Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2226/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin nümayəndəsi X13, “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırmışdır ki, DƏMX-nin X6 ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə “X12” MMC-nin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 3000 manat məbləğində cərimə edilmişdir. Qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, qərarda göstərilir ki, guya X14, X15 və digərləri işə cəlb edilmiş, lakin onlarla əmək müqaviləsi bağlanmamışdır. Adları qeyd edilən şəxslər şirkətdə işləməmiş, işə cəlb edilməmiş, şirkətin qanuni təmsilçisi tərəfindən onlara hər hansı işin icrası tapşırılmamışdır. Əgər həmin adamlar işə cəlb ediliblərsə əmək haqqı hansı qaydada ödənilib? Bu barədə hansı sənəd var? Hansı kartdan karta pul köçürülməsi, whatsap yazışmasına niyə istinad edilməyib qərarda? Axı bu boyda müddət bir insanı işlədib necə iz qoymamaq olar, kartdan karta pul atmamaq olar? Axı bu günkü reallıqda qeyd edilənlər sübut olunmalıdır. Yalnız sözlə kimsəni təqsirli bilmək olmaz. Cərimə məbləği isə az deyil. 20000 manat və 3000 manat cərimə şirkətin fəaliyyətinin çöküşü deməkdir. Digər qərardan şikayətə Apelyasiya Məhkəməsində baxılır. Bunun üçün əsas olmadan cərimə tətbiq etmək olmaz. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin nümayəndəsi X24 müvafiq sənədləri məhkəməyə təqdim edərək vəzifəli şəxs barəsində qəbul edilmiş qərarın əsaslı olduğunu bildirmiş, şikayətin təmin olunmamasını xahiş etmişdir. Belə ki, “X12” MMC barəsində eyni inzibati xəta üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxs 20000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bu qərardan verilən şikayətə Şirvan Apellyasiya Məhkəməsinə verilmiş şikayət xx.xx.2025-ci il tarixli qərarla təmin edilməyərək apellyasiya şikayətinə münasibətdə Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Saatlı rayonu, Sarıcalar kəndində yerləşən çörək bişirmə sexində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-nin işəgötürəni X21 tərəfindən Ailə Məhərrəmova, Nailə Alışova və digər şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə “X12” MMC-nin direktoru X21 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(055)-323/2025 saylı qərarından görünür ki, eyni inzibati xətaya görə hüquqi şəxs “X12” MMC Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-323/2025 nömrəli qərarından görünür ki, hüquqi şəxs “X12” MMC-nin nümayəndəsi X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(055)-323/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş X10, X16, X3, X17, X11, X4 Saatlı rayon prokurorluğuna verdikləri izahatın məzmunundan görünür ki, Saatlı rayonu, Sarıcalar kəndində yerləşən “X12” MMC-yə aid çörək bişirmə zavodunda Akim Rəcəbov tərəfindən işə götürülmüş və işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Onlarla əmək müqaviləsi bağlanmamışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyinin hüquqi əsasları: Məhkəmə, işdə iştirak edən səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qanunvericiliyin tələblərini, eyni inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş X7 direktoru olduğu “X12” MMC barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, X21 qanuni və əsaslı olaraq Azərbaycan İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Mil-Muğan regional idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının işin faktiki halları hissəsindən görünür: "X12” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması - inzibatı xəta haqqında protokol, şahid ifadələri, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, xx.xx.2025-ci il tarixli “Elektron Prokurorluq informasiya Sistemi” vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokol, xx.xx.2025-ci il tarixli 3-21-2-12/2-23374/2025 saylı məktub, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, “X12” MMC-nin nəzdində Saatlı rayonu Sancalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin sentyabr-dekabr aylarında yəni 4 ay fəhlə (çörək yığan) işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 20-dən səhər saat 04-dək işləmiş onunla əmək müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 izahat verərək bildirmişdir ki, "X12" MMC-nin nəzdində Saatlı rayonu Sancalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin noyabr və dekabr ayında 2 ay çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 7-dən səhər saat 7-dək işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, "X12" MMC-nin nəzdində Saatlı rayonu Sancalar kəndində yerləşən çörək zavoduna 2025-ci ilin fevral ayından mart ayinədək texnik işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, onunla əmək müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, "X12” MMC-nin nəzdində Saatlı rayonu Sarıcalar kəndində yerləşən çörək zavoduna 2022-ci ilin dekabr ayında 15-20 gün əvvələdək çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq əməkhaqqısı 450 manat olmuş, iki növbəli yəni səhər saat 08-dən saat 13-dək, axşam saat 08-dən səhər saat 03-dək işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 izahat verərək bildirmişdir ki. "X12” MMC-nin nəzdində Saatlı rayonu Sancalar kəndində yerləşən çörək zavoduna 2024-cü ilin oktyabr ayından 2025-ci ilin fevral ayının 5-dək tarixədək çörəkbişirən işləmiş, onu işə Akim adlı şəxs götürmüş, aylıq 300 manat əməkhaqqına razılaşmış, həftənin hər günü gecə növbəsində axşam saat 8-dən səhər saat 7-dək işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, “X12” MMC tərəfindən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X16, X14, X11, X9 və X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Elektron Prokurorluq informasiya Sistemi" vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X12 MMC-ə məxsus şirkət işçi məlumatlarından X27 (fəhlə) və X5 (direktor) başqa hər hansı aktiv əmək müqaviləsi mövcud deyildir. X1, X14, X3, X11 və X9 “X12’' MMC-də əmək müqaviləsi bağlamaqla hər hansı vəzifədə rəsmi qaydada işləməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş, xx.xx.2025-ci il tarixli 3-21-2-12/2-23374/2025 saylı məktubunda göstərilir ki, “X12" MMC xx.xx.2006- cı il tarixdə 0606-S4-454 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2016-cı il tarixdə isə ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi X18, rəhbəri X21, nizamnamə kapitalı 4 manat, hüquqi ünvanı isə ünvan 1dən hüquqi şəxsin əsas fəaliyyət növü çörək istehsalı (1071003)", digər fəaliyyət növü isə "Pendir və kəsmik istehsalı (1051201)” kimi qeyd olunmuşdur. "X12” MMC-nin sahibkarlıq fəaliyyəti hazırda aktiv vəziyyətdədir. Apellyasiya icraatında aparılan araşdırma nəticəsində belə qənaətə gəlinir ki, “X12” MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar müəyyən etmiş və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmiş, "X12” MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq edilmişdir. İşin faktiki hallarının və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmə əsaslarının eyniliyini, eyni məsələ barədə preyudisial əhəmiyyətə malik yuxarı instansiya məhkəməsinin qüvvədə olan və qəti qərarının olması nəzərə alınaraq qeyd edilməlidir ki, yuxarıda göstərilən qərar “X12” MMC-nin direktoru X21 barəsində eyni əsaslarla Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, X21 tərəfindən vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən müvafiq qərar qanuni hesab edilməli və şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş vəzifəli şəxs maddənin sanksiyada nəzərdə tutulmuş aşağı həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, X7 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X6 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Mil-Muğan regional idarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2226/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2226/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver