Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2197/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1, Müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli şəhəri, Əzizbəyov küçəsi, ev 14 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 388- 1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 27 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2021-ci ilin avqust ayında instaqram sosial şəbəkəsində “1 wip.bet” qanunsuz mərc oyunlarını reklam etməklə həmin oyunlarda iştiraka təhrik etmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, “Caspianteach” tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət olunmuş və Azərbaycan Respublikasının ərazisində qanunvericiliyə əsasən akkreditasiyadan keçərək idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən qurum olaraq, mütəmadi olaraq idman mərc oyunları bazarında qanunsuzluqların müəyyən edilməsi istiqamətində araşdırma aparıldığı bildirilmişdir. Sosial şəbəkələrdə davamlı olaraq “İXBET”, “Mostbet” və s. qanunsuz fəaliyyət göstərən mərc saytlarının reklam edildiyi və bu saytlarda mərclərə pul qoyuluşları etməyə təşviq olunduğu barədə məlumat verildiyindən araşdırma aparılmış və araşdırmanın nəticəsinə müvafiq olaraq tərəfindən Şəxs barəsində İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2020-ci ilin dekabr ayında internet üzərindən gördüyü “mostbet.ws” səhifəsini işlədən şəxs ona müraciət etmiş və həmin mərc saytını reklam etməyini istəmişdir. O, bununla razılaşmış və özünə məxsus olan “yegis.13” instaqram profilində həmin “mostbet.ws” mərc saytını reklam etmiş və ona verilən yazıları orada səsləndirmişdir. Bu videonu paylaşmağın müqabilində ona 500 manat ödəniş olunmuşdur. Həmin şəxslə şəxsi tanışlığı yoxdur və onun adını xatırlamır. Üzərindən bir neçə ay keçmişdir. Həmçinin 1 ay bundan öncə “1win.bet” səhifəsini də 100 manat alaraq reklam etmişdir. Ona görə də o, video çəkərək “yegis.13” instaqram profilində yalnızca “story” bölməsində paylaşmışdır. Həmin videonu paylaşmağı istəyən adam xarici nömrə ilə ona yazmış və pulu da onun plastik bank kartına yükləmişdir. Həmin vaxt o, əməlinin məsuliyyət yaradacağını başa düşməmişdir. Etdiyi əməldən peşmandır. Son olaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Caspianteach” tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 20 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının ərazisində qanunvericiliyə əsasən akkreditasiyadan keçərək idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən qurum olaraq, "xxxx" QSC tərəfindən mütəmadi olaraq idman mərc oyunları bazarında qanunsuzluqların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır. Tərəfindən aparılan araşdırmalar nəticəsində ölkə ərazisində internet informasiya ehtiyatları, o cümlədən sosial şəbəkələr vasitəsilə davamlı olaraq bu cür qanunsuz mərc saytlarını reklam edən və onlara pul qoyuluşlarını təşviq edən şəxslər müəyyən edilməkdədir. Belə ki, bu şəxslər sosial şəbəkələrdə davamlı olaraq “İXBET”, “Mostbet” və s. qanunsuz fəaliyyət göstərən mərc saytlarını reklam edirlər və bu saytlarda mərclərə pul qoyuluşları etməyə təşviq edirlər. Qanunsuz mərc saytlarını təşviq etməklə yanaşı, bəzi hallarda həmin saytlar vasitəsilə mərc oyunlarında pul qoyuluşlarının da hansı şəkildə edilməsini izah edirlər. Bu cür halların qabaqcadan razılaşdırılaraq bir qrup şəxs tərəfindən törədilməsinə dair şübhələr vardır. Sadalananlar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1-ci maddəsi ilə cinayət əməli kimi müəyyən edilmiş lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarının pozulması, eləcə də həmin Məcəllənin 197-ci maddəsi ilə cinayət əməli kimi müəyyən edilmiş əmtəə nişanlarından qanunsuz istifadə etmə əməllərinin törədilməsinə əsaslı şübhələr yaradır. Göslərilənləri nəzərə alaraq, bu cür şəxslər tərəfindən hüquqazidd əməllərin törədilməsinin qarşısının alınmasında və onlar barəsində müvafiq hüquqi tədbirlərin görülməsində köməklik edilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 16 iyul 2021-ci il tarixli məktubdan görünür ki, qanunsuz idman mərc oyunlarının təşkil edilməsi faktı uzrə aparılan araşdırmaya dair məktuba Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baxılmışdır. Nazirliyin tabeliyində olan "xxxx" MMC-dən daxıl olmuş məlumata görə 20.01.1975-ci ıl təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X4 ilə olkə ərazisində idman mərc oyunlarının operatoru olan "xxxx" QSC arasında mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada həmin oyunların təşkil edilməsi üçun hər hansı bır müqavilə bağlanmamışdır; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, internet üzərindən ölkədə onlayn qaydada idman mərc oyunlarını təşkil edən bır sıra internet səhifələri barədə məktuba Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli, 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”na uyğun olaraq “bet365”. “MELBET”, “BETWİNNER”, “1xBit.com”, “MostBet”, “1xbet”, “vulkanbet”, “22bet”, “betmaster”, “parimatch”, “1 bet” və “1win” internet səhifələri ölkə ərazisində idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmamışlar; Məhkəməyə təqdim edilmiş videoyazının olduğu diskə baxış keçirilərkən müəyyən olundu ki, Şəxs özünə məxsus olan “yegis.13” instaqram profilində “1win.bet” mərc saytını reklam etmiş, yəni informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanı yerləşdirmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-2.3 və 13-2.3.7-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yerləşdirilməsinə yol verməməlidir; 13-4-cü maddəsinə əsasən bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İXM-in 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən olunmuşdur ki, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyən və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri Şəxs tərəfindən pozulmuşdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə, Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Az1008 Bakı şəhəri Əhmədbəy Ağaoğlu küçəsi 34A , Tel.: (+99412) 404 84 84; Poçt ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 05 iyul 2020-ci il № 3(005)-1247/2020 Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə Şəxs barəsində inzibati həbs tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1247/2020 nömrəli, 05 iyul 2020-ci il tarixli qərarı icra olunması üçün göndərilir. Qoşma: Qərar və şəxsiyyət vəsiqəsi Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2197/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2197/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver