Məhkəmə qərarları › İş №3(005)-2191/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2191/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2191/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş 12 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 3(005)- 2191/2024 nömrəli qərarı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 3(103)-1788/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 3(005)-2191/2024 nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, araşdırılma natamam aparılmışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 3(103)- 1788/2024 nömrəli qərarında qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qanunvericiliyin normaları pozulmuş, yəni barəsində inzibati xəta haqqında araşdırma aparılan şəxsin nümayəndəsinin inzibati araşdırmada iştirakı təmin olunmamış, müvafiq qaydada inzibati orqana dəvət edilərək izahatı alınmamış, inzibati xəta haqqında qanunvericiliyin yuxarıda göstərilən normalarında nəzərdə tutulmuş iş materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz, vəsatət vermək və sair hüquqları inzibati orqan tərəfindən təmin olunmamışdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş materialların natamam olduğunu və işə baxılarkən bunu tamamlamağın mümkün olmadığını nəzərə almadan inzibati xəta haqqında materialı baxılması üçün icraata qəbul edərək qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına dəlalət edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar