Məhkəmə qərarları › İş №3(005)-2203/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2203/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2203/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci il təvəllüdlü, evli, ali təhsilli, "xxxx" ASC-nin direktoru, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə EP seriyalı ******* nömrəli, 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965ci məhəllədə yerləşən "Çinar Park" biznes mərkəzində fəaliyyət göstərən "X1 Olmayan Kredit Təşkilatı" ASC-də (BOKT) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2021 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1. Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.2.1-ci yarımbəndinə görə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) siyasəti öhdəlik daşıyan şəxslərin fəaliyyəti zamanı ƏL/TMM-də rəhbər tutacağı əsas prinsipləri, işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsaslarını, eləcə də onların inkişaf istiqamətlərini müəyyən etməlidir. DNP-nin 2.2.2-ci yarımbəndinə görə ƏL/TMM siyasəti beynəlxalq standartlarda və Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulmuş əsas prinsiplərə əsaslanmaqla öhdəlik daşıyan şəxslərin ƏL/TMM çərçivəsində tətbiq edəcəyi tədbirləri və bu tədbirlərin tətbiq edilməsi ilə bağlı daxili qayda, prosedur və nəzarət mexanizmlərinin siyahısını müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin ƏL/TMM siyasətində ("Komplayens siyasəti") işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələr müəyyən edilməmiş, habelə beynəlxalq standartlarda və Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulmuş əsas prinsiplərə əsaslanmaqla öhdəlik daşıyan şəxslərin ƏL/TMM çərçivəsində tətbiq edəcəyi tədbirlər və s _ tədbirlərin tətbiq edilməsi ilə bağlı daxili qayda, prosedur və nəzarət mexanizmlərinin siyahısı müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat, səh 2-3) DNP-nin 2.3.3-cü yarımbəndinə görə müştəri profil risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar müştəri profil risklərinin qiymətləndirilməsi üçün nəzərə alınmalı amilləri (işgüzar münasibətin və açılan hesabın məqsədi, alınacaq vəsaitin və gəlirin mənbəyi və s.), meyarları, risklərin qiymətləndirilməsi prosesini, risk dərəcəsinə uyğun yenilənmə müddətlərini və yenilənməli olan sənəd və məlumat növlərini müəyyən etməlidir. DNP-nin 2.3.5-ci yarımbəndinə görə müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) müştərilərin eyniləşdirilməsi və verifikasiyası, o cümlədən müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə təsvir etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən müştəri profil risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlarda risk dərəcəsinə uyğun yenilənməli olan sənəd və məlumat növləri müəyyən edilməmiş, habelə BOKT-nin daxili qaydalarında müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair BOKT-nin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin müştəri eyniləşdirilməsi və verifikasiyası, o cümlədən müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələri, qarşılıqlı əlaqələri müfəssəl şəkildə təsvir edilməmişdir (Yoxlama haqqında hesabat, səh 3). DNP-nin 2.4.6-cı yarımbəndinə görə benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsinə dair prosedurlar benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyasından irəli gələn məlumat və sənədlərin əldə edilməsi proseslərini və bu proseslər çərçivəsində öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə tənzim etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin müvafiq metodologiyasında benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyasından irəli gələn məlumat və sənədlərin əldə edilməsi proseslərini və bu proseslər çərçivəsində öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin hüquq və vəzifələri, qarşılıqlı əlaqələri öz əksini tapmamışdır (Yoxlama haqqında hesabat, səh 3) DNP-nin 2.5.5-ci yarımbəndinə görə məlumat və sənədlərin qeydə alınması və saxlanılması öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin reyestrinin aparması vasitəsilə həyata keçirilir. ... Reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilir. DNP-nin 2.5.8-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin bu Tələblərin 2.5.3-cü yarımbəndində nəzərdə tutulmuş daxili qayda və prosedurları məlumat və sənədlərin saxlanılması və konfidensiallığın təmin edilməsi ilə bağlı məsələləri, bu məsələlərə münasibətdə öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə tənzim etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də sənədlərin reyestri və reyestrindəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilməmiş, habelə daxili qayda və prosedurları məlumat və sənədlərin saxlanılması və konfidensiallığın təmin edilməsi ilə bağlı məsələləri, bu məsələlərə münasibətdə öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələri, qarşılıqlı əlaqələri müfəssəl şəkildə tənzim edilməmişdir (Yoxlama haqqında hesabat, səh 3). DNP-nin 2.6.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin struktur vahidlərinin olduğu təqdirdə fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq struktur vahidlərin ƏL/TMM üzrə hüquq və vəzifələrini müəyyən etməli, hər bir struktur vahidin rolu üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən struktur vahidlərinin hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı ƏL/TMM üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq edilməmişdir (Yoxlama haqqında hesabat, səh 3). DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə almaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili qaydalarında BOKT- nin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi tələbi öz əksini tapmamış və MMX-ya təqdim edilməmişdir (Yoxlama haqqında hesabat, səh 3). DNP-nin 2.8.5-ci yarımbəndinə görə məsul şəxsə əməliyyatın (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatların monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi bu daxili qayda və prosedurlarla tənzimlənməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin ƏL/TMM üzrə daxili nəzarət qaydalarının 9.5-ci bəndinə əsasən məsul şəxsə şübhəli əməliyyat barədə məlumat daxil olduqda əməliyyat barədə məlumat və sənədləri, müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi, şirkətin rəhbərliyini məlumatlandırması və MMX-ya hesabatın təqdim olunması qeyd olunmuşdur (Yoxlama haqqında hesabat, səh 4). DNP-nin 2.9.1-ci yarımbəndini görə öhdəlik daşıyan şəxslər mümkün ƏL/TM kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün ən azı ildə bir dəfə institusional risk qiymətləndirməsini (İRQ) nəzərdə tutan prosedur müəyyən etməlidirlər. DNP-nin 2.9.4-cü yarımbəndinə görə İRQ metodologiyası İRQ zamanı öhdəlik daşıyan şəxslər mövcud müştəri profilləri üzrə təhlillər aparması, həmçinin MRQ-nin və sahəvi risk qiymətləndirməsinin nəticələrini nəzərə alınmasının nəzərdə tutmalıdır. İRQ prosedurlarında öhdəlik daşıyan şəxsin rəhbərliyinin İRQ nəticəsində müəyyənləşdirilmiş risklərin azaldılması tədbirlərinin tətbiqi və bu tədbirlərin tətbiqi nəticəsində qalıq risklərin idarə edilməsinə dair fəaliyyət planını təsdiq edərək onunla aidiyyəti işçilərin tanış olması nəzərdə tutulmalıdır. DNP-nin 2.9.6-cı yarımbəndinə görə İRQ prosedurları İRQ zamanı öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) fəaliyyətini tənzimləməli, İRQ prosesində məlumat və sənədlərin əldə edilməsi, emalı, risklərin azaldılması tədbirlərinin tətbiq edilməsi və qalıq risklərin idarəedilməsi məsələlərini detallı şəkildə təsvir etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən təsdiq edilmiş İRQ metodologiyasında institusional risk qiymətləndirilməsinin ən azı ildə bir dəfə aparılmasına dair tələb müəyyən edilməmiş, BOKT-nin rəhbərliyinin İRQ nəticəsində müəyyən edilmiş risklərin azaldılması tədbirlərinin tətbiqi və bu tədbirlərin tətbiqi nəticəsində qalıq risklərin idarə edilməsinə dair fəaliyyət planını təsdiq edərək onunla aidiyyəti işçilərin tanış olması nəzərdə tutulmamış, İRQ prosesində məlumat və sənədlərin əldə edilməsi, emalı, risklərin azaldılması tədbirlərinin tətbiq edilməsi və qalıq risklərin idarəedilməsi məsələləri öz əksini tapmamışdır (Yoxlama haqqında hesabat, səh 4). DNP-nin 2.10.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs yeni məhsul və ya xidməti istifadəyə vermədən əvvəl onun risk qiymətləndirilməsinin aparılması və müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməsi bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən yeni məhsul və ya xidməti istifadəyə vermədən əvvəl onun risk qiymətləndirilməsinin aparılması və müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməsi daxili qayda və prosedurlarda nəzərdə tutulmamışdır (Yoxlama haqqında hesabat, səh 4). DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX- nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir.. Yoxlama zamanı müəyyən edilmişdir ki, sonuncu dəfə BOKT-də məsul şəxsin əvəzedicisi xx.xx.2024-cü il tarixində təyin edilsə də, MMX-nin informasiya sistemində qeydiyyat yalnız xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir (Yoxlama haqqında hesabat, səh 5). DNP-nin 3.2.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (məsul şəxsdən fərqli olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqramının tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili qaydalarında məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqramının tələblərinə əməl edilməməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim etməsi nəzərdə tutulmamışdır (Yoxlama haqqında hesabat, səh 5). DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır.. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyətinin qiymətləndirilməsi nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat, səh 5). DNP-nin 1.4.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq ƏL/TMM üzrə mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizmini təşkil etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də ƏL/TMM sahəsinin yoxlanılması və daxili nəzarət proqramının səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizmi mövcud olmamışdır, BOKT-da audit komitəsi formalaşdırılmamış və daxili audit funksiyası təşkil edilməmişdir (Yoxlama haqqında hesabat, səh 6). Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədə yerləşən "Çinar Park" biznes mərkəzində xx.xx.2021 - xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsindəxx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Nəticədə "X1 Olmayan Kredit Təşkilatı" ASC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, ümumilikdə 13 bənd üzrə aşkar edilmiş pozuntuların hamısı "xxxx" tərəfindən törədilmiş, audit mexanizmi yoxlamadan sonra yaradılmışdır. Şəxs işçilərin hüquq və vəzifələri ilə bağlı müddəaların təlimata daxil edilməsi ilə bağlı qeydini də təkzib edərək, həmin müddəaların daxil edilmədiyini, mümkün halda yoxlama aparan əməkdaşa təqdim edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin direktoru Şəxs bildirdi ki, əvvəla bu protokoldakı qeyd olunan çatışmazlıqların və boşluqların əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin hansı formada, necə və hansı üsulla pozulmasına səbəb olması göstərilməmişdir. Mərkəzi Bankın 07-11 aprel 2025-ci il tarixlərində "xxxx" BOKT ASC-də keçirdiyi tematik yoxlamanın nəticələri əsasında barəsində inzibati məsuliyyət müəyyən edilmişdir. Yoxlamada qeyd olunan pozuntular əsasən normativ xarakter daşıyır, ƏL/TMM üzrə daxili nəzarət proqramının texniki və normativ çatışmazlıqları ilə bağlıdır. Yoxlama aktı və hesabatda pozuntuların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi göstərilməmişdir. Həmçinin qeyd etdi ki, pozuntu aşkar edilmiş sahələr üzrə məlumatların yoxlanması proqramı kifayət qədər bahalı proqramlar olduğundan, tək onlarda yox bir çox BOKT-larda bu proqramlar olmamışdır. Hazırda həmin proqramı əldə etmişlər. Bundan əlavə, cəmiyyətdə audit mexanizmi müəyyən edilmiş, audit şirkətləri ilə müqavilələr bağlanılmışdır. Lakin, həmin yoxlamanın uzun müddət çəkməsi səbəbindən yoxlama dövründə başa çatdırılması mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə monitorinqi Departamenti tərəfindən "xxxx" ASC barəsində tərtib edilmiş yoxlama haqqında hesabatdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-də xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2021-xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokolda göstərilən faktlar aşkar edilmişdir. "xxxx" QSC-nin rəsmi nümayəndəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2021-ci il tarixli 04/K nömrəli Əmrdən görünür ki, Şəxs "xxxx" ASC-nin baş direktoru vəzifəsinə təyin edilmişdir. Hüquqi məsələlər: “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri; 1.1.8. maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər 2.1-ci maddəsinə əsasən bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-6/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”-in: 2.1.1-ci maddəsinə əsasən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakı tədbirləri ehtiva etməlidir: 2.1.1.4. müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; 2.1.1.5. məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; 2.1.1.7. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; 2.8.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar müəyyən etməlidirlər. Bu daxili qayda və prosedurlarda ən azı aşağıdakılar nəzərdə tutulmalıdır: 2.8.2.1. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarından (indikatorlardan) istifadəsi qaydası; 2.8.2.2. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlanının) tətbiq edilməsi ilə əməliyyatların (əqdlərin) təhlili metodları; 2.8.2.3. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatların təhlili qaydası; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatsərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarında olan sübutları, xüsusilə, 21 iyun 2025-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokolu, "xxxx" ASC-də aparılmış planlı tematik yoxlamanın nəticələrinə dair yoxlama aktını və hesabatı, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 21 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”i və digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək Şəxs İXM-in 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübuta yetirilməsi qənaətinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolda qeyd olunan pozuntuların texniki və normativ xarakter daşıdığını, həmin pozuntuların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə birbaşa əlaqəsinin sübuta yetirilmədiyini, həmçinin yoxlamadan sonra nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü qeyd etməklə özünü təqsirli hesab etməmişdir. Məhkəmə, müdafiə tərəfinin irəli sürdüyü dəlilləri təhlil edərək qeyd edir ki, bu dəlillər Şəxs inzibati məsuliyyətdən azad etmək üçün hüquqi əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi formal tərkibli xətadır. Bu o deməkdir ki, məsuliyyətin yaranması üçün ƏL/TMM üzrə hər hansı bir konkret əməliyyatın baş verməsi və ya zərərli nəticənin yaranması mütləq şərt deyildir. Qanunvericinin məqsədi potensial risklərin qarşısını almaq üçün preventiv (qabaqlayıcı) bir mexanizmin, yəni daxili nəzarət proqramının mövcudluğunu və onun tam funksionallığını təmin etməkdir. Bu proqramın qanunvericiliyin tələblərinə uyğun tətbiq edilməməsi və ya natamam tətbiq edilməsi özüözlüyündə hüquq pozuntusunu tamamlanmış hesab etmək üçün kifayətdir. Odur ki, yoxlama nəticəsində konkret leqallaşdırma və ya terrorçuluğun maliyyələşdirilməsi faktının aşkar edilməməsi, barəsində icraat aparılan şəxsi inzibati məsuliyyətdən azad etmir, çünki xətanın obyektiv cəhəti məhz qanunla müəyyən edilmiş qaydada daxili nəzarət sisteminin qurulmamasıdır. Törədilmiş xətadan sonra pozuntuların aradan qaldırılmasına yönəlmiş addımların atılması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər, lakin bu, törədilmiş inzibati xətanın mövcudluğu faktını və şəxsin təqsirini aradan qaldırmır. Çünki hüquqi məsuliyyət xətanın törədildiyi anın hüquqi vəziyyətinə əsasən yaranır. Subyektiv cəhətdən, Şəxs, "xxxx" ASC-nin baş direktoru olaraq, İXM-in 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs statusuna malikdir. Vəzifəli şəxs qismində o, təmsil etdiyi hüquqi şəxsin fəaliyyətinin qanunvericiliyin, o cümlədən ƏL/TMM sahəsindəki normativ-hüquqi aktların tələblərinə tam uyğun təşkilinə birbaşa cavabdehdir. Daxili nəzarət proqramının təşkilat daxilində tətbiq edilməməsi və ya natamam tətbiqi, onun öz vəzifə borcunu lazımınca yerinə yetirməməsi (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Bu isə onun təqsirini birbaşa sübut edir. Yəni, vəzifəli şəxs olaraq o, müvafiq nəzarət mexanizmini qurmalı və onun işləkliyini təmin etməli idi. Bu vəzifənin icra edilməməsi təqsirin mövcudluğu üçün yetərlidir. Məhkəmə, təqdim edilmiş sübutlar toplusunu, xüsusilə də Azərbaycan Respublikası Mərkəzi Bankının yoxlama aktını və hesabatını tədqiq edərək müəyyən edir ki, protokolda göstərilən çoxsaylı pozuntular (13 bənd üzrə) – ƏL/TMM siyasətinin olmaması, müştəri risk profillərinin qiymətləndirilməsi və benefisiar mülkiyyətçilərin müəyyən edilməsi qaydalarının natamamlığı, şübhəli əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməməsi, müstəqil audit mexanizminin olmaması və digər hallar bir-biri ilə sistemli əlaqədə olub, "xxxx" ASC-də daxili nəzarət proqramının faktiki olaraq mövcud olmadığını və ya formal xarakter daşıdığını təkzibedilməz şəkildə sübuta yetirir. Bu pozuntular təsadüfi və ya texniki səhvlər deyil, məhz sistemli bir yanaşmanın olmamasının nəticəsidir və maliyyə institutunun fəaliyyətini ƏL/TMM riskləri qarşısında müdafiəsiz qoyur. Qanunvericiliyin məqsədi öhdəlik daşıyan şəxslərin maliyyə sisteminin şəffaflığının və sabitliyinin qorunmasında aktiv iştirakını təmin etməkdir. Bu iştirak isə yalnız effektiv daxili nəzarət proqramlarının mövcudluğu və real tətbiqi ilə mümkündür. Odur ki, belə bir proqramın olmaması və ya formal xarakter daşıması özü-özlüyündə ictimai təhlükəlilik dərəcəsi yüksək olan bir əməldir, çünki bu, maliyyə sisteminin qeyri-qanuni məqsədlər üçün istifadəsinə şərait yaradır və dövlətin iqtisadi təhlükəsizliyinə birbaşa təhdiddir. Buna görə də, qanunverici İXM-in 598.1.2-ci maddəsində kifayət qədər ciddi sanksiya müəyyən etməklə, bu növ hüquq pozuntusunun preventiv əhəmiyyətini vurğulamışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 6.1, 9.1, 12, 17, 31.2, 76.1 və 598.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs əməlində İXM-in 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin bütün zəruri əlamətləri mövcuddur və onun təqsiri iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati tənbehin növü və həddi müəyyən edilərkən, məhkəmə törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsini, bu xətanın maliyyə sisteminin sabitliyi və şəffaflığı üçün yaratdığı potensial riskləri, Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-in 598.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ədalətli, qanuni və məqsədəmüvafiq hesab edir. Tətbiq edilən tənbehin miqdarı seçilərkən, pozuntuların sistemli xarakter daşıması, lakin eyni zamanda törədilmiş əməlin birbaşa zərərli nəticəyə səbəb olmaması nəzərə alınaraq, sanksiyanın minimum həddində cərimənin təyin edilməsi ədalət və mütənasiblik prinsiplərinə uyğun hesab olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar