Məhkəmə qərarları › İş №3(005)-2202/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2202/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2202/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3, Müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakları ilə, xx.xx.1999-cu ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 iyul 2023-cü tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X9 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 17 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə saat 09:30-da saxlanılmış X4 tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X9 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 özünü Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, əməlindən peşmandır və yalnız bir dəfə narkotik vasitədən istifadə etmişdir. X2 qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 müdafiəçisi X11 hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından: “İnzibati xəta haqqında” MN seriyalı ******* nömrəli 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:30-da saxlanılmış X10 narkotik vasitədən istifadə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 4495 nömrəli rəyindən görünür ki, X5 Opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda X5 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X10 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan X4 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı, işdə olan tibbi müayinə protokolu və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X10 həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 əməlini etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halı, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiqdir və inzibati tənbehin məqsədini təmin edir. Eyni zamanda, X4 inzibati qaydada həbs edilməsinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 iyul 2023-cü il tarixdən saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 iyul 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. X10 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar