Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2198/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 388- 1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 27 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2021-ci ilin yanvar ayında instaqram sosial şəbəkəsində “mostbet” qanunsuz mərc oyunlarını reklam etməklə həmin oyunlarda iştiraka təhrik etmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, “Caspianteach” tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət olunmuş və Azərbaycan Respublikasının ərazisində qanunvericiliyə əsasən akkreditasiyadan keçərək idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən qurum olaraq, mütəmadi olaraq idman mərc oyunları bazarında qanunsuzluqların müəyyən edilməsi istiqamətində araşdırma aparıldığı bildirilmişdir. Sosial şəbəkələrdə davamlı olaraq “İXBET”, “Mostbet” və s. qanunsuz fəaliyyət göstərən mərc saytlarının reklam edildiyi və bu saytlarda mərclərə pul qoyuluşları etməyə təşviq olunduğu barədə məlumat verildiyindən araşdırma aparılmış və araşdırmanın nəticəsinə müvafiq olaraq tərəfindən Şəxs barəsində İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 2021-ci ilin yanvar ayında internet üzərindən gördüyü “mostbet.az.resmi” səhifəsini işlədən şəxs ona “telegram” sosial şəbəkəsi vasitəsi ilə müraciət etmiş və həmin mərc saytını reklam etməyini istəmişdir. O, bununla razılaşmış və özünə məxsus olan “mehdihasanlii” instaqram profilində həmin “mostbet” mərc saytını reklam etmiş və ona verilən yazıları orada səsləndirmişdir. Bu videonu paylaşmağın müqabilində ona 300 manat ödəniş olunmuşdur. Həmin şəxslə şəxsi tanışlığı yoxdur və adını xatırlamır. Üzərindən bir neçə ay keçmişdir. İnstaqram profilində yalnızca “story” bölməsində paylaşmışdır. İnsanları “mostbet” səhifəsinə orada pul qoyaraq mərc oyunları yazmağa dəvət etmişdir. Həmin vaxt o, əməlinin məsuliyyət yaradacağını başa düşməmişdir. Etdiyi əməldən peşmandır. Son olaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Caspianteach” tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 20 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının ərazisində qanunvericiliyə əsasən akkreditasiyadan keçərək idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən qurum olaraq, "xxxx" QSC tərəfindən mütəmadi olaraq idman mərc oyunları bazarında qanunsuzluqların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır. Tərəfindən aparılan araşdırmalar nəticəsində ölkə ərazisində internet informasiya ehtiyatları, o cümlədən sosial şəbəkələr vasitəsilə davamlı olaraq bu cür qanunsuz mərc saytlarını reklam edən və onlara pul qoyuluşlarını təşviq edən şəxslər müəyyən edilməkdədir. Belə ki, bu şəxslər sosial şəbəkələrdə davamlı olaraq “İXBET”, “Mostbet” və s. qanunsuz fəaliyyət göstərən mərc saytlarını reklam edirlər və bu saytlarda mərclərə pul qoyuluşları etməyə təşviq edirlər. Qanunsuz mərc saytlarını təşviq etməklə yanaşı, bəzi hallarda həmin saytlar vasitəsilə mərc oyunlarında pul qoyuluşlarının da hansı şəkildə edilməsini izah edirlər. Bu cür halların qabaqcadan razılaşdırılaraq bir qrup şəxs tərəfindən törədilməsinə dair şübhələr vardır. Sadalananlar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1-ci maddəsi ilə cinayət əməli kimi müəyyən edilmiş lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarının pozulması, eləcə də həmin Məcəllənin 197-ci maddəsi ilə cinayət əməli kimi müəyyən edilmiş əmtəə nişanlarından qanunsuz istifadə etmə əməllərinin törədilməsinə əsaslı şübhələr yaradır. Göslərilənləri nəzərə alaraq, bu cür şəxslər tərəfindən hüquqazidd əməllərin törədilməsinin qarşısının alınmasında və onlar barəsində müvafiq hüquqi tədbirlərin görülməsində köməklik edilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 16 iyul 2021-ci il tarixli məktubdan görünür ki, qanunsuz idman mərc oyunlarının təşkil edilməsi faktı uzrə aparılan araşdırmaya dair məktuba Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baxılmışdır. Nazirliyin tabeliyində olan "xxxx" MMC-dən daxıl olmuş məlumata görə 20.01.1975-ci ıl təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş X3 ilə olkə ərazisində idman mərc oyunlarının operatoru olan "xxxx" QSC arasında mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada həmin oyunların təşkil edilməsi üçun hər hansı bır müqavilə bağlanmamışdır; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, internet üzərindən ölkədə onlayn qaydada idman mərc oyunlarını təşkil edən bır sıra internet səhifələri barədə məktuba Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli, 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”na uyğun olaraq “bet365”. “MELBET”, “BETWİNNER”, “1xBit.com”, “MostBet”, “1xbet”, “vulkanbet”, “22bet”, “betmaster”, “parimatch”, “1 bet” və “1win” internet səhifələri ölkə ərazisində idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmamışlar; Məhkəməyə təqdim edilmiş videoyazının olduğu diskə baxış keçirilərkən müəyyən olundu ki, Şəxs özünə məxsus olan “mehdihasanlii” instaqram profilində “mostbet” mərc saytını reklam etmiş, yəni informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanı yerləşdirmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-2.3 və 13-2.3.7-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yerləşdirilməsinə yol verməməlidir; 13-4-cü maddəsinə əsasən bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İXM-in 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən olunmuşdur ki, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyən və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri Şəxs tərəfindən pozulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəməyə göndərilmiş materiallardan görünür ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi faktı 2021-ci ilin yanvar ayında aşkar olunmuşdur. İnzibati xətanın aşkara çıxarıldığı tarixdən hazırkı tarixədək 3 (üç) aydan çox müddətin keçməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.1.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Az1008 Bakı şəhəri Əhmədbəy Ağaoğlu küçəsi 34A , Tel.: (+99412) 404 84 84; Poçt ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 05 iyul 2020-ci il № 3(005)-1247/2020 Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə Şəxs barəsində inzibati həbs tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1247/2020 nömrəli, 05 iyul 2020-ci il tarixli qərarı icra olunması üçün göndərilir. Qoşma: Qərar və şəxsiyyət vəsiqəsi Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2198/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2198/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver