xüsusilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 9 mart 2022-ci il tarixli Qərarında qeyd edildiyi kimi, yolnəqliyyat hadisələri ilə bağlı hüquqpozmalar ikiobyektli xarakter daşıyır: birincisi, yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyi kimi ictimai münasibətlər, ikincisi isə insanın həyat və sağlamlığıdır. Hazırkı işdə Şəxs əməli hər iki qorunan obyektə qəsd etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, iş üzrə toplanmış və məhkəmə iclasında hərtərəfli yoxlanılmış sübutların məcmusu ilə – inzibati xəta haqqında İXP ******* nömrəli protokol, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyun 2025-ci il tarixli qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 xx.xx.2025-ci il tarixli, 523 nömrəli rəyi, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam və birmənalı şəkildə sübuta yetirilmişdir. İnzibati tənbehin təyini məsələsini həll edərkən, məhkəmə İXM-nin 9-cu maddəsində təsbit olunmuş ədalətlilik və 31-ci maddəsində müəyyən edilmiş inzibati tənbeh tətbiqetmənin ümumi qaydalarını rəhbər tutur. Həmin maddələrin tələbinə əsasən, tətbiq edilən tənbeh törədilmiş xətanın xarakterinə, təqsirkarın şəxsiyyətinə və təqsirinin dərəcəsinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair" 02 sentyabr 2020-ci il tarixli Qərarında da vurğulandığı kimi, ədalətlilik prinsipi inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etmir. Hadisədən dərhal sonra sürücünün zərərçəkmişə yardım göstərmək əvəzinə, ona irad bildirərək hadisə yerini tərk etməsi, onun törətdiyi əmələ və onun nəticələrinə laqeyd münasibətini səciyyələndirir. Yuxarıda şərh olunan faktiki və hüquqi əsasların məcmusunu nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ədalətli, mütənasib və qanunauyğun olmaqla, İXM-nin 21-ci maddəsində göstərilən tənbehin məqsədlərinə - həm onun özünün, həm də digər şəxslərin gələcəkdə bu cür hüquqpozmalara yol verməsinin qarşısının alınmasına və qanunlara hörmət ruhunda tərbiyələndirilməsinə nail olmağa xidmət edəcəkdir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2182/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2182/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver