Məhkəmə qərarları › İş №3(005)-2208/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2208/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2208/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 iştirakı ilə, X6 Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında” qərardaddan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar darəsinin prokuroru X3 tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardaddan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxx 2020-ci il tarixdə yol hərəkəti qaydalarını prokurorluq işçisi olduğu dövrdə pozmağı nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfındən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması fakt üzrə rədd edilməklə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Sonuncu idarədə aparılan araşdırma zamanı bütün sübutların onun inzibati məsuliyyətini təsdiq etməsinə baxmayaraq ona inzibati icraat başlanılması əvəzinə inzibati icraatın başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar xx xxxxxx 2020-ci il tarixli qərardır. Qərarın belə qəbul edilməsi nəticəsində o, hadisə barədə “FORMA 4” sənədini ala bilmir, bu səbəbdən də sığorta şirkəti həm qarşı tərəfə dəymiş, həm də onun öz avtomobilinə dəymiş zərəri ödəmir. Yekunda barəsində inzibati xəta haqqında icraatın başlanılmasının rədd edilməsi barədə qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar darəsinin prokuroru X3 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X9 tərəfindən xx xxxxx 2020-ci il tarixdə yol hərəkəti qaydalarının pozulması faktı ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti araşdırmalar idarəsi tərəfindən xidməti yoxlama aparılmış və Ə.Həsənovun əməlində cinayət hadisəsi müəyyən edilmədiyinə görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək material inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi məsələsinin həlli məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə təqdim edilmişdir. Müəyyən etmişdir ki, araşdırma aparmış şəxslər tərəfindən qanunun tələblərinə riayət olunmamış, istər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, istərsə də zərərçəkmiş şəxslər ekspertizanın təyin olunması haqqında qərardad icra olunmamışdan əvvəl tanış edilməmiş və onlara hüquqları izah edilməmişdir. Toplanmış sübutlar təhlil edilib öyrənilərkən müəyyən edilmişdir ki, X6 hadisənin qarşısını almağa texniki imkanının olması barədə məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2020-ci il tarixli 8/678 №li rəyi proses iştirakçılarının hüquqları pozulmaqla qanuna zidd olaraq əldə edilmişdir. Ona görə də, həmin rəy şəxsin təqsirini müəyyən edən sübut kimi qiymətləndirilə bilməz və Ə.Həsənovun təqsirli olması barədə şübhələr onun xeyrinə həll edildiyinə görə sonuncunun əməlində inzibati xətanın tərkib əlamətlərinin olmaması toplanmış materiallarla öz təsdiqini tapmış, bu səbəbdən X9 barəsində inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad qəbul edilmişdir. Qərardadı qanuni hesab edir və şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti araşdırmalar idarəsinin böyük prokuroru X4 tərəfindən 02c/20 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327-ci maddəsinə əsasən sürücü X6 əməlində inzibati xəta tərkibinin əlamətləri olmasını nəzərə alınaraq, Əsgər Həsənov barəsində inzibati icraatın başlanması məsələsinə baxılması üçün material Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir; Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar darəsinin prokuroru X3 tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardaddan görünür ki, xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X6 barəsində inzibati xəta haqqında işin başlanması rədd edilmişdir. Qeyd edilən qərarların məzmunundan müəyyən edildiyi kimi, xx xxxxx 2020-ci il tarixdə, saat 17:18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasının qarşısında sürücü X9 idarə etdiyi “Gac Ga4” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni əhəmiyyətli yolayrıcına 10 km saat sürətlə daxil olarkən, sağ tərəfdən həmin yolayrıcına 30 km saat sürətlə daxil olan sürücü X5 idarə etdiyi “VAZ-21214” markalı, **- FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “VAZ- 21214” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5, həmin avtomobildə olan sərnişinlər X7 və X1 yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Araşdırma zamanı müvafiq ekspertizalar keçirilərək rəylər əldə olunmuşdur. İXM-in: 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir; 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2- 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538- 1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Göründüyü kimi, inzibati qanunvericilik prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarın qəbul edilməsi mümkün olan inzibati xətaların dairəsini müəyyən etmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti araşdırmalar idarəsinin böyük prokuroru X4 tərəfindən cinayət işinin başlanması rədd edilərək X6 İXM-in 327-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, İXM-in göstərilən maddəsi yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara aiddir və həmin xətalara dair inzibati xəta haqqında icraatın başlanması və ya rədd edilməsi səlahiyyəti qanunvericiliklə prokurora aid edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 25ci bəndinə İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Baş Dövlət X14 rəisi, onun müavinləri, Baş Dövlət X14 Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X14 rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri, dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət X14, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları tərəfindən tərtib edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X6 İXM-in 327-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair icraatın başlanıb-başlanılmaması prokurorun səlahiyyətinə aid olmadığından, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar darəsinin prokuroru X3 tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardad əsassız və qanunsuzdur. Bu səbəbdən sözügedən qərardad ləğv olunmalı, material inzibati icraat başlanması məsələsinə baxılması üçün aidiyyəti orqana göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar