Məhkəmə qərarları › İş №3(005)-2228/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2228/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2228/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən Şəxs İXM-in 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material xx xxxxxxx 2020-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə xüsusi icazə vərəqəsi olmadan komendant saatının tələblərini pozmuşdur. Məhkəmənin icraatına həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 02:50 radələrində Nərimanov rayonu 16-cı Polis bölməsində olarkən iş rejimini pozaraq inzibati binada polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati materiallar xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə respublika ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar Nərimanov rayonu ərazisində Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 2 saylı stasionar postda posta yaxınlaşmış taksi avtomobilini yoxlayarkən həmin avtomobilin içərisindəki 3 nəfər qadın sərnişinlərin komendant saatında çıxış üçün icazələrinin olmamaları müəyyən edilmişdir. Həmin şəxslərdən yalnız birinin, yəni Şəxs şəxsiyyətini təsdiq edən sənəd üzərində olmuş, digər iki nəfər şəxsin şəxsiyyətlərini təsdiq edən sənəd üzərlərində olmamışdır. Həmin şəxslərə barələrində müvafiq tədbirin görülməsi üçün 16-cı polis bölməsinə getmələri bildirildikdə, Şəxs avtomobildən düşərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə avtomobil yolunun ortasında dayanaraq posta çağırılmış ÇPA avtopatruluna əyləşməyərək hündür səslə polis əməkdaşlarının ünvanına söyüş söyməyə davam etmişdir. Polis əməkdaşları tərəfindən Şəxs sakitləşdirilərək avtopatrulda əyləşdirilmiş və digər 2 nəfər qadınla birlikdə 16-cı PB-yə gətirilmişdir. Lakin bölmədə də Şəxs hərəkətlərini davam etdirmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmiş, ucadan qışqıraraq nalayiq ifadələr işlətmiş. bölmənin divarından asılmış lövhələri çıxararaq yerə çırpmış və sındırmışdır. Onun bu hərəkətləri barədə müvafiq akt tərtib edilmişdir. Bundan başqa hadisə yerinin videogörüntüsü də çıxarılmış və iş materiallarına əlavə olunmuşdur. Göstərilənlərə əsasən vətəndaş Şəxs barəsində İXM-in 517-2.1 və 535.1-ci maddələri ilə tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Son olaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 00:00 radələrində rəfiqələri ilə taksidə hərəkət edərkən Nərimanov rayonu Atatürk prospekti 29 ünvanında komendant postunda saxlanılmışlar. Komendant saatını pozduğu üçün özünü İXM-in 517-2.1-ci maddəsi ilə təqsirli bilir. Lakin 16-cı polis bölməsində polisə hər hansı müqavimət göstərməmişdir. Əksinə, bölmədə polis əməkdaşları onu nalayiq ifadələr işlədərək təhqir etmişlər. O, nalayiq ifadə işlətməmiş, sadəcə içkinin təsiri altında olduğu üçün aqressiv müraciət etmişdir. Polis bölməsində divardan asılmış lövhələri çıxardıb yerə çırpmağı yadına gəlmir. O, bloqer kimi Ələt postundan paylaşım etdiyinə görə polis əməkdaşları ona lağ etmiş, hədlərini aşıb ona şəxsi suallar vermişlər. Komendant saatını pozduğu üçün əməlindən peşmandır. Lakin İXM-in 535.1-ci maddəsi ilə özünü təqsirli bilmir, buna görə həmin maddə ilə inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə respublika ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar Nərimanov rayonu ərazisində Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 2 saylı stasionar postda olan zaman posta yaxınlaşmış taksi avtomobili yoxlanılarkən həmin avtomobilin içərisindəki 3 nəfər qadın sərnişinlərin komendant saatında çıxış üçün icazələrinin olmamaları müəyyən edilmişdir. Həmin şəxslərə barələrində müvafiq tədbirin görülməsi üçün 16-cı polis bölməsinə getmələri bildirilmişdir. Daha sonra onlar 16-cı PB-yə gətirilmişlər. Şəxs bölmədə də aqressiv hərəkətlərini davam etdirmişdir. İçkili olduğu üçün Şəxs nə etdiyini bilməmiş, bölmədə də nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində İXM-in 517-2.1-ci maddəsi ilə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini və həmin Məcəllənin 535.1-ci maddəsi ilə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 2 nömrəli stasionar postun rəhbər şəxsi, Nərimanov RPİ-nin baş müstəntiqi Pərviz Məmmədov tərəfindən Nərimanov RPİ-nin 16-cı PB-nin rəhbərliyinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə respublika ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar Nərimanov rayonu ərazisində 2 saylı Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən stasionar postda rəhbər şəxs kimi xidmətdə olan zaman posta yaxınlaşmış taksi avtomobilini yoxlayarkən həmin avtomobilin içərisindəki 3 nəfər qadın sərnişinlərin komendant saatında çıxış üçün icazələrinin olmamaları müəyyən edildi. Həmin şəxslərdən yalnız birinin, Şəxs şəxsiyyətini təsdiq edən sənəd üzərində olmuş, digər iki nəfər şəxsin şəxsiyyətlərini təsdiq edən sənəd üzərlərində olmamışdır. Həmin şəxslərə barələrində müvafiq tədbirin görülməsi üçün 16-cı polis bölməsinə getmələri bildirildikdə, Şəxs avtomobildən düşərək bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə avtomobil yolunun ortasında dayanaraq posta çağırılmış ÇPA avtopatruluna əyləşməyərək hündür səslə polis əməkdaşlarının ünvanına söyüş söyməyə davam etmişdir. Tərəflərindən Şəxs sakitləşdirilərək avtopatrulda əyləşdirilərək 2 nəfər qadınla birlikdə 16-cı PB-yə gətirilmişlər. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur; Nərimanov RPİ-nin 16-cı PB-nin məsul növbətçi əvəzi Rəşad İsmayılov tərəfindən bölmənin rəhbərliyinə ünvanlanan xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 00:00 radələrində Nərimanov rayonu, Atatürk prospekti 29 ünvanında müvəqqəti quraşdırılmış komendant postunda yoxlanılarkən xüsusi icazə vərəqələri olmayaraq komendant rejimi qaydasını pozduğuna görə vətəndaş X6, X2 və Şəxs PB-nə gətirilmişdir. Araşdırma zamanı sərxoşluq dərəcəsi yoxlanılması üçün tibbi müayinədən keçirilərək tibbi protokolları alınmışdır. Hər biri barəsində İXM-in 517-2.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Lakin həmin şəxslərdən biri xx.xx.1991-ci il təvəllüdlü Şəxs saat 02:45 radələrində növbətçi hissənin iş rejimini pozaraq, bölmədə olan əməliyyat qrupunun üzvlərinin və ümümi DİN-in ünvanına nalayiq ifadələrlə söyüş söyərək təhqir etmiş, bundan əlavə PB-nin inzibati binasının divarlarında asılmış lövhələri divardan çıxararaq yerə çırparaq sındırmışdır. Vət.Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq səs küy salaraq öz əməlindən əl çəkmirdi. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alıb Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə gecə saat 00:10 radələrində PB-yə gətirilmiş üç nəfər qadın - Şəxs, X6 və X1 rejimini pozmuşlar. PB-də xx.xx.1991-ci il təvəllüdlü Şəxs növbətçi hissənin iş rejimini pozmuş, polisin ünvanına nalayiq söyüşlər söyərək bölmənin divarına asılmış lövhəni çıxararaq yerə çırpmış və sındırmış, polisin qanuni tələbinə qəsdən tabeçilik göstərməmişdir; 2/10084 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğunun dərəcəsi yüngül olmuşdur; “İnzibati qaydada tutma haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:35-də inzibati qaydada tutulmuşdur; Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, polis bölməsində Şəxs və bir nəfər qadın xidməti otağın qapısınının ağzında dayanmış, bir nəfər qadın isə həmin otaqdan çıxarkən Şəxs onlara otaqdan çıxmağı, qürursuz olmamağı bildirir. Polis əməkdaşı sakit səslə rus dilində ona səhv etdiyini bildirdikdə Şəxs birdən-birə aqressiv şəkildə yüksək səslə qışqırmağa başlamış, nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri inzibati xəta haqqında protokollar, şahid izahatı, hadisə yerinin videogörüntüsü və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 517-2.1 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan digər sübutlarla müəyyən edildi ki, Şəxs sərxoş halda xx xxxxxxx 2020-ci il tarixdə onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Hadisə yerinin videogörüntüsündən və təqdim edilmiş fotoşəkildən göründüyü kimi, Şəxs yüksək səslə nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və polis bölməsinin divarından asılmış lövhəni yerə çırparaq sındırmışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Qeyd edilənlərə əsasən, məhkəmə Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Onun göstərilən maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapmışdır. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə hərbi vəziyyət dövründə komendant saatı vaxtında küçədə olmuş, bununla da Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli, 1166 nömrəli Fərmanının tələblərini pozmaqla İXM-in 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İXM-in 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli, 1166 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin; 2-ci bəndinə əsasən hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin; 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə: - şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; - xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli qismən etiraf edib peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar