Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2210/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbaslı Pərvanə Ehtibar qızının katibliyi, Şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili “Faiq Nağıyev və Partnyorları” vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 29 may 2025-ci il tarixli, MN 18700779 nömrəli qərarından X5 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Kılınc Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 29 may 2025-ci il tarixli, MN 18700779 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 may 2025-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. Əmək Müfəttişliyi hesab etmişdir ki, X1 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam veriləndə, həmin Məcəllənin 83.4-cü maddəsinin tələbləri pozularaq, son haqq-hesab ödənilməmişdir. Hesab ediri ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, X3 ilə “X9 inşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 13.05,2024-cü il tarixli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş qrafiki olmuş (həftənin beş günü iş saatı 10:00-18:00, nahar vaxtı 13:00- 14:00, şənbə günü 10:00-16:00) və əməyinin ödənilməsi forması vaxtamuzd olmaqla, 841.14 manat əmək haqqı ilə şirkətdə tikintidə usta vəzifəsinğə xx.xx.2024-cü il tarixdən işə başlamışdır. Daha sonra, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilsə də, son haqhesab ona xx.xx.2025-ci il tarixdə ödənilməsinin əsas səbəbi ondan ibarətdir ki, şirkətin hesabında həmin gün vəsait olmadığı üçün yalnız, xx.xx.2025-ci il tarixdə şirkət tərəfindən ödənişin həyata keçirilməsinə müvəffəq olunmuşdur. Eyni zamanda, işçiyə son hqahesabın 2 gün gecikmə ilə ödənilməsinin səbəbi, həmin vaxt Ramazan Bayramı ilə əlaqədar iş günü olmadığına təsadüf etmişdir. Bu səbəbdən hesab edirik ki, Azərbaycan Respublikasının Əmək və Sosia Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 52.4-cü maddəsi üzrə 29 may 2025-ci il tarixli ******* saylı qərarı əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, qərar onlara xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilib bu səbəbdən onlar tərəfindən prosessual müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən X4 Kılıncın nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək əmək haqqının gecikməsinin şirkətdən asılı olmayan səbəblərdən, yəni bank tərəfindən şirkətin balansına pul köçürülmədiyi səbəbindən baş verdiyini bildirmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 9.19 nömrəli Əmrdən görünür ki, "Ofis" bölməsində "usta köməkçisi" vəzifəsində işləyən X3 ilə bağlanılmış 7KKCNFP000900 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."b" – işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 18 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. "xxxx" ASC-yə məxsus əmək haqqı üzrə çıxarışdan görünür ki, X1 mart ayı üzrə əmək haqqı xx.xx.2025-ci il tarixində ödənilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 172.3-cü maddəsinə əsasən əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. 172-ci maddəsinin Qeyd hissəsinə əsasən “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İşin materialları və məhkəmə iclasında iştirak edən tərəfin izahatları hərtərəfli, tam və obyektiv tədqiq edilərək, məhkəmə şikayətin təmin edilməməli olduğu qənaətinə gəlir. Məhkəmə, İXM-nin 84.1-ci maddəsinə uyğun olaraq, işdə olan sübutları öz daxili inamı ilə qiymətləndirərək müəyyən edir ki, X4 Kılınc tərəfindən törədilmiş inzibati xəta faktı öz təsdiqini tapmışdır. Həmin xəta Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinin imperativ tələbinin pozulmasında, yəni işçiyə son haqq-hesabın əmək müqaviləsinə xitam verildiyi gün deyil, daha gec tarixdə ödənilməsində ifadə olunur. Bu əməl, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhətini tam əhatə edir. Şikayətçinin nümayəndəsi tərəfindən irəli sürülən dəlillər, yəni son haqq-hesabın ödənilməsinin gecikməsinin şirkətin bank hesabında vəsaitin olmaması və həmin dövrün bayram günlərinə təsadüf etməsi ilə əsaslandırılması, məhkəmə tərəfindən hüquqi cəhətdən əsassız sayılır. İlk növbədə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsi işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə əmək haqqını qanunla müəyyən edilmiş müddətlərdə ödəmək vəzifəsini qeyd-şərtsiz olaraq təsbit edir. Bu, işəgötürənin birmənalı öhdəliyidir və onun icrasını hər hansı daxili maliyyə çətinlikləri ilə şərtləndirmək yolverilməzdir. Həmin Məcəllənin 172-ci maddəsinin “Qeyd” hissəsi, işəgötürənin təqsirini istisna edən hallar kimi yalnız onun iradəsindən kənar, xarici amilləri (məsələn, bankın qanunsuz hərəkətləri) nəzərdə tutur. Hazırkı işdə isə şikayətçi tərəfindən belə bir halın mövcudluğu sübuta yetirilməmiş, sadəcə maliyyə çatışmazlığına istinad edilmişdir. İkinci olaraq, ödəniş gününün bayram gününə təsadüf etməsi ilə bağlı dəlil də hüquqi əsasdan məhrumdur. Belə ki, Əmək Məcəlləsinin 172.3-cü maddəsi aydın şəkildə müəyyən edir ki, əmək haqqının verilməsi günü istirahət və ya iş günü hesab edilməyən bayram gününə təsadüf etdikdə, ödəniş bilavasitə həmin günlərdən əvvəlki iş günündə həyata keçirilməlidir. Bu normanın tələbi, işəgötürənin üzərinə ödənişləri qabaqcadan planlaşdırmaq və işçinin sosial təminat hüququnun fasiləsizliyini təmin etmək vəzifəsini qoyur. Məhkəmə iclasında iştirak edən nümayəndə əmək müqaviləsinə xitam verilməsindən 15 gün əvvəl işçiyə məlumat verildiyini və bu barədə hazırlıqlı olduqlarını səmimi şəkildə etiraf etmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, 1 aprel 2025-ci il tarixi də qeyri-iş günü yox, iş günü olmuş və həftənin çərşənbə axşamına təsadüf etmişdir. Nəticə etibarilə, şikayətçi tərəfindən irəli sürülən heç bir dəlil, onun qanunla müəyyən edilmiş vəzifəni yerinə yetirməməsini üzrlü hesab etmək üçün əsas ola bilməz. Hüquqi şəxsə rəhbərlik edən vəzifəli şəxs olaraq X6, əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına birbaşa məsuliyyət daşıyır və onun əməlində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin bütün elementləri – həm obyektiv (əmək haqqının vaxtında ödənilməməsi), həm də subyektiv (təqsir) cəhəti mövcuddur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən, qərarın ləğvi üçün həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edilməlidir. Lakin, hazırkı iş üzrə inzibati orqan tərəfindən qəbul edilmiş qərarda belə bir fundamental pozuntu aşkar edilməmişdir. Səlahiyyətli orqan tərəfindən tətbiq edilmiş cərimənin məbləği də İXM-nin 192.4-cü maddəsinin sanksiyası çərçivəsində müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əmək qanunvericiliyinin işçinin əmək haqqı və digər ödənişlərinin vaxtında ödənilməsinə dair normaları onun Konstitusiyanın 29-cu maddəsi ilə təminat verilən mülkiyyət hüququnun təzahürüdür və bu hüququn qorunması dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu hüququn pozulmasına görə məsuliyyətin labüdlüyünün təmin edilməsi qanunçuluğun və sosial ədalətin bərqərar olmasına xidmət edir. Göstərilənlərə əsasən, məhkəmə X4 Kılıncın şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayətini təmin edilməli hesab etmir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Kılıncın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 29 may 2025-ci il tarixli, MN 18700779 nömrəli qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2210/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2210/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver