Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2202/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X15 baş inspektoru (YHN üzrə) polis mayoru X3, Zərərçəkmiş şəxs- X5, Müdafiəçi- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, usta işləyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Qırağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq bağları nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş 01 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs idarə etdiyi “Tofaş” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” AR Qanunun 42-ci maddəsinin tələbini pozmuş, “Kia Sorento” markalı, **-EH- *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, toqquşmanın təsirindən sonuncu maşın aşmışdır. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymiş, həmçinin məlum olmuşdur ki, sürücü A. Hünbətov avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X15 baş inspektoru (YHN üzrə) polis mayoru X10 oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, araşdırma zamanı Şəxs əməlində hər hansı cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmiş, lakin baş vermiş hadisədə inzibati xətanın tərkib əlamətləri olduğundan və onun AR İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surəti Nərimanov RPİ-nin DYPŞ-ə təqdim edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Son olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, qeyd olunan tarixdə saat 00:30 radələrində idarə etdiyi “TOFAŞ ŞAHİN-minik” markalı avtomobil ilə saat 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospekti ilə Koroğlu M/T istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yeraltı tunelin içərisində soldan 1-ci zolaqla düzünə hərəkət edirmiş. Bu zaman onunla paralel orta zolaqla “KİA SORENTO-minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil düzünə hərəkət edirmiş. Düzünə hərəkətdə olduğu zaman spirtli içki qəbul etməsi səbəbindən qəflətən idarə etməni itirmiş və nəticə də idarə etdiyi avtomobilin ön sağ qanad hissəsi “KİA SORENTO- minik” markalı avtomobilin sol arxa çarx hissəsinə çırpılmışdır. Zərbənin təsirindən “KİA SORENTO-minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil tunelin divarına dəyərək aşmışdır. Daha sonra isə təxminən 40-50 metr asfaltın üzəri ilə sürtdənmişdir. Bundan sonra o, idarə etdiyi avtomobili yolun sağ tərəfindən saxlamışdır. Hadisənin təsirindən bir müddət özünə gələ bilməmişdir. Təxminən 15-20 dəqiqə sonra hadisə yerinə DYPİ-nin YPX-nin əməkdaşı Zaur adlı şəxs gələrək araşdırma aparmağa başlamışdır. Araşdırmada iştirak etdikdən sonra o, evə getmişdir. Daha sonra isə Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayıb, aparılan araşdırmada iştirak etməsini xahiş etmişdir. O, da aparılan araşdırmada iştirak etmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyəcək. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 22.08.2021-ci il tarixdə saat 00:30 radələrində özünə məxsus olan “KİA SORENTO Universal” markalı ** EH *** nömrə nişanlı avtomobil ilə saat 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospekti ilə Koroğlu M/T istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda orta zolaqla düzünə hərəkət edirmiş. Həmin vaxt idarə etdiyi avtomobildə tanışı X8 da sərnişin qismində ön sağ oturacaqda əyləşmişdir. İdarə etdiyi avtomobil ilə yeraltı avtomobillər üçün nəzərdə tutulmuş tunelin içərisində orta zolaqla hərəkət edən zaman soldan birinci zolaqda onunla paralel “Tofaş Şahin-minik” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirmiş. Düzünə hərəkət olduğu zaman qəflətən “TOFAŞ ŞAHİN- minik” markalı avtomobilin sürücüsü idarə etməni itirmiş və idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol qapısını vurmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil ilk öncə tunelin daxilində divara dəyib, daha sonra isə aşmışdır. Bundan sonra ətrafdan keçən təsadüfi şəxslər hadisə olduğunu görüb, köməklik etmək üçün onlara yaxınlaşmışlar. Onların köməkliyi ilə avtomobildən çölə çıxmışlar. Bundan təxminən 15-20 dəqiqə sonra DYPİ-nin YPX əməkdaşı hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. Şəxs hazırda dəymiş zərəri ödəməyə maddi imkanı varsa ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əks təqdirdə şikayətçi olacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsindən 27.08.2021-ci il tarixdə Nərimanov RPİ-nə daxil olmuş 25 avqust 2021-ci il tarixli, 639 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vətəndaş X8 dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsindən 27.08.2021-ci il tarixdə Nərimanov RPİ-nə daxil olmuş 25 avqust 2021-ci il tarixli, 640 saylı rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vətəndaş X7 dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. "xxxx" MMC servisdən alınmış N AA 184 aktda göstərilmişdir ki, 22.08.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, ov prospektində baş vermiş hadisə nəticəsində “KİA SORENTO-minik” EH 701 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 42.401 AZN maddi zərər dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından, barəsində cinayət təqibinin başlanılması rədd edilməsi, lakin Şəxs Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surəti Nərimanov rayon Polis İdarəsinin Dövlət X15 rəisinə təqdim edilməsi qərara alınmışdır. AB seriyalı 736155 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına 23.04.2012ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi isə 23.04.2022-ci ildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında və “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” protokolla, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollarla, iş materiallarında olan izahatlarla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs idarə etdiyi “Tofaş” minik markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” AR Qanunun 42-ci maddəsinin tələbini pozmuş, “Kia Sorento” markalı, **-EH- *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, toqquşmanın təsirindən sonuncu maşın aşmışdır. Hadisə zamanı avtomaşınlara maddi zərər dəymiş, həmçinin məlum olmuşdur ki, sürücü A. Hünbətov avtomobili sərxoş vəziyyətdə olduğu məlum olmuş və baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində avtomobillərə maddi zərər dəymişdir. Odur ki, Şəxs əməli düzgün olaraq İXM-nin 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olması isə onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2202/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2202/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver